Çap etmək   ⁞     ⁞   ISESCO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İSESKO-nun baş direktoru, İslam Konfransı Təşkilatı Gənclər Forumu idarə heyətinin sədri və Qətər Əmirinin xanımı ilə görüşmüşdür


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 2-də Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumunun idarə heyətinin sədri Əli Sarıqaya və Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə görüşmüşdür.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə Mehriban xanım Əliyevaya təşəkkür etdi.

Görüşdə İSESKO-Azərbaycan əməkdaşlığına dair fikir mübadiləsi aparıldı. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə qonağa məlumat verdi.

X X X

İslam Konfransı Təşkilatı Gənclər Forumunun idarə heyətinin sədri Əli Sarıqaya ilə görüşdə də beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğu və uğurla keçdiyi vurğulandı. Ə.Sarıqaya konfransın keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi.

Həmin gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə də görüşdü.


Xalq qəzeti.- 2007.- 3 noyabr.- S. 3.