Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu əlil insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə yeni layihə həyata keçirir


Əlil insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə şəhərində Regional İnformasiya Mərkəzi yaradılır.

Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında yaradılan mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcəkdir.

Müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradılır. 50 adda audiokitab fonduna malik kitabxananın səsyazma studiyasının köməyi ilə daha da zənginləşdirilməsi nəzərdə tutulur.

Sürətli internetlə təmin olunmuş mərkəzdə 20 kompyuterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl displeyləri, 2 ədəd sərbəst oxuyan maşın, eləcə də Brayl printeri quraşdırılacaqdır.

Oxu maşınının vasitəsilə müxtəlif dillərdə nəşrləri səsləndirmək mümkündür. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə elektron böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompyuter oyunlarının təşkili nəzərdə tutulur. Burada əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün bütün şərait yaradılmışdır.

Regional İnformasiya Mərkəzinin internet saytı yaradılır. Burada fiziki qüsurlu insanlar lazım olan informasiyanı əldə etməklə yanaşı, saytdakı “Tanışlıq” bölməsində biri-biriləri ilə ünsiyyət qura biləcəklər.

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakını, informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, bütövlükdə yaşayış tərzinin yaxşılaşdırılmasını təmin edəcəkdir.

Layihə Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi ikinci layihədir. 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə sənədi imzalanmışdı. Layihə çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbində model İKT sinifləri yaradılmış, proqram təminatı lokallaşdırılmış, internetə çıxış, tədris-təlim proqramlarının hazırlanması, audiostudiya və kitabxananın fəaliyyəti təmin edilmişdir. Geniş zal elektron kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan kompyuterlər quraşdırılmışdır. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır.


Yeni Azərbaycan.- 2009.- 2 may.- № 81.- S. 5.