Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev fondunun Zaqatala məktəblilərinə hədiyyəsi


Yeni dərs ilinin ilk günü Zaqatala rayonunun təhsil işçiləri üçün olduqca əlamətdar və yaddaqalan olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Zaqatala şəhərindəki 1 nömrəli orta məktəbin binası tamamilə yenidən tikilərək istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən təntənəli mərasimi giriş sözü ilə açan məktəbin direktoru Fatma İsrafilova rayonun təhsil sistemində özünəməxsus ənənələri ilə seçilən, yüzlərlə tanınmış elm xadiminin, cəmiyyətimizdə fəal mövqe tutan insanların, ziyalıların təhsil aldığı bu qocaman tədris ocağının yeni binasının istifadəyə verilməsini rayonun həyatında çox əlamətdar hadisə kimi qiymətləndirmiş, bu dəyərli hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktəb kollektivi adından dərin minnətdarlığını bildirmişdir.

Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Rəhimov, təhsil şöbəsinin müdiri Tahir Məmmədov və digər natiqlər çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində başladığı məqsədyönlü fəaliyyətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, təhsilimizin inkişafına böyük diqqət göstərildiyini xüsusi vurğulamış, məktəbin tikintisinə göstərdiyi qayğıya görə Dövlət Neft Şirkətinin, onun Boru Kəmərləri İdarəsinin rəhbərliyinə, tikinti işlərini yerinə yetirən 13 nömrəli Təmir Tikinti Trestinin kollektivinə zaqatalalılar adından təşəkkür etmişlər.

Dövlət Neft Şirkətinin idarə rəisi dövlətimizin başçısının təbrikini və xoş arzularını zaqatalalılara çatdırmış, məktəb kollektivinə yeni tədris ilində yüksək uğurlar arzulamışdır.

Sonra mərasim iştirakçıları məktəbin yeni binası ilə tanış olmuşlar. Yararsız vəziyyətdə olan köhnə məktəb binasının yerində müasir standartlara uyğun tikilmiş ikimərtəbəli yeni binada 50 sinif otağı, fənn kabinetləri, kitabxana, idman salonu vardır. Məktəbin geniş foyesində ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini, habelə respublikamızın müasir həyatını əks etdirən fotoguşələr təşkil edilmişdir, 120 nəfər pedaqoji işçinin çalışdığı yeni məktəbdə 900-dək şagird təhsil alır.


Xalq qəzeti.- 2005.- 17 sentyabr.- № 216.- S. 4.