Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Milli duyğular, bəşəri arzular


Bəşəriyyət var olan gündən xaqanların, padşahların, kralların, prezidentlərin sayı bilinməz. Amma tarixin yaddaşında dərin iz salmaq, qədirbilənlər tərəfindən tez-tez xatırlanmaq, əzizlənmək çox az şəxsiyyətə müyəssər olub. İnsanı tutduğu vəzifə deyil, xalqına, millətinə, bəşəriyyətə necə xidmət etməsi yaşadıb. Bu dünyada əbədi qalacaq və yaşayacaq ancaq xoşməramlı əməllər, nurlu ideyalar olub.

Bu cür ləyaqətli missiyanın daşıyıcıları həm də öz mənəvi ömürlərinin əbədiliyinə imza atıblar. Tarixə nəzər salsaq görərik ki, türk qadınlarının müdrikliyi, alicənablığı, mərdanəliyi, qeyrəti, qəhrəmanlığı barədə çoxlu sayda maraqlı faktlar var. Ənənələr həmişə yaşayır və o zaman da bəhrə verir, insanların həyatına nur çiləyir ki, bu xeyirxahlığın, nəcibliyin, humanizmin mayasında dayanan örnək, sözün əsl mənasında, nümunədir.

Birinci ledi! Bu kəlmələr bizim cəmiyyət üçün nisbətən yenidir, baxmayaraq ki, Qərb cəmiyyətində, Avropa ölkələrində birinci ledilərin fəal ictimai fəaliyyətə başlaması XIX əsrin ikinci yarısına təsadüf edir. Xüsusilə də ABŞ-da, Latın Amerikası ölkələrində birinci ledilər nəinki ictimai fəallıqları ilə seçiliblər, onlar həm də mühüm dövlət vəzifələrini yerinə yetiriblər. Beləliklə, birinci ledilər öz həyat yoldaşlarının ən yaxın köməkçilərinə, məsləkdaşlarına çevriliblər. Evdə həyat yoldaşı, analıq vəzifələrini yerinə yetiriblər, işdə isə rəsmi qəbullarda, xarici səfərlərdə onları müşayiət ediblər, hətta bir sıra tədbirlərin həyata keçirilməsi üçün təşəbbüskarlıq göstəriblər. Bu da faktdır ki, hər bir ölkədə birinci ledinin nüfuzu son dərəcə yüksək olur. Bu münasibət təbii və normaldır. Bununla bahəm, birinci ledinin əsas vəzifəsi ilk növbədə nümunə olmağı, öz ağlı, insanlara humanist münasibətilə seçilməyi, nəcibliyi ilə fərqlənməyi bacarmalıdır.

Etiraf edək ki, xalqımızın məmnuniyyətlə qəbul etdiyi, inandığı və sevdiyi Mehriban xanım Əliyeva bu gün, sözün əsl mənasında, humanizm və nəcibliyin örnəyi sayılır.

Elmi ədəbiyyat genlərin insan həyatındakı böyük rolunu dəfələrlə təsdiqləyib. Mir Cəlal Paşayev və Nəsir İmanquliyev kimi böyük şəxsiyyətlərin nəvəsi olmaq xoşbəxtliyini yaşamaq Mehriban xanımın dünyagörüşündə danılmaz əhəmiyyət daşıyıb. O, ömrünü ərəb filologiyasının tədqiqatına həsr etmiş, mənəvi təmizlik və paklıq keyfiyyətlərinə görə Azərbaycan qadınlarına nümunə olan Aidə İmanquliyevanın övladı olub. Azərbaycan oftalmologiya elminin banisi Zərifə xanım Əliyevanın, ümummilli liderimiz Heydər Əliyevin gəlini kimi bu mehriban ailədə formalaşmaq hələ çox gənc ikən Mehriban xanım Əliyevanın intellektual və nəcib keyfiyyətlərə malik olmasına imkan yaradıb.

On il əvvəl Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradıldı. Xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması yolunda fədakarlıq göstərən Mehriban xanım Əliyeva bir tərəfdən də mədəniyyət və incəsənət xadimlərindən öz qayğısını, xeyirxahlığını əsirgəmirdi. Ölkəmizin humanitar sahəsində göstərdiyi səmərəli fəaliyyət beynəlxalq ekspertlərin diqqətindən yayınmırdı.

2004-cü ilin yayında yaradılmış Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanda həyata keçirdiyi müxtəlif layihələr xüsusilə diqqət çəkir: "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələr, "Azərbaycan" İnformasiya portalının yaradılması, "Qarabağ xanəndələri" adlı diskin buraxılması, "Qarabağ həqiqətləri" adlı kitabın nəşri və s.

Mehriban xanım Əliyevanın yüksək işgüzarlığı, işinə ürəkdən can yandırması bu layihələrin uğurla həyata keçirilməsinə səbəb oldu. Həmişə zamanın tələbləri ilə hərəkət etməyi sevən Mehirban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizdə mədəniyyətə böyük xidmət göstərir, YUNESKO-nun xoşməramlı səfiri kimi dünyada Azərbaycanın təbliği ilə bağlı gərgin fəaliyyət göstərir. Bu, faktdır ki, son illər tarixi abidələrimizin qorunması ilə bağlı həyata keçirilən tədbirlərin əksəriyyətinin müəllifi Mehriban xanım Əliyevadır. Bununla əlaqədar çoxlu sayda nümunə gətirmək olar. Məsələn, Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, A.Şaiqin ev-muzeyinin təmiri, Bakıda Muğam evinin tikilməsi, Ü.Hacıbəyovun yubileyi ilə əlaqədar dahi bəstəkarın bütün əsərlərinin CD və DVD-də buraxılması, eləcə də 180-dən artıq orta məktəbin tikilməsi, yenidən qurulması məhz Heydər Əliyev Fondunun gördüyü nəhəng işlərin bir hissəsidir.

Milli duyğularla yaşayan, bəşəri hisslərlə düşünən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı, sözün həqiqi mənasında, canyanğısı ilə çalışır. Bakıda "Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə əlaqədar YUNESKO-da məsələ qaldıran Mehriban xanım Əliyevanın bu təşəbbüsü olduqca qiymətlidir. Və bütün fəaliyyəti boyu Şərq və Qərb mədəniyyətinin qovuşduğu Bakının dünyada tanınmasına, sevilməsinə maraq və diqqət nöqtəsində olmasına çalışan Mehriban xanım Əliyeva çoxşaxəli tədbirlərin, görüşlərin, müxtəlif mədəni proqramların təşkilatçışıdır. Bu da faktdır ki, uzun illər bəlkə də unudulmuş bir sıra milli dəyərlərin yenidən gündəmə gəlməsinə, təbliğinə, yaşadılmasına diqqətin artırılması Mehriban xanımın fəaliyyəti ilə bağlıdır. Mentalitetə bağlılıq, müasirliyə istiqamətlənmək onun həyat amalıdır! Dünənin bütün dəyərlərini unutmadan yeniləşmək!

Səmimiyyəti, insanlara xoş münasibəti, ünsiyyəti ilə seçilən Mehriban xanım Əliyevanı tez-tez uşaq evlərində, məktəblərdə, qaçqın və məcburi köçkünlər arasında, imkansızların yanında, mədəniyyət və incəsənət xadimləri ilə birlikdə, bir sözlə, müxtəlif dialoqlarda, görüşlərdə, tədbirlərdə görürük. İnsanlar ona inanır. Bir fakt deyək ki, Heydər Əliyev Fondunun prezidentinin adına hər gün 200-dən çox məktub gəlir. Konkret iş görməyi və insanlara kömək etməyi çox sevən Mehriban xanım Əliyevanın sözləridir: "...Həmişə həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur". Bu fikir ölkənin birinci xanımının daxili zənginliyindən və böyük ürəyindən xəbər verir.

Mehriban xanım Əliyevanın göstərdiyi fəaliyyət təkcə məmləkətimizin deyil, dünyanın da diqqət mərkəzindədir. Mətbuatdan xəbər verildiyi kimi, noyabr ayında Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim, professor Aidə İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının təqdimatı və fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasim keçirildi. Dünyanın 57 ölkəsini birləşdirən İSESCO kimi nüfuzlu təşkilatın səfiri olmaq həqiqətən böyük şərəfdir. İndiyə kimi bu ad cəmi 4 nəfərə verilib. Azərbaycan üçün həqiqətən də qürur gətirəcək bir hadisədir ki, İSESCO-nun xoşməramlı səfiri adı qadınlar arasında ilk dəfə olaraq Mehriban xanım Əliyevaya verilib.

Mərasim vaxtı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək demişdir: "İSESCO-nun tarixində ilk dəfədir ki, bu ad xanıma verilir. Mehriban xanım sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyətləri çərçivəsində gördüyü genişmiqyaslı işlərə görə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə verdiyi dəstəyə görə bu ada tam layiqdir... Mehriban xanıma İSESCO-nun ən yüksək adını veririk. Bu, həm İSESCO-ya, həm də islam aləminə şərəf gətirəcəkdir".

Heydər Əliyev Fondunun YUNESKO ilə birlikdə həyata keçirdiyi bir sıra xoşməramlı tədbirlər beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olmaqdadır. Yəqin ki, bu fəaliyyətin daha da genişlənməsində, islam aləmində də gerçəkləşməsində İSESCO ilə Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq yeni inkişafa qanad açacaq.


Flora Xəlilzadə

Azərbaycan.- 2006.- 30 noyabr.- № 268.- S. 5.