Çap etmək   ⁞     ⁞   Fond haqqında

Ümidlərin həqiqəti


“Heç bir internat məktəbi, uşaq evi, ən müasir, bütün tələblərə cavab versə belə, heç vaxt ailə mühitini, ailə tərbiyəsini əvəz edə bilməz”

Mehriban Əliyeva

Dünyada çox səs var, amma onlardan məhz biri ailənin təməlini təşkil edir, valideynlərin məsuliyyətini artırmaqla bərabər cütlüklərin xoşbəxtliyinə səbəb olur. Bu, körpə səsidir. Körpə öz dünyası ilə ailəyə daxil olur. Onun qığıltısı, mışıl-mışıl uyuması, gülümsəməsi, hətta ağlaması kainata sığmayan bir dünyadır. Lakin...

Lakin bəzən bu səadətin nədənini başa düşməməkdən, eqoistlikdən, hətta digər sosial problemlər ucbatından körpələr küçələrə atılır, valideyn himayəsindən uzaq qalır, körpələr evində böyüməyə məhkum edilirlər. Bu körpələr günahkar valideynlərinin cəzasını balaca, zərif çiyinlərində daşımağa məhkumdurlar.

Yaxşı ki, dünya belə uşaqların çiyni üzərindəki yükü qaldırmağı özünə borc bilən insanlardan da fani deyil...Həm də o insanlar hamıya bəlli həqiqətlərin reallığa çevrilməsi ilə məşğul olurlar.

“Hər uşağın ailəyə ehtiyacı var!” həqiqəti

“Bu gün onun üzündən öpdünüzmü?”, “Bu gün onunla söhbət etdinizmi?”, “Bu gün ona “səni çox sevirəm” dedinizmi?” – bu şüarlarla Azercell Telekom MMC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, və BMT-nin Uşaq Fondu (UNICEF) bir araya gələrək, uşaqların ailə mühitində böyüməsinə yardım etmək məqsədilə “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” kampaniyasına başladı.

Kampaniyanın məqsədi uşaqların ailə mühitində böyümək hüququ, onların bioloji və ya himayədar ailələrlə qovuşması, övladlığa götürmə hallarının və himayədar ailələrin sayının artırılması, eləcə də yerli səviyyədə uşaq üçün vahid sosial xidmətlərin yaradılmasında hökumətin səylərinə dəstək verilməsi kimi məlumatların təşviqindən ibarətdir. Kampaniya çərçivəsində televiziya kanallarında ictimai elan çarxları verildi, küçələrdə iri plakatlar yerləşdirildi, cürbəcür təbdirlər həyata vəsiqə aldı.

Təəssüf hissiylə qeyd edək ki, bu gün Azərbaycanda təxminən 17000 uşaq bioloji valideynlərinin onlara qayğı göstərə bilməməsi səbəbilə dövlət müəssisələrində yaşayırlar. Bu həyat tərzi uşaqların əksəriyyətinin ailələri ilə bütün rabitənin itirilməsinə səbəb olur. Müəssisələrin “məzunu” olan uşaqların işsiz qalmaq, yoxsul olmaq, qanunla ziddiyyətdə olmaq, insan alveri və cinsi istismar kimi hallara məruz qalmaq ehtimalı daha böyükdür.

Nə qədər yaxşı məqsədlər güdsə də, uşaqların uşaq müəssisələrinə yerləşdirilməsi əqli, fiziki, emosional və sosial inkişafa mane olur. Körpə nə qədər kiçikdirsə və uşaq müəssisəsində nə qədər çox qalırsa, dəyən ziyan da bir o qədər çox olur.

Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, UNICEF və vətəndaş cəmiyyəti bu məsələ ilə beş il əvvəl məşğul olmağa başlayıb və nəticədə 2006-cı ildə dövlət başçısı İlham Əliyev Deinstitutlaşdırma və Alternativ Qayğı üzrə Dövlət Proqramı qəbul edib. Bu sənədin məqsədi hazırda müxtəlif dövlət uşaq müəssisələrində yaşayan uşaqların bioloji və ya himayədar ailələrə qovuşması, deinstitutlaşdırma prosesini dəstəkləmək üçün alternativ qayğı sistemlərinin yaradılması, habelə uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi ilə onların ailə hüququndan lüzumsuz şəkildə məhrum edilməsinin qarşısının alınmasından ibarətdir.

Həmin alternativ həll yolları uşaqların gündəlik qayğı mərkəzlərinə qoyulmasından və himayədar ailələrdə böyüməsindən ibarətdir. Orada kiçik sayda uşaqlar mümkün qədər normal ailə mühitinə yaxın olan şəraitdə himayədar valideynlərin əhatəsində yaşayır.

Azərbaycanın qürur duyacağı şirkət olmağı qarşısına məqsəd qoyan Azercell Telekom MMC var olan dəyərləri qorumaq, yeni dəyərlər yaratmaq və bütün dəyərləri paylaşmaq üçün “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” layihəsinin tam hüquqlu tərəfdaşına çevrilib.

Şirkət hələ öz fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyasını həyata keçirib, habelə uşaqların rifahına sərmayə qoyub.

Layihənin bir hissəsi olaraq, 500-dən artıq yerli hökumət rəsmiləri, uşaq müəssisələrinin rəhbərləri, QHT işçiləri və icma liderlərinə sosial işin aparılması üçün beynəlxalq məsləhətçilər təlim keçiriblər.

2008-ci ildən etibarən UNICEF-in nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azercell-in dəstəyi ilə həssas uşaqlar və onların ailələri üçün vahid sosial xidmətlərin qurulması məqsədilə dörd pilot rayonda – Bakının Nizami rayonunda, Quba, İsmayıllı və Masallı şəhərlərində işləyirlər.

Kampaniyanın rəsmi açılış günü kimi BMT-nin Uşaq Hüquqları Konvensiyasının 19-cu ildönümü – 2008-ci il noyabrın 20-si seçilib. Kampaniya materiallarının təqdim edilməsi və məşhur Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın aparıcılığı ilə müşayiət olunan tədbirdə bir sıra yüksək çinli rəsmilər, media və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Ümidlərin həqiqəti

Bu gün Azərbaycanda valideyn himayəsindən məhrum olunan uşaqların bir çox sığınacaq yeri var. Amma “Ümid Yeri” Xeyriyyə Cəmiyyətinin digərlərindən fərqi və üstünlüyü ondan ibarətdir ki, o, belə ümidgahların ilki, qaranquşu olub.

Vaxt vardı, Azərbaycanda, xüsusilə, paytaxt Bakıda, bəzi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş azyaşlı, yeniyetmə uşaqların dilənçilik etmələri, hətta küçələrdə gecələmələri adi hala çevrilmişdi. Bu, yeni problem idi. Ona yeni yanaşma tələb olunurdu. Belə bir ərəfədə “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti Bakının küçələrində yaşamaq məcburiyyətində qalmış, isti yeməyə, təmiz geyimə, rahat yatağa möhtac uşaqlar üçün “Sığınacaq Evi” təsis etdi və bu işdə cəmiyyəti dəstəkləyən Azercell şirkəti oldu.

Görülən işlərdən ən birincisi “Ümid Yeri” Uşaq Sığınacağı üçün ayrılmış binanın əsaslı təmir edilməsi oldu. Şirkətin maddi dəstəyi ilə uşaqlar üçün hər cür şərait yaradıldı – rahat çarpayılar quraşdırıldı, mətbəx mebeli və avadanlıqlar alındı. Bu işin davamı olaraq şirkət ötən il dekabrın 23-də “Ümid Yeri”nə ümid bəsləyənlər üçün yeni mənzil istifadəyə verdi. Onların yeni ünvanı Binə qəsəbəsi, Sabir küçəsi 88-dir.

Həmin mənzilin açılış mərasimində şirkətin prezidenti Ali Ağan bir daha bəyan edib ki, “Azercell Telekom MMC-nin xeyirxahlıq layihələri bundan sonra da davam etdiriləcək: Azercell 1997-ci ildən “Ümid Yeri”nə sponsorluq edir. Burada yaşayan uşaqların ərzaqla, geyimlə, istiliklə, tədrislə təmin olunmalarına köməklik göstəririk”.

Xeyriyyə cəmiyyətinin prezidenti Natiq Mənsimov isə mətbuata açıqlamasında bildirib ki, Azercell şirkəti fəaliyyətə başlayandan bu günə qədər maddi və mənəvi dəstəyi ilə onların yanındadır: “İndiyə qədər 1200 uşaq insan kimi itirilmək təhlükəsindən qurtulub. “Ümid Yeri”nin bu uğurları Azercell-siz mümkün olmazdı. Bundan başqa, şirkətin rəhbəri Ali bəyin həyat yoldaşı Hilayniyə xanım həftədə bir dəfə bizə baş çəkir, qayğılarımızla maraqlanır. Həm də uşaqlarımıza ingilis dilindən dərs deyir. O, uşaqların əl əməyinə cəlb olunmasında maraqlıdır. Uşaqlarımız onları çox sevir”.

Əməllərin həqiqəti

Uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən Azercell ənənəvi olaraq, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün bayram şənlikləri keçirir, onlara sovqatlar aparır, məktəb ləvazimatları ilə təmin edir. Məsələn, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaq evlərinin 2000-ə yaxın sakinini Bakı Dövlət Sirkindəki “Afrika şirləri” attraksionunun “Qış səyahəti” proqramına dəvət edilməsini, 28 May – Respublika Günü və 1 iyun – Beynəlxalq Uşaq Hüquqları Müdafiəsi Günü münasibətilə keçirilən uşaq şənliyini nümunə göstərmək mümkündür.

Azercell-in əhalinin imkansız təbəqəsi üçün gördüyü işlərdən biri də internat şagirdlərinə tibbi yardımın göstərilməsi, eləcə də cərrahi əməliyyatların aparılmasına dair maddi yardımın edilməsidir.

Bu məsələlər barəsində danışan şirkət prezidenti A. Ağan yalnız körpələrə yemək aparmaqla kifayətlənilmədiyini, onların təhsilini, sağlamlığını da nəzərdən qaçırmadıqlarını vurğulayıb.

Onun sözlərinə görə, yeni yaradılan Mobil Diş Klinikası da məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib. A. Ağan qeyd edib ki, bu klinika ilk olaraq “Ümid Yeri”, daha sonra isə Bakıdakı və regionlardakı digər uşaq evlərində xidmət göstərəcək: “Məlumdur ki, erkən yaşlarda diş problemləri çox ciddi xəstəliklərə yol aça bilər. Ona görə də Mobil Diş Klinikası bütövlükdə Azərbaycan xalqının, Azərbaycan uşaqlarının xidmətində olacaq və davamlı olaraq fəaliyyət göstərəcək”.

Bu layihənin gerçəkləşməsində “Azercell”lə həmrəylik nümayiş etdirən “Üfüq” Xeyriyyə Cəmiyyətidir. Azercell-i sosial məsuliyyətli layihələrə önəm verən ən ciddi qurum adlandıran cəmiyyət sədri Akif Əhmədov bu klinikanın yaradılmasını da çox yüksək qiymətləndirib. Onun sözlərinə görə, 2002-ci ildə aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlərin olduğunu üzə çıxarıb: “Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinet yoxdur. Halbuki, süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi həkim nəzarəti altında olmalıdır”. A. Əhmədov Azercell-in həyata keçirdiyi sosial layihələrin respublikadakı bir çox məsələlərin həllinə yardımçı olduğunu vurğulayıb.

İri avtomobildə yaradılan klinika ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Bu təkərli klinikanın Azərbaycanın istənilən bölgəsinə səfər etmək imkanı var. Səyyar klinikada növbə ilə 6 həkim işləyəcək. Xüsusi diqqət içməli su və yodlaşdırılmış duzla bağlı problemli bölgələrə – Şəki və Qaxa ayrılacaq. Respublika üzrə bütün uşaq evlərini gəzəndən sonra Mobil Diş Klinika bölgələrdəki aztəminatlı ailələrin də köməyinə yetəcək.

Yaxın keçmişin həqiqəti

Azercell 2004-cu il noyabrın 14-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan şeir və hekayə müsabiqəsi də elan edib. Uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən şirkətin azyaşlılar arasında keçirmək istədiyi bu müsabiqə “DE! – Dildən-dilə, Eldən-elə” adlanıb.

“De” layihəsinin əsas məqsədi bütün bölgələrdən olan istedadlı uşaqları üzə çıxarmaq olub. Beləliklə də, respublikanın 19 müxtəlif bölgəsinin 64 uşaq evi və internat-məktəbində, eləcə də “Azercell Ekspress” ofislərində xüsusi qutular yerləşdirilib. Göndərilən bütün şeir və hekayələr bu qutulardan yığılaraq münsiflər heyətinə təqdim olunub.

Müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb, lakin müsabiqənin daha önəmli nəticəsi ondan ibarət olub ki, bütün müsabiqə iştirakçılarının şeir və hekayələri “DE!” kitabında toplanaraq, nəfis tərtibatda çap edilib. Daha sonra şirkət bu kitabı uşaq evlərinə, eləcə də məktəblərə təmənnasız paylayıb.

2005-ci ildə – Uşaqların Ümumdünya Müdafiəsi Günü münasibətilə şirkət uşaq yaradıcılığı ilə əlaqədar “ÇƏK!” Asfalt Üzərində Rəsm Müsabiqəsi təşkil edib. Yarışa Bakının müxtəlif məktəblərindən 250-yə qədər şagird qatılıb.

İştirakçılar görünməmiş istedad nümayiş etdiriblər: “Biz azərbaycanlıyıq!” mövzusunda rəngli tabaşirlərlə yaradılan təsvirlər – milli bayrağımız, dəniz, səma, günəş, Qız qalası, əl-ələ vermiş uşaq rəsmləri – bir andaca Milli Parkın asfaltını bəzəyib. Qaliblərə fərdi kompyuter, mobil telefon, molbert və peşəkar rəsm dəsti hədiyyə olunub.

Bütün bunlardan əlavə şirkət əməkdaşları dəfələrlə Şüvəlan qəsəbəsində yerləşən Zəifeşidən və Sonradan Karlaşmış Uşaqlar üçün Xüsusi Ümumtəhsil Respublika İnternat məktəbində, Yetim və Valideyn Himayəsi olmayan uşaqlar üçün Respublika Yardımçı İnternat məktəbində, Mərdəkan qəsəbəsindəki 2 saylı Yetim və Valideyn Himayəsindən Məhrum Uşaqlar üçün İnternat Məktəbində, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evində, Suraxanı qəsəbəsindəki 7 saylı yardımçı internat məktəbində olub, məktəblilərə dərs ləvazimatı, o cümlədən çanta, dəftər və s. hədiyyələri çatdırıblar.

Zəhmətə verilən dəyərin həqiqəti

Şirkət dəfələrlə sosial məsuliyyətli layihələri uğurla həyata keçirdiyinə görə mükafatlandırılıb. Azercell bir neçə dəfə “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatının qalibi olub.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova ehtiyacı olan uşaqlara yardım göstərdiyinə görə, Azercell şirkətinə təşəkkürünü bildirərkən: “Azercell daim ehtiyacı olan uşaqları sevindirib, onlara əl uzadıb, dəstəkləyib. Bu nəcib işdə nəinki uşaqlara, həmçinin böyüklərə, hətta ahıllara da dəstək verməkdə Azercell-in böyük təcrübəsi var deyib”.

Ötən ilə qədər iki dəfə “Heç bir uşağı nəzərdən qaçırmayaq” mükafatı xeyriyyəçilik fəaliyyətinə görə Azercell-ə təqdim olunub, lakin ötən il mükafatın təsisçiləri qərara gəlib ki, artıq bu mükafat xeyriyyəçi şirkətlərə deyil, Korporativ Sosial Məsuliyyətə önəm verən qurumlara təqdim edilsin. Təsisçilərin fikrincə, belə bir mükafat Azərbaycandakı şirkətləri bu sahəyə daha məsuliyyətlə yanaşmağa vadar edəcək.

İlk dəfə olaraq məhz Azercell Telekom MMC Korporativ Sosial Məsuliyyət sahəsində verilən mükafata – “İlin Korporativ Sosial Məsuliyyətli Şirkəti” mükafatına layiq görülüb.

“Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatını Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı təsis edib.

Zəhmətə verilən dəyərin əsl həqiqəti isə yüzlərlə uşağın sevgisini, məhəbbətini, rəğbətini qazanmaqdır.


Yeni Azərbaycan.- 2010.- 12 fevral.- № 26.- S. 5.