Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Ər-Riyadda Muzey-Mərkəzində olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üçün də ayrıca səfər proqramı tərtib olunmuşdu.
Mehriban Əliyeva Kral Əbdüləziz adına Tarixi Muzey-Mərkəzlə yaxından tanış oldu. Möhtəşəm tarixi abidə kimi öz gözəlliyi ilə seçilən bu Muzey-Mərkəz barədə Azərbaycan Prezidentinin xanımına ətraflı məlumat verildi. Bildirildi ki, burada ilk insanın yaranması, məskunlaşması və ölkənin bugünkü müasir tarixi əks olunur. Muzey-Mərkəzdə arxeoloji tapıntıların nümunələri ilə yanaşı, çoxəsrlik tarixi olan Səudiyyə Ərəbistanının ərazisində ilk neftin tapılması və hasilatı ilə bağlı dəyərli eksponatlar, Kral Əbdüləzizin şəxsi minik maşınları, əşyaları, onun müxtəlif dövrləri əks etdirən fotoşəkilləri toplanmışdır. Səudiyyə Ərəbistanı Krallığı ərazisində dövlətin qurulması və keçdiyi yol barədə də dəyərli materiallar vardır.
Mehriban xanım Əliyeva mərasim otaqlarına, salonlara, divarlarda, tavanda, hətta döşəmələrdə yüksək peşəkarlıqla təsvir olunan və Şərq mədəniyyətinin zənginliyinin əyani göstəricisi kimi diqqəti cəlb edən nadir qədim və zəngin sənət nümunələrinə baxdı.
Sonra İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd bin Əbdüləziz Al Səudun həyatı və fəaliyyəti barədə film göstərildi.
YUNESKO-nun xoşməramlı səfiri iki Müqəddəs Ocağın - Məkkə və Mədinənin genişləndirilməsi və abadlaşdırılması ilə bağlı Muzey-Mərkəzin daxilində yaradılmış xüsusi kompleksə də baxdı. Burada toplanan və qorunub saxlanılan hər bir mədəniyyət, incəsənət nümunəsi hörmətli qonaqda bu ölkəyə böyük maraq və rəğbət yaratdı.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Muzey-Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirdi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Mehriban xanım Əliyevaya Muzey-Mərkəz barədə xatirə kitabı hədiyyə olundu.
Xalq qəzeti.- 2005.- 12 mart.- № 56.- S. 3.