Çap etmək   ⁞     ⁞   Fond haqqında

Təhsilə xidmət missiyası

Bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipidir


Son dövrlər Azərbaycanın ictimai-siyasi həyatında tez-tez işlənən Azərbaycanın birinci xanımı sözlərini eşitdiyimiz zaman gözlərimiz qarşısında alicənab, qayğıkeş, yüksək mədəniyyətli, xeyirxah əməlləri ilə xalqımızın mütləq əksəriyyətinin rəğbətini qazanmış nəcib və xoş simalı bir şəxs canlanır. Bu şəxs milli - mənəvi dəyərlərimizin qorunmasında, ölkəmizdə elm, təhsil, səhiyyə və idmanın inkişafında, uşaq və gənclərimizin sağlam, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsində, əhalinin sosial cəhətdən zəif, aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox mühüm işlərə imza atan Mehriban xanım Əliyevadır.

Mehriban xanım Əliyevanın fəaliyyəti nəinki ölkəmizdə, həmçinin dünyanın ən məşhur ictimai siyasi xadimləri, beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Mehriban xanımın Azərbaycan xalqına, onun tarixi köklərinə, dilinə, mədəniyyətinə, təhsilinə, musiqisinə və s. sahələrə etdiyi alim nüfuzu və qayğıları böyük bir ordunun öz dövlətinə gətirdiyi qələbələrdən də artıqdır. Onun təşəbbüsü ilə son vaxtlar gələcəyimiz olan gənc nəslin əməli olaraq müasir təhsilin bütün atributları ilə əhatə olunmaları düşünən, həyatı dərindən dərk edən, gələcəyimizin nədən asılı olduğunu anlayan insanlara yer üzündə əvəzi olmayan qayğıdır. Hazırda bu şəxsiyyətin təşəbbüsü ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hesabına respublikamızın ayrı-ayrı rayonlarında 150-dək yeni, müasir üslublu məktəblər tikilir və təmir edilir. Bütün bu işləri Mehriban xanım təbiətən ona xas olan çox böyük nəcibliklə görür. Bu da təsadüfi deyildir, çünki onun ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev ailəsində necə böyük, məzmunlu, kamil bir məktəb keçdiyini hamı bilir. Bu həyat məktəbi Mehriban xanıma indi də kömək edir. Heydər Əliyev Azərbaycan cəmiyyətinin inkişafında təhsilin rolundan danışarkən deyirdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi.

Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik".

Heydər Əliyevin həyat təcrübəsindən yararlanan Mehriban xanım Əliyeva bu gün respublikamızın ayrı-ayrı regionlarında Heydər Əliyev Fondunun köməyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq davamlı layihələr həyata keçirir.

Bu gün bütün dünyada xeyriyyəçiliklə çoxları məşğul olur. Lakin ziyalılarımızın, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri Mehriban xanım Əliyevanın nəinki bu gün gördüyü işlərə, həm də bu işləri necə gördüyünə heyrandırlar. Bu mənəvi ülviliyin ikitərəfli əlaqəsi var. Belə ki, xeyriyyəçilik fəaliyyətinin xüsusi bir cəhəti ondan ibarətdir ki, Mehriban xanımın özü də gördüyü bu işlərlə görə mənən ucalır və çalışır ki, diqqət və qayğının yönəldildiyi və bu fəaliyyətin, missiyasının ünvanlandığı insanlar da mənən zənginləşsin, ucalsınlar. Əminliklə söyləmək olar ki, mənlik, iradə, cəsarət, işgüzarlıq, xeyirxahlıq kimi an ülvi, gözəl xüsusiyyətləri özündə cəmləşdirən Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının rəmzinə çevrilmişdir.

İnanırıq ki, bu il keçirilən parlament seçkilərində böyük səs çoxluğu ilə millət vəkili seçilən Mehriban xanım Əliyeva xalqımızın taleyüklü məsələlərinin həllində, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, inkişafı istiqamətində yüksək təşkilatçılıq bacarığı, hadisələri düzgün təhlil etmək və doğru qərar vermək, həlledici anda cəsarətli addımlar atmaqla Azərbaycanın siyasi həyatında da çox mühüm işlər görəcəkdir.


Çingiz Qasimov

İki sahil.- 2005.- 24 dekabr.- № 250.- S. 5.