Prezident İlham Əliyevin Ukraynaya dövlət səfəri çərçivəsində Mehriban xanım Əliyevanın görüşləri
Azərbaycanın dövlət başçısının Ukraynaya dövlət səfəri çərçivəsində Prezidentin xanımı Mehriban Əliyeva Kiyev şəhərində bir sıra görüşlər keçirmiş, maraqlı tədbirlərdə iştirak etmişdir.
İyunun 4-də Prezident sarayında Ukrayna Prezidentinin xanımı Lyudmila Kuçma ilə söhbət zamanı Mehriban Əliyeva dost ölkəyə Azərbaycanın səmimi münasibətindən danışdı. Xanım Kuçma bu səfər zamanı aparılan danışıqların və imzalanan sənədlərin iki ölkə xalqlarının mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Sonra Mehriban xanım Əliyeva Kiyevin qədim abidələri ilə tanış oldu. O, əvvəlcə XI əsrin yadigarı olan Sofiya məbədinə gəldi. Dünyanın məşhur memarlıq incilərindən olan məbəd 3 min kvadratmetr ərazini əhatə edir. Mehriban xanım Əliyevaya məlumat verildi ki, Sofiya məbədi illər ötdükcə genişlənib və cəlbedici bir görkəm almışdır. 11-ci əsrdən qalmış dini şəkillər, mozaikalar və freskalar diqqəti daha çox cəlb edir. Divarlardakı yazılar bu gün də asanlıqla oxunur. Knyaz Vladimir Monomaxın öz xətti ilə yazdığı yazılar məbədin qədimliyindən xəbər verir.
Mehriban xanım Əliyeva Mixaylov məbədi ilə də tanış oldu. Ukraynanın nadir abidələrindən biri olan bu məbəddə saxlanılan eksponatlar rəngarəngliyi ilə diqqəti cəlb edir. Müxtəlif dövrlərdə dağıntılara məruz qalan məbədin bəzi eksponatları itib-batsa da, sonralar tarixçilər və arxeoloqlar həmin əşyaların bu müqəddəs məbədə qaytarılmasına nail olublar.
Mehriban xanım Əliyeva Prezident Leonid Kuçmanın xanımı Lyudmila Kuçma tərəfindən onun şərəfinə "Dnepr" otelində təşkil olunmuş naharda iştirak etdi. Sonra xanım Kuçma Kiyev şəhərinin panoramını seyr edən Mehriban Əliyevaya şəhərin tarixi və bu günü barədə məlumat verdi.
Daha sonra Mehriban xanım Əliyeva Ukraynanın Milli Olimpiya Komitəsinə gəldi. Burada o, Olimpiya Komitəsinin nümayəndələri və idmançılarla görüş keçirdi. Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından və ümumiyyətlə, sağlam nəsil yetişdirilməsi üçün görülən geniş tədbirlər barədə məlumat verdi. O, həmçinin iki ölkə idmançılarının dostluq əlaqələrindən söhbət açdı. Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Mikola Kostenko Prezident İlham Əliyevin gərgin səyi nəticəsində Azərbaycanda olimpiya hərəkatının uğurlu nəticələrindən və idmançılarımızın müxtəlif yarışlarda qazandığı yüksək nəticələrdən xəbərdar olduğunu söylədi. O, ertəsi gün Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa birinciliyinə hazırlıq barədə də məlumat verdi. Görüş iştirakçıları xatirə şəkli çəkdirdilər. Mehriban xanım Əliyeva Ukrayna Milli Olimpiya Komitəsinin muzeyinə milli Azərbaycan xalçası bağışladı.
Sonra Mehriban Əliyeva idman kompleksinə gəldi, bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən Azərbaycan komandasının məşqçiləri və üzvləri ilə görüşüb söhbət etdi, tövsiyələrini verdi və onlara uğurlar arzuladı. Sonra isə çempionata hazırlaşan idmançıların məşqlərinə tamaşa etdi, yarışın keçiriləcəyi böyük salonla tanış oldu.
AzərTAc
2004, 7 iyun