Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Mehriban Əliyeva: "Muğam gözəlliyin və məhəbbətin rəmzidir"


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Muğam aləmi” ilk beynəlxalq festivalının İslam mədəniyyətinin paytaxtı Bakıda keçirilməsi YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil edilən Azərbaycan muğamının böyük dəyərlərə malik olduğunu təsdiqlədi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.

Milli mədəniyyətimizin inkişafına, təbliğinə diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilir.

24 tanınmış, korifey xanəndənin ifasında səslənən muğamların toplandığı ”Qarabağ xanəndələri” musiqi albomunun nəşri kifayətdir ki, dünya xalqları Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixi barədə ətraflı məlumat alsın. Bacarıqları, misilsiz ifaları ilə əsrlərdən bəri qorunub saxlanılan muğam sənətinin sehrini indiki nəslə ərməğan edən ustad sənətkarlar, xanəndələr, bir sözlə, bu el sənətini yaşadanlar haqqında ətraflı məlumatı oxuculara çatdıran bu albom qiymətli və zəngin mədəni irsdir. “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri Azərbaycan xalqına məxsus zəngin sənətin təbliğində böyük əhəmiyyətə malikdir.

Azərbaycana məxsus muğam sənətinin qorunub saxlanılması, eyni zamanda təbliği məqsədilə nəzərdə tutan “Muğam-irs”, “Muğam dəstgah”, “Muğam-Antologiya” layihələri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüs və xidmətlərinin nəticəsidir. Görülən işlərin davamı kimi maraq doğuran, dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə təşkil edilən televiziya muğam müsabiqəsi demək olar ki, dünyanın hər yerində izlənildi və tamaşaçı rəğbəti qazandı. Azərbaycanda analoqu olmayan və Şərq xalqlarına məxsus muğamın yaşadılması üçün nəzərdə tutulan, milli köklərə bağlılığı ifadə etməklə müasirlik, yenilik aşılayan Muğam Mərkəzinin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən misilsiz xidmətlərin davamıdır.

Milli və tarixi adət-ənənələri mərasimlərində yaşadan Novruz bayramı ərəfəsində keçirilən “Muğam aləmi" Beynəlxalq Musiqi Festivalı-2009-un təşkili ilə dünya xalqlarının diqqəti Şərq ilə Qərbin qovşağında yerləşən və sivilizasiyaları birləşdirən Azərbaycana yönəldi.

Martın 18-25-də keçirilən biri-birindən maraqlı mərasimlər, elmi simpoziumlar muğam sənətinin təntənəsinə çevrildi.

“Muğam aləmi” beynəlxalq festivalın rəsmi açılışında çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi muğam Azərbaycanın milli sərvətidir: Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillə bağlıdır. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün ən önəmlisi, ən əzizi milli dəyərlərimizdir. Azərbaycan dəyərləridir.

Muğam festivalının məhz Azərbaycanda, İslam mədəniyyətinin paytaxtı Bakıda keçirildiyini tarixi və önəmli hadisə adlandıran Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. “Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur və inkişaf etdirilir. Azərbaycanı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil. Təsadüfü deyil ki, birinci beynəlxalq muğam festivalı məhz Azərbaycanda bu gözəl Muğam Mərkəzində keçirilir.”

Festival çərçivəsində keçirilən elmi simpoziumda maraqlı çıxışı ilə diqqəti cəlb edən və müxtəlif ölkələrdən muğamın sehrinə yığışan qonaqlara bir daha Azərbaycan xalqına xas, eyni zamanda bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığı barədə açıqlama verən Mehriban xanım Əliyeva vurğuladı ki, belə bir festivalın keçirilməsi muğamsevərlər üçün fəxrdir: “Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərqin arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır.”

Muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz oluna bilməməsini diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: “Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.

Təsadüfi deyil ki, Azərbaycan muğamı 2003-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıbdır. “Bizim üçün muğam sənəti tarixinin hər səhifəsi, hər anı çox əzizdir, doğmadır” söyləyən Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi Azərbaycan musiqi mədəniyyətinin elə bir janrı yoxdur ki, orada muğamın təsiri hiss olunmasın. Çünki muğam tarixi minillərlə hesablanan və qədim mədəni irsə malik bir xalqın ruhundan qaynaqlanan, insanlara xeyirxahlıq, mətanət əxz edən ölməz, əbədiyaşar sənətdir.

Mərasimlərdə iştirak edən YUNESKO-nun baş direktoru Koişiro Matsuura Bakıda keçirilən “Muğam aləmi” festivalının bütün dünya xalqları üçün tarixi hadisə olduğunu təsdiqlədi: Beynəlxalq ictimaiyyət arzulayır ki, qeyri-maddi mədəni irsin qorunması üçün səylər birləşdirilsin və bütün ölkələr davamlı şəkildə birgə işləsinlər. Sərhədlər silinməli, insanlar bəşəri mədəni irsin qorunması, mədəniyyətin müxtəlifliyinin qorunması üçün çalışsınlar: “Bu baxımdan bizim təşkilat bu ölkələrin, o cümlədən sizin ölkənizin dəyərli səylərini alqışlayır və istəyir ki, nəinki gənc muğam istedadlarının, o cümlədən digər incəsənət nümayəndələrinin işinin, fəaliyyətinin daha da yaxşı şəkildə təşviq olunması üçün əlavə işlər görülsün”.

Tədbirlərdə iştirak edən ifaçılar 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunan Bakıda dünya mədəniyyətinin şah əsəri sayılan muğamın ecazkarlığını nümayiş etdirməklə hamını heyrətləndirdilər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq festivalda iştirak edən 40-dan artıq ölkənin ifaçıları, tamaşaçıları, dinləyiciləri “məqam” anlayışına şamil olunan muğam dünyasının sirli aləminə apardı.

Heydər Əliyev Sarayında keçirilən “Muğam aləmi”nin sonuncu günü əsl mənada bayram təntənəsinə çevrildi. Tanınmış ustadların ifasında səslənən muğamlarda sözlə musiqinin vəhdəti, illərdən bəri qorunan bu xəzinədə toplanan incilərin hikməti hamını sehirlədi.

“Çahargah”ı araram “Şur”da dayansam,

“Şuri-sahnaz” ilə dindirin məni.

Əgər “Segah”da alışıb yansam,

Yanar “Şüştər” ilə söndürün məni

“Humayın” artırır kədəri, ahı

“Rast”a düz deyiblər muğamlar şahı.

Ölüncə dinləyib “Yetim segah”ı

Sonra cənazəyə mindirin məni

“Zabul” yaylam olsun, “Şur” nəvazişim,

“Bayatı-Qacar”la hələ var işim,

Deyirəm, bir az da “Dilkəş” gəzişim,

Sonra məzara endirin məni.

Əgər məzarda alışıb yansam

“Bayatı-Şiraz”la söndürün məni.

Bir-birini əvəz edən ifaçıların hər biri muğamların nəyə qadir olduğunu göstərməyə çalışdı. Məqsəd bu idi ki, avropalı olsalar da Şərq musiqisinə maraq göstərən qonaqlarda da muğama, müxtəlif xalqlara məxsus improvizələrə maraq yaransın, onun bəşəri dəyərləri, insanlara mərdlik, mübarizlik, mərhəmət, dəyanət aşılayan ruhu hiss olunsun.

Bir həftə davam edən beynəlxalq festivalın mahir muğam ifası üçün nəzərdə tutulan ən yüksək “Qran-pri” mükafatının azərbaycanlıya - Təyyar Bayramova nəsib olması bir daha göstərdi ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi muğamın ana vətəni Azərbaycandır.


Xuraman İsmayılqızı

İki sahil.- 2009.- 1 aprel.- № 58.- S. 3.