Milli-mənəvi dəyərlərə sadiqlik və hörmət nümunəsi
Tarixdə o şəxsiyyətlərin əbədi izi qalır ki, onların zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Xalqımız minilliklər boyu qazandığı möhtəşəm nailiyyətləri, tarixi dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.
Yalnız ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı zaman bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. XX əsrdə xalqımızın yetirdiyi böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında bu üç dəyəri bir araya gətirməklə, müasir tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Zəngin mənəviyyat və dünyagörüşünə, konkret həyat amalına malik şəxsiyyət olaraq Heydər Əliyev dövrünün problemlərinə əsil vətəndaş təəssübkeşliyi ilə yanaşmış, xalqının nicatına və təminatlı gələcəyinə xidmət edən nəcib əməllərin sahibinə çevrilmişdir. Heydər Əliyevin əsas mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində məhz humanizm, sosial ədalət və düzgünlük prinsiplərinə tapınması, ali milli və bəşəri ideallara bağlı olmasıdır. İnsani dəyər və azadlıqlara sadiqlik ilk növbədə ulu öndərimizin yüksək daxili demokratizmindən, hər kəsə örnək olacaq mənəvi məsuliyyətindən irəli gəlmişdir. Heydər Əliyev hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin başlıca vəzifəsi saymış, qurub-yaratmaq, yaxşılıq etmək amali ilə yaşamış, dahi liderin ölməz ideyaları milli inkişafın təkanverici amilinə çevrilmişdir.
Tarix sübut edir ki, hansısa milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli kimliyini və ənənələrini unutdurmaq, yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqların yüksək mənəvi-əxlaqi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin mütərəqqi məcrada inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya isə fenomenal şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndərimiz Heydər Əliyev öz çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük hamisi kimi çıxış etmişdir. Ümummilli liderimiz çıxışlarında hər zaman xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini dövrün aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca məqam budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın mənfi təzahürləri bəzi hallarda milli-mənəvi dəyərlərə, adət-ənənələrə, saf duyğulara qarşı yönəlir. Heydər Əliyevin Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı zəmanənin bu təhdidləri qarşısında əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın özünəməxsusluğunu qorumuşdur. Milli adət-ənənələrə və dəyərlərə sadiqlik əsla Heydər Əliyevin demokratizminin inkarına yönəlməmiş, bu böyük şəxsiyyət öz düşüncələrində çox böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu dialoqunu qura bilmişdir. Ümummilli liderimiz xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Azərbaycanın qapıları ali, bəşəri və universal dəyərlərin üzünə məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim olmasına heç zaman imkan verməmişdir. Heydər Əliyev bu mənada həm də xalqın saf inanclarını, dəyərlərini bütün siyasi ideologiya və proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.
Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya vəzifə kimi qoyan ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 2 illik fəaliyyətilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Ümummilli liderimizin adını layiqincə daşıyan fond onun xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.
İctimai statusda fəaliyyət göstərən Heydər Əliyev Fondu qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə Azərbaycanda analoqu olmayan yeni qurumdur. Heydər Əliyev Fondu ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafı və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə öz töhfəsini verməyə çalışır. Fondun fəaliyyəti eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli dünyagörüşlərinin dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi müqəddəs dəyərlərin təbliğ edilməsinə yönəlmişdir.
Milli-mənəvi irsin hamisi
Qloballaşan dünyanın kosmik informasiya əsrinə qədəm qoyması, informasiya texnologiyalarının inkişafı sahəsində qazanılan fantastik nailiyyətlər özlüyündə nə qədər mütərəqqi proses olsa da, bu inkişaf milli tarixi-mədəni irsə müəyyən təsir meyillərini də qabarıq üzə çıxarır. Kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu indiki dövrdə milli ənənə və dəyərlərin qorunub saxlanılması, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması yolu ilə milli genefondun qorunması son dərəcə vacibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin üç ilə yaxın müddətdə klassik irs və milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində həyata keçirdiyi tədbirlərin praktik nəticələr verməsində Heydər Əliyev Fondunun da xidmətləri əvəzsizdir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun qorunmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişafı dövründə milli əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir" - deyən YUNESKO-nun xoşməramlı səfiri insanları səmimi birlik və həmrəyliyə çağırır. Azərbaycan cəmiyyəti onun vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən - mənəvi dəyərlərin nisbətən aşındığı indiki "sürət əsrində" - savab və xeyirxah əməllərin nə qədər müctəcəb olduğunu dərk edir, yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışır.
Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün köməyə ehtiyacı olan kimsəsiz insanların maddi-mənəvi hamisi rolunda çıxış edir. Xeyirxahlıq, mərhəmət, ehtiyacı olanlara yardım göstərmək, haqqı daim uca tutmaq Azərbaycan xalqına xas olan ülvi və saf mənəvi meyarlar kimi Fondun fəaliyyətində də parlaq xətt təşkil edir. Heydər Əliyev Fondu insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır. Bu xeyirhah missiyaya görə 2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq!
Fondun prezidenti məhz bu amalla ona üz tutmuş insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Bəzən müxtəlif strukturların laqeydliyinə və biganəliyinə dözməyib Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun problemlərinin həllinə yardım göstərilir. Bu həm də Fondun insan hüquq və azadlıqlarının müdafiəsində layiqincə dayanan ictimai təşkilat olduğunu göstərir. Təkcə 2005-ci ildə 3000-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı təşkilata müraciət ünvanlaması da deyilənlərin əyani təsdiqidir. Ümummilli liderimizin humanist ideyalarını rəhbər tutan Fondun hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxması və ona cavab göndərməsi respublikamızda fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün də örnək sayılmalıdır. YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşacağını əminliklə vurğulayır. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq" - bu fikirlər YUNESKO-nun xoşməramlı səfirinin yüksək humanizminin və insanpərvərliyinin əyani təcəssümüdür.
Azərbaycan mədəniyyətinin, incəsənətinin və musiqisinin bütün dünyada təbliğ olunması da Heydər Əliyev Fondunun xalq və dövlət qarşısındakı böyük xidmətlərindən biri kimi vurğulanmalıdır. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti heç də son iki illə məhdudlaşmır. O, 1995-ci ildən - "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən bəri milli mədəniyyətimizin ən müxtəlif problemləri qurumun diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri zəngin musiqi ənənələrimizin mühafizəsi və təbliği işinə mühüm töhfələr vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.
"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilis, rus dillərində çap olunan "Azərbaycan-İrs" jurnalının səhifələrində milli musiqimizin, mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması isə bu işlərin daha qlobal miqyasda, həm də sistemli və ardıcıl surətdə həyata keçirilməsinə imkan yaratmışdır.
Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə Heydər Əliyev Fondunun milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam YUNESKO-nun vasitəsilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. "Qarabağ xanəndələri" adlı musiqi albomunun buraxılması da Fondun ötənilki uğurları sırasında qeyd oluna bilər. Bütün Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi təsadüfi olmayıb konkret məzmun daşıyır. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının qoyulması yolu ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Fondun təşəbbüsü ilə "Qarabağ" adlı kitabın çapa hazırlanması Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və bütün dünyada təbliği baxımından böyük əhəmiyyət daşıyır.
"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondu YUNESKO ilə səmərəli əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Fondun təşəbbüsü ilə son iki ildə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Azərbaycanda müasir informasiya texnologiyaların inkişafı və respublikamızın virtual dünyaya çıxış imkanlarının genişləşdirilməsi də Fondun əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi vurğulanmalıdır. Həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması internet reallığının həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi müasir dövrdə Azərbaycan gerçəkliklərinin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.
YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuura Azərbaycana səfərləri zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan milli irsinin, mədəniyyət və incəsənətinin qorunması sahəsində həyata keçirilən işləri daim yüksək qiymətləndirmişdir: "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin Fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusilə şifahi və musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini qeyd edirik".
Elm və təhsilə qayğı örnəyi
Müasir dövrdə elm və təhsilin inkişaf səviyyəsi hər bir ölkənin iqtisadi-siyasi potensialını müəyyənləşdirən başlıca amillərdən sayılır. Hər bir dövlətin, xalqın gələcəyi onun malik olduğu elmi-mədəni potensialdan bilavasitə asılıdır. Elmin, təhsilin dinamik inkişafı milli-mədəni irsin qorunması və gənc nəslin təlim-tərbiyəsinin lazımi səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişdirilməsi baxımından vacib əhəmiyyət daşıyır. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətləri misilsizdir. Respublikamızda ali təhsil ocaqlarının yaradılması, kütləvi maarifçilik təmayülünün həyata keçirilməsi, yeni elmi-tədqiqat institutlarının formalaşdırılması Azərbaycan Elmlər Akademiyasının fəaliyyətinin gücləndirilməsi də məhz ötən ilin 70-80-cı illərinə təsadüf edir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev də son üç ildə elmi-intellektual intibahın tərəfdarı kimi çıxış edərək bu sahənin problemlərinin həllinə lazımi köməyi əsirgəməmişdir. Müasir təhsil ənənələrinin mənimsənilməsi, təhsildə informasiya texnologiyalarının geniş tətbiqi, müasir tipli orta ümumtəhsil məktəblərinin inşası Prezident İlham Əliyevin həyata keçirdiyi humanitar siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının hələ 11 fevral 2004-cü ildə imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bölgələrdə yeni məktəblərin tikintisi məsələsi də geniş əksini tapmışdır. Cənab İlham Əliyevin 21 avqust 2004-ci ildə imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı haqqında" Dövlət Proqramı da regionlarda məktəblərin kompüterləşdirilməsi və müasir biliklərin mənimsənilməsi baxımından artıq praktik nəticələr verir.
Azərbaycan Prezidentinin elm və təhsilin inkişaf strategiyası çərçivəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin gerçəkləşdirilməsində Heydər Əliyev Fondu da yaxından iştirak etmiş, böyük təşəbbüskarlıq və təşkilatçılıqla bir sıra fundamental layihələrin həyata keçirilməsinə öz töhfəsini vermişdir. Fondun milli maraqlara söykənən son iki illik çoxşaxəli fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğının uğurlu nümunəsi sayıla bilər. İqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin müasir biliklərə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiyaya dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın istər xeyriyyəcilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsilin mühüm yer tutması millətimizin gələcəyini, nicat yolunu təhsilin inkişafında, vətəndaşların maariflənməsində görən ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır. Cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək və bu sahədə uğurlu nəticələr vermək mümkün deyildir.
Heydər Əliyev Fondunun məktəb tikintisi ilə bağlı həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin cəmiyyətdə daha böyük rezonans doğurması və dəstəklənməsi isə heç də təsadüfi deyildir. Yalnız 2005-ci ildə Azərbaycanın müxtəlif bölgələrində 132 müasir tipli məktəb binasının inşa edilərək lazımi inventar və informasiya texnologiyaları ilə təmin olunması Azərbaycan Prezidentinin təhsil sahəsində reallaşdırdığı tədbirlərə böyük dəstəkdir. Fond yeni məktəblərin inşası sahəsində rekord göstəriciyə nail olmaqla, həm də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində yaxından iştirak edir. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunurlar. Cəmi bir il ərzində 132 yeni məktəbin tikilərək istifadəyə verilməsi Azərbaycan üçün olduqca yüksək göstəricisidir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin Dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyən Fondun prezidenti Mehriban xanım Əliyeva layihənin ikinci hissəsinin təqdimat mərasimi zamanı 2006-cı ildə də 100-dən artıq yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini bildirmişdir. Hazırda həyata keçirilən tədbirlər isə bu vədin doğrulacağına hansısa şübhə yeri qoymur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin üstün istiqamətlərindən biri də verdiyi tapşırıqların icrasını daim diqqət mərkəzində saxlaması, hər bir işə xüsusi tələbkarlıqla yanaşmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara səfəri çərçivəsində görülən işlərlə yaxından tanış olması bu reallığı bir daha təsdiqləyir. "Çalışıram ki, tikinti ilə bağlı hər gün məlumat alım. Tikintilərin bir qismində özüm şəxsən olmuşam, işlərin həqiqətən də çox böyük sürətlə getdiyini görmüşəm. Mən inanıram ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində ən müasir tələblərə cavab verən məktəb binası olacaqdır" - deyə Fondun prezidenti əminliklə bildirir.
Fəal maarifçilik xəttinə üstünlük verən Heydər Əliyev Fondunun ümdə fəaliyyət istiqamətlərindən biri də ümummilli liderimizin zəngin irsinin, vətən qarşısındakı misilsiz xidmətlərinin və milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği və gənc nəsillərə çatdırılmasıdır. Bu məqsədlə 2005-ci ildə Fondda Heydər Əliyevə həsr edilmiş ekspozisiya yeni eksponatlarla zənginləşdirilmiş, Fonda daxil olmuş 200-dən artıq müxtəlif çeşidli hədiyyə, 600-dən artıq kitab, 200-dən artıq jurnal və qəzet, çoxsaylı fotolar, disk və kasetlər elmi əsaslar üzrə işlənmişdir. Belə davamlı iş gələcəkdə Heydər Əliyev Fondunda ulu öndərin fəaliyyətinin bütün istiqamətlərini əks etdirən materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcəkdir.
Şəfa və nur ocağı
Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genefondun qorunması bu gün müstəqil Azərbaycanda dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi həyata keçirilən çoxşaxəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq böyük nailiyyətlər əldə edən və xalqımızın sağlamlığının keşiyində layiqincə dayanan ölkənin səhiyyə sisteminin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə bu gün də hökumət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Heydər Əliyev Fondu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində uğurla davam etdirdiyi islahatların praktik nəticələr verməsi naminə əzmlə çalışır və vətəndaşların sağlamlığının yüksək səviyyədə təminatı üçün zəruri tədbirlər həyata keçirir. Səhhətində problemlər olan kimsəsiz insanlara qayğı və kömək fondun fəaliyyətində aparıcı xətt təşkil edir. Bu baxımdan Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi "İnternat məktəbləri və uşaq evlərinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız yaşam" layihələri xüsusi aktuallığa malikdir. Həmin layihələr çərçivəsində 14 yaşınadək olan diabetli uşaqlara dərman preparatları paylanmışdır. Və bu istiqamətdə işlər indi də davam etdirilir. Fondun bu layihələri həyata keçirməkdə məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir. Təkcə ötən il Fondun dəstəyilə 500-dən çox soydaşımıza səhiyyə yardımı göstərilmişdir.
Heydər Əliyev Fondu ümummilli liderimizin ümumbəşəri ideyalarına, xalqımızın nəcib və humanist keyfiyyətlərinə sadiq qalaraq fiziki cəhətdən qüsurlu ölkə vətəndaşlarının sosial hüquqlarının qorunması sahəsində ardıcıl fəaliyyət proqramı həyata keçirir. Son illər respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslər də Heydər Əliyev Fondu tərəfindən himayə olunur. Fond onlara əlavə imkanlar yaratmaq mexanizmi üçün informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni də zəruri sayır. Bu məqsədlə "Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair" layihə hazırlanmışdır. Üç mərhələdən ibarət layihə BMT-nin İnkişaf Proqramı ilə birgə uğurla həyata keçirilir.
"İstər ÜUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" - deyən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti bu seçimə sadiq qalaraq üzərinə götürdüyü çətin, lakin xoş məramlı missiyasını layiqincə davam etdirir.
Bu fəaliyyəti ilə o, həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran, bəşəriyyətin nicatı üçün çalışan insanlarla bir sırada dayanır. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda bu xoşməramlı fəaliyyətin kökündə təmənnasızlıq, səmimilik dayanmışdır. Əslində, bu gün Azərbaycan vətəndaşlarının bu fəaliyyəti rəğbət və məmnunluq hissilə izləməsini də Mehriban xanım Əliyevanın yüksək humanizmində, işgüzarlığında və qayğıkeşliyində axtarmaq lazımdır.
Qüdrət Kərimov,
"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.- 2006.- 24 avqust.- № 189.- S. 5.