Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Naxçıvan şəhər uşaq bərpa mərkəzi və turizm informasiya mərkəzi ilə tanışlıq


AzərTAc-ın müxbiri xəbər verir ki, iyunun 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Naxçıvan şəhərindəki Uşaq bərpa mərkəzində olmuşlar.

Ötən ilin iyulunda istifadəyə verilən mərkəzdə rentgen otağı, 14 çarpayılıq 7 palata, idman salonu var. Xanım Əminə Ərdoğan buradakı şəraitlə maraqlandı. Qonağa məlumat verildi ki, burada, əsasən, fizioterapevtik müalicə tətbiq edilir. Mərkəz bütün lazımi tibbi avadanlıqla təchiz olunmuşdur. Hazırda burada 11 uşaq müalicə edilir. Mehriban xanım Əliyeva müalicə olunan xəstələrin vəziyyəti ilə maraqlandı. Əminə Ərdoğan isə uşaqlara hədiyyələr təqdim etdi.

* * *

Sonra Turizm İnformasiya Mərkəzinə gələn hörmətli qonaqlara məlumat verildi ki, təxminən iki yüz yaşı olan bina əvvəllər müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Milli memarlıq üslubunda tikilən bina ötən il əsaslı təmir edilmiş, günbəz qoyulmuşdur. Təmir zamanı qədim milli naxışların qorunub saxlanmasına diqqət yetirilmişdir. Binadakı iş otaqları kompyuter avadanlığı ilə təchiz olunmuşdur. Mərkəzdə ulu öndər Heydər Əliyevin yeniyetmə vaxtlarında tamaşalarda oynadığı səhnələri əks etdirən fotoşəkillər diqqəti cəlb edir.

Sonra xanımlar çay süfrəsi arxasında söhbət etdilər.


AzərTAc
2008, 4 iyun