Heydər Əliyev Fondunun RF-dəkı nümayəndəliyi Sankt-Peterburqda silsilə tədbirlər keçirəcəkdir
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun mətbuat xidmətindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva fevralın 2-4-də Rusiyanın şimal paytaxtında olacaq, bir sıra tədbirlərdə iştirak edəcəkdir.
Fevralın 2-də Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi ilə Rusiya Milli Kitabxanası arasında sazişin imzalanması planlaşdırılmışdır. XIX-XX əsrlərdə çap edilmiş və Rusiya Milli Kitabxanasının fondlarında saxlanılan Azərbaycan kitablarının və ədəbi nəşrlərin sərgisinin, eləcə də Vladislav Loktevin və Sənan Ələsgərovun “Müasir Bakı” mövzusunda fotosərgisinin açılışı olacaqdır. Bu tədbirlərin hamısı Milli Kitabxananın binasında keçiriləcəkdir.
Elə həmin gün Heydər Əliyev Fondunun nümayəndəliyi “Oktyabrski” Böyük konsert salonunda Sankt-Peterburq administrasiyasının gənclərin işləri üzrə komitəsinin dəstəyi, Azərbaycan və Rusiya estrada ulduzlarının iştirakı ilə “Odlar yurdunun musiqisi” adlı konsert təşkil edəcəkdir. Konsertə Sankt-Peterburq sakinləri, Leninqradın blokadasının şahidləri, Azərbaycan diasporunun rəhbərliyi və Rusiyanın bir sıra regionlarını (Tula, Tver, İvanovo, Kostroma, Arxangelsk, Yekaterinburq) təmsil edən azərbaycanlı gənclər dəvət olunmuşlar. Konsert zamanı L.Əliyevanın Rusiya-Azərbaycan mədəni münasibətlərinin möhkəmləndirilməsi işinə töhfə vermiş istedadlı gənclərə mükafatlar təqdim etməsi nəzərdə tutulmuşdur.
Fevralın 3-də Piskaryovo memorial qəbiristanlığında ucaldılmış abidə önünə əklillər qoyulması mərasimi olacaqdır. Həmin gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binadakı xatirə lövhəsi önünə, habelə dahi Azərbaycan mütəfəkkiri və şair Nizami Gəncəvinin abidəsi önünə də gül dəstələri qoyulacaqdır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Sankt-Peterburqda uşaq evinə və məktəbə də gedəcək, tədris sistemi ilə tanış olacaq, kimsəsiz uşaqlara Heydər Əliyev Fondunun nümayəndəliyi adından hədiyyələr verəcəkdir.
Fevralın 4-də Sankt-Peterburqda akkreditə edilmiş diplomatik missiyaların başçılarının, şəhərin tanınmış elm, incəsənət və biznes nümayəndələrinin iştirakı ilə “Baku” jurnalının təqdimatına həsr edilmiş təntənəli qəbul olacaqdır.
Tədbirlərdə Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Q.Osmanov, yerli diaspor nümayəndələri iştirak edəcəklər.
Xalq qəzeti.- 2008.- 31 yanvar.- № 22.- S. 3 .
