Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rekord səslə deputat seçilməsini Türkiyə ictimaiyyəti böyük rəğbətlə qarşılamışdır
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə ictimaiyyəti və mətbuatı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın noyabrın 6-da keçirilmiş parlament seçkilərində rekord səslə qalib gəlməsini böyük rəğbətlə qarşılamışdır.
“Hürriyyət” qəzetinin 13 noyabr tarixli nömrəsində dərc olunmuş “Təmiz bir örnək” sərlövhəli məqalədə deyilir ki, Mehriban xanım Heydər Əliyev Fondu vasitəsilə etdiyi yardımlarla və çox yüksək biliyə və mədəniyyətə malik göz həkimi, nəcib bir qadın kimi ölkəsində çox sevilir.
Qardaş ölkənin mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton, Argentinanın sabiq birinci xanımı Eva Peron kimi görkəmli ictimai-siyasi xadimlərlə müqayisə edir. Türkiyədəki ictimai rəydə Mehriban xanımın Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasında da təmiz bir insan kimi böyük nüfuza malik olduğu vurğulanır.
Türkiyə qəzetləri siyasi şərhçi Sergey Markovun Mehriban xanım haqqında dediyi sözləri sitat gətirmişlər: “Xalq onu çox sevir. Onun gözəl və ağıllı qadın kimi çox müsbət bir imici var. Hətta müxalifətçilər belə onun barəsində mənfi fikirlər söyləmirlər”.
Mətbuatda yer almış digər bir fikir isə müxalifətçi deputat Asim Mollazadəyə məxsusdur: “Mehriban Əliyeva kimi xalqa xidmət edən insanların deputat seçilməsi məmnunluqla qarşılanır”.
AzərTAc
2005, 14 noyabr