Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib


Dünən Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) ikinci hesabat-seçki konfransı keçirilib. Konfrans AGF-nin dördillik fəaliyyətinin yekunlarına həsr edilib. Federasiyanın vitse-prezidenti Altay Həsənov hesabat məruzəsində vurğulayıb ki, İlham Əliyev 1997-ci ildə MOK-un rəhbəri seçildikdən sonra Azərbaycan idmanı sözün əsl mənasında dirçəlişi dövrünə qədəm qoydu, ölkəmizdə beynəlxalq yarışlar daha tez-tez keçirilməyə, idmançılarımız mötəbər yarışlarda qələbələr qazanmağa başladılar. İdmanın gimnastika növlərində də böyük tərəqqi baş verdi. 2002-ci ildə yenidən yaradılan Azərbaycan Gimnastika Federasiyası onun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bədii gimnastikanı, kişi idman və akrobatika gimnastikalarını, tamblinqi özündə birləşdirdi. Federasiyanın prezidenti bu idman növlərinin inkişafı və təbliği, bölgələr də daxil olmaqla, onların kütləviliyinin təmin edilməsi üçün qarşıya vəzifələr qoydu. Gimnastlara, idman mütəxəssislərinə və məşqçilərə qayğı gücləndi. Sonuncular müxtəlif seminarlarda və hakim kurslarında iştirak etməyə başladılar. Ölkədə keçirilən yarışların səviyyəsi yüksəldi, bir sıra idman salonları təmir olundu. Azərbaycanda gimnastikanın inkişafına yetirilən diqqəti Beynəlxalq Gimnastika Federasiyası yüksək qiymətləndirdi. Son üç ildə Azərbaycanda bədii gimnastika üzrə bir sıra mötəbər yarışlar keçirilib. Onlardan birincisi 2003-cü ilin avqustunda keçirilən Dünya kuboku uğrunda turnir oldu. Həmin təmirdə idmançımız Dinara Gimatova uğurla çıxış etdi və bu, bədii gimnastikanın Azərbaycanda geniş yayılmasında böyük rol oynadı. Beynəlxalq Federasiyanın qərarı ilə Dünya kubokunun növbəti mərhələləri də 2004-cü və 2005-ci illərdə Bakıda keçirilib.

Ötən ilin payızında Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı böyük əhəmiyyətli hadisəyə çevrildi. Gələn ilin yayında - iyunun 29-u - iyulun 1-də Azərbaycan paytaxtında bədii gimnastika üzrə 23-cü Avropa çempionatı keçiriləcək. Avropa Gimnastika İttifaqının nümayəndələri xüsusi vurğulayırlar ki, bu seçim Azərbaycanın xeyrinə təsadüfən edilməyib, halbuki namizədlər arasında Ukrayna, İspaniya və Türkiyə kimi güclü idman ölkələri də vardı. Bununla da, taktik olaraq, etiraf edilib ki, Bakı Avropanın bədii gimnastika mərkəzlərindən biridir. Azərbaycanda müxtəlif yarışlarda fərqlənmiş Anna Qurbanova, Aliyə Qarayeva, Zeynəb Cavadlı kimi istedadlı gimnastlar nəsli böyüyür.

Altay Həsənov Azərbaycan gimnastikasında qısa müddətdə qazanılmış uğurlara görə idman ictimaiyyəti adından federasiyanın prezidentinə minnətdarlığını bildirib. AGF İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, federasiyanın vitse-prezidenti Bəhram Nərimanov, Uşaq-gənclər idman məktəbinin direktoru Arif Qafarov, məşqçi Nurlanə Əlizadə də federasiyanın prezidenti Mehriban Əliyevanın Azərbaycanda gimnastikanın dirçəlişində xidmətlərini vurğulayıblar. Gənclər və idman naziri, MOK-un vitse-prezidenti Azad Rəhimov Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlardakı son nailiyyətlərindən, Azərbaycan Prezidenti, MOK-un rəhbəri İlham Əliyevin idmanın inkişafına göstərdiyi daimi qayğıdan danışıb. Konfransda təşkilati məsələlərə baxılıb. Mehriban Əliyeva yenidən federasiyanın prezidenti seçilib. AGF-nin vitse-prezidentlərinin, İcraiyyə Komitəsi və nəzarət-təftiş komissiyası üzvlərinin də seçkiləri keçirilib.


Xalq qəzeti.- 2006.- 28 dekabr.- № 293.- S. 3.