Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Bakı 2014-cü ildə bədii gimnastikanın paytaxtıdır


Xəbər verildiyi kimi, bu il iyunun 13-dən 15-dək Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcəkdir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avropa birinciliyinə hazırlıq məsələləri və yarışların loqotipinin təqdimatı çempionatın keçirilməsi üzrə təşkilat komitəsinin sonuncu iclasının diqqət mərkəzində olmuşdur.

Qeyd olunmuşdur ki, “BAKU 2014” çempionatının rəsmi loqotipi yalnız tədbirin özünü deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın paytaxtını irəli çəkən brenddir. Loqotipdə təsvir olunmuş halqa ilə qız çempionatın mahiyyətini əks etdirir və 2014-cü ildə bədii gimnastika üzrə Avropanın paytaxtı kimi Bakının statusunu möhkəmləndirir. Dənizin rəngi Xəzərin sahilində Bakının coğrafi mövqeyinə görə brendin rəngi kimi seçilmişdir.

Xatırladaq ki, Avropa çempionatı Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığında inşa edilən Milli Gimnastika Arenasında keçiriləcəkdir. Bu müasir tikili Bakının idman sahəsində yeni diqqətəlayiq obyektləri ilə bir sıraya daxil olacaqdır. Hazırda arenada tikinti işləri tamamlanma mərhələsindədir.

İştirakçı ölkələrin 30-dan çox nümayəndə heyəti 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları üçün yarışların keçiriləcəyi yerin yaxınlığında tikilmiş Olimpiya şəhərciyində yerləşdiriləcəkdir.

Çempionatın proqramında həm seniorların (çoxnövçülükdə fərdi final və qrup komandalarının hərəkətləri), həm də yuniorların (müxtəlif növlərdə finallar və komanda hesabı) çıxışları nəzərdə tutulmuşdur. Ümumilikdə isə Bakıda gimnastlar 9 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatını yerli, eləcə də xarici kütləvi informasiya vasitələri işıqlandıracaqlar. Mətbuat nümayəndələri (TV, jurnalistlər, fotoqraflar, elektron KİV-lər, bloqqerlər və başqaları) aşağıdakı link vasitəsilə Avropa Gimnastika İttifaqının saytında onlayn qeydiyyatdan keçə bilərlər: fedintgym.com/mediamanager.

Mətbuatdan ərizələrin qəbulu mayın 28-dək davam edəcəkdir.


AzərTAc
2014, 23 yanvar