Azərbaycan-YUNESKO əlaqələri davamlı inkişaf edir
Bu əlaqələrin genişlənməsi ölkəmizin milli-mədəni irsinin qorunmasına və təbliğinə xidmət göstərir
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin beynəlxalq arenada geniş şəkildə tanınmasına yol açdı. Məhz Ulu öndərin apardığı siyasət nəticəsində dünya birliyi Azərbaycanı tanıdı, mədəniyyətimizlə, incəsənətimizlə yaxından tanış olmaq imkanı qazandı.
Azərbaycanın YUNESKO ilə əlaqələri də məhz Ümummilli lider Heydər Əliyevin apardığı fəaliyyət nəticəsində qurulub və möhkəmlənib. YUNESKO - Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatıdır, 1945-ci il noyabrın 16-da yaradılıb. Bu təşkilatın fəaliyyətinin əsas istiqaməti təhsil, ictimai elmlər və təbiət elmləri, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib. YUNESKO 190 həqiqi və 6 müxbir üzv dövlətin təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığının inkişafına imkan yaradır, ümumi insani dəyərlərə və hər bir sivilizasiya və mədəniyyətin suverenliyinə hörmət prinsipinə əsaslanan əsl beynəlxalq dialoqa nail olmaq istiqamətində fəaliyyət göstərir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin, aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO və s.) da müqavilə əlaqələrinə malikdir. YUNESKO 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.
Azərbaycan ilk dəfə 1993-cü ilin oktyabr ayında YUNESKO Baş Konfransının 27-ci sessiyasında iştirak edib. YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. 1994-cü ildə Ulu öndərin Sərəncamı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində YUNESKO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikası YUNESKO-nun 12 Konvensiyasına qoşulub. Bunlar silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000); Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993); Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994); Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995); Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997); Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998); Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997); Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001); Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001); Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003); Qeyri-maddi-mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Konvensiyasıdır (2007).
Təbii ki, Azərbaycan-YUNESKO əlaqələrindən danışarkən ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva Azərbaycanın YUNESKO ilə əməkdaşlığının inkişafı üçün böyük əmək sərf edib. Məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın qədim və zəngin mədəniyyətinin milli çərçivədən beynəlxalq səviyyəyə çıxmasına, ümumdünya mədəniyyətinin bir parçası olmasına yaxından kömək göstərib. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilib.
2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə Mehriban xanım Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Mehriban xanım Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun da xoşməramlı səfiri adına layiq görülüb.
YUNESKO görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla da bağlı bir sıra əlamətdar tarixlər qeyd edib. 1996 - Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi; 2000 - Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi; 2001 - N. Tusinin anadan olmasının 800 illik yubileyi; 2002 - Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi; 2005 - Azərbaycanın görkəmli alimi akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi; 2006 - Azərbaycanın məşhur rəssam-xalçaçı ustası Lətif Kərimovun 100 illik yubileyi; 2008 - “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi; 2008 - Azərbaycan alimi, akademik Musa Əliyevin 100 illik yubileyi; 2008 - Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illik yubileyi, 2009 - Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi bu qəbildən olan tədbirlərdir.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın apardığı uğurlu fəaliyyət nəticəsində qurum Azərbaycanın milli musiqisinin-muğamın inkişafına xüsusi qayğı və diqqət ayırıb. 2007-ci ildə YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanın ənənəvi musiqi Atlası” internet saytı yaradılıb. Bundan başqa, məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı YUNESKO-nun Dünya İrs Siyahısına salınıb. Milli musiqi sənətimiz olan aşıq sənəti də qurumun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.
Azərbaycan-YUNESKO əlaqələri yalnız musiqi sahəsi ilə məhdudlaşmır. 2008-ci ildə Bakıda Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilib. Konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və YUNESKO-nun təşəbbüsü ilə baş tutub. Konfransda YUNESKO-nun baş direktoru Koiçiro Matsuura, YUNESKO-nun bir neçə xoşməramlı səfirləri, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak ediblər. Bundan başqa, qurum “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumunu da məhz Bakıda keçirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən, bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri paytaxtımıza toplandılar. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci Xanımların Bəyanatı qəbul olundu.
Bəli, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs ölkəmizin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlib. Bu siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman rəsmi Bakının Azərbaycan-YUNESKO əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduğunu önə çəkib. Qədim mədəniyyətə, böyük mənəvi dəyərlərə malik Azərbaycan bütün sahələrdə təşkilatla əlaqələrini inkişaf etdirir və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə davamlı fəaliyyət göstərir.
Pərviz Sadayoğlu
Yeni Azərbaycan.- 2009.- 21 noyabr.- № 220.- S. 4.