İSESKO VƏ TÜRKSOY-la bağlı tövsiyələr hazırlanıb
Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilir
Avqustun 28-də Bakıda TÜRKSOY, İSESKO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu " mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda Türkiyə, Qırğızıstan, Özbəkistan, Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin TÜRKSOY-un və İSESKO-nun nümayəndələri iştirak ediblər. Tədbirdən öncə təşkilatçılar Fəxri Xiyabana gedərək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə çələng qoyublar. Bundan sonra tədbir geniş heyətlə Beynəlxalq Mətbuat Mərkəzində davam edib.
Seminarı giriş sözü ilə açan TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı TÜRK- SOY-un yaranması və onun türkdilli ölkələr arasında mədəni əlaqələrin qurulmasında gördüyü işlərdən danışdı. Ulu öndər Heydər Əliyevin xeyir -duası ilə yaradılan qurumun çox mühüm beynəlxalq layihələr həyata keçirdiyini qeyd edən çıxışçı gələcəkdə də bu işlərin davam edəcəyini bildirdi: "TÜRKSOY türk dünyasının mədəni təşkilatıdır. 14 üzv ölkəsi vardır. İSESKO isə əsasən İslam dini üzərinə qurulmuş bir təşkilatdır. Bu iki qurum mədəniyyətə xidmət edir, dünyada mədəniyyətin yayılmasına şərait yaradır. Gələn il TÜRKSOY 20 illik yubileyini qeyd edəcək. Quruluşundan bəri türkdilli dövlətlərin mədəni əlaqələrinin, adətlərinin inkişafına, tanıdılmasına xidmət etməkdədir. 2011-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq" forumu çərçivəsində TÜRKSOY İslam dünyasının beynəlxalq təşkilatı olan İSESKO ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdı. Sevindirici haldır ki, bu müqavilə çərçivəsində planlaşdırdığımız tədbirlərin ilkini məhz Bakıda bu , seminarla başlayırıq".
Onun sözlərinə görə, türk mədəniyyətini dünyaya tanıdan, bu istiqamətdə həyata keçirilən layihələri, tədbirləri işıqlandıran media nümayəndələrinə 'TÜRKSOY' un mətbuat mükafatı" təqdim edilir. "Biz hesab edirik ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-in iştirakının daha da artırılması və rolunun inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların diqqət və dəstəyi davam etdirilməlidir".
Daha sonra seminarda İSESKO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın müraciəti oxundu.
Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında mədəniyyətlərarası dialoqun qlobal bir prosesə çevrildiyini və Azərbaycanın da onun əsas tərəfdaşlarından biri olduğunu vurğuladı. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslərin mədəniyyətlərarası dialoqun inkişafında çox böyük əks-səda doğurduğunu da bildirdi: "Mədəniyyət və Turizm Nazirliyi olaraq biz mədəniyyətin ölkəmizdə, dünyada təbliğində, inkişafında, eyni zamanda xalqlar arasında təbliğində istənilən dəstəyi göstərməyə hazırıq. Azərbaycan mədəniyyətlərarası dialoq modelini dünyaya təbliğ etməyə qadirdir".
Bu gün dünyada mədəniyyətlərarası dialoqun sağlam məcrada inkişaf etdirilməsi məsələsinin olduqca aktual olduğunu bildirən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bu dialoq olmadan dünyanın fəlakətlərə sürüklənə biləcəyini söylədi. Onun sözlərinə görə, son illər dünyada mədəniyyətlərarası dialoqun inkişafı, möhkəmləndirilməsi sahəsində irəli sürülən təşəbbüslərin çox böyük hissəsi Azərbaycan tərəfindən önə çəkilir: "Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan beynəlxalq tədbirlərin respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirildiyini desək yanılmarıq. Azərbaycan dünyaya buna layiq olduğunu bariz şəkildə sərgiləməkdədir".
Sözügedən seminarın işini yüksək qiymətləndirən V. Səfərli bildirdi ki, medianın mədəniyyətlərarası dialoqun inkişafında rolu əvəzsizdir. Belə ki, insanlara mədəniyyətlərarası dialoq haqda daha dolğun məlumatı kütləvi informasiya vasitələri çatdırır. Azərbaycan mətbuatının tarixən tolerantlığa, millətlərarası münasibətlərin inkişafına daim xidmət etdiyini bildirən çıxışçı jurnalistlər arasında mədəniyyətlərarası dialoqun qurulmasının vacib olduğunu qeyd etdi. V. Səfərli müasir mədəniyyətlərarası dialoqun təşviqində jurnalistlərin peşəkarlığının artırılmasının da gərəkliyinə diqqət çəkdi: "Hazırda dünyada baş verən real hadisələr və bu hadisələrin kütləvi informasiya vasitələrində əksi jurnalistin mövqeyindən və ya konkret konsepsiya, siyasi sifarişdən asılıdır. Hər bir jurnalist ictimai fikirdə hər hansı mənfi obrazın yaradılmasının nə ilə nəticələndiyini çox yaxşı dərk etməlidir. Dilindən, dinindən və milliyyətindən asılı olmayaraq hər bir insanın dini və milliyyəti ilə bağlı hisslərini təhqir edən karikaturalar, məqalə və videomaterialların işıq üzü görməsi dözülməz haldır".
Millət vəkili Qənirə Paşayeva isə çıxışında bildirdi ki, dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı gərginlik getdikcə artır: "Bununla bağlı çox önəmli faktlar mövcuddur. Dünyada ən çox müzakirə olunan mövzulardan biri mədəniyyətlər və sivilizasiyalararası dialoqdur. Əgər bu qədər müzakirə olunursa, onda niyə vəziyyət müsbətə deyil, mənfiyə doğru gedir? Bunun iki səbəbi var. Biri dünyada səmimiyyətin olmaması, ikincisi bu mövzuya yanaşmanın dəyişilməməsi". Bu yanaşmada medianın rolunun vacibliyini qeyd edən millət vəkili hesab edir ki, media dünyada bu sahədə mövcud olan gərginliyi azaltmaq gücündədir: "Media bu məsələdə ən böyük gücdür. Media istərsə bu gərginliyi azalda bilər, istərsə artıra bilər".
Beynəlxalq seminar Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistandan gələn nümayəndə heyətlərinin çıxışları ilə davam etdi. Bahçeşehir Universiteti Mədəniyyət Araşdırma mərkəzinin rəhbəri prof. Bəkir Karlığa, prodüser, rejissor Çingiz Göktaş (Türkiyə), Qazaxıstan Jurnalistlər İttifaqının sədri Seitkazı Matayev, Qırğızıstan AKİ-Press redaktoru Jıldız Orospakova, "Axşam" qəzetinin sayt redaktoru Nəzərəli Pirnəzərov (Tacikistan), Özbəkistan "CA-news" Orta Asiya Xəbər servisi Ümidə Maniyazova son illər ölkələrində mədəniyyətə göstərilən qayğıdan, çətinliklərdən danışdılar.
Seminarda həmçinin Türkiyə istehsalı "Qərbə doğru axan çay" sənədli filmin təqdimatı keçirildi. Seminarın sonunda yekun sənədin müzakirəsi baş tutdu.
Seminar İSESKO və TÜRKSOY ilə bağlı tövsiyələr hazırlayıb. Seminarın sonunda qəbul olunan sənədə görə, dialoq, qarşılıqlı anlayış, xoş məram və birgə yaşam kimi dəyərlərin cəmiyyətdə bərqərar olması üçün ünsiyyət, mədəniyyət, turizm və idman forumlarının təşkilini təmin etmək məqsədilə İSES- KO-dan iştirakçı ölkələrdəki rəsmi və özəl media qurumları ilə yanaşı. QHT-lərə də dəstək olması tələb edilir. Həmçinin, fərqli icmalara mənfi münasibətlərə qarşı ictimaiyyətdə və siyasi mühitdə müsbət bir yanaşmanın sərgilənməsini təmin etmək məqsədilə TÜRKSOY- dan iştirakçı ölkələrdəki media qurum və mütəxəssisləri üçün faydalı olacaq mədəniyyətlərarası yığıncaq və simpoziumların təşkili tələb edilir.
Seminarın yekun sənədində mədəniyyətlərarası dialoq sahəsində fikir və təcrübə mübadiləsini dəstəkləmək məqsədilə media mütəxəssislərindən ibarət şəbəkənin yaradılması və müxtəlif xalqlar arasında mədəniyyətlər, dinlər və etnik qruplararası ittifaq və birliklərin dəstəklənməsi qeyd olunur.
Sənəddə iştirakçı ölkələrin media orqanlarına müxtəlifliyə hörmət və düşüncə azadlığının təmin edilməsi məqsədilə media və qeyri-hökumət təşkilatlarının mədəniyyətərarası dialoqu və qarşılıqlı anlaşmanı dəstəkləməsi, iştirakçı ölkələrdəki səlahiyyətli orqanın köməyi ilə ənənəvi informasiya vasitələrinin yanında kompüter dəstəkli ünsiyyətin, dialoq, vətəndaşlıq şüuru və islam mədəniyyətinə mənsub olmanın verdiyi qürurun inkişaf etdirilməsi, Twitter, Facebook, Youtube kimi yeni media vasitələri ilə zorakılıq və ayrı-seçkiliyin yayılmasını önləmək baxımından üzv ölkələrdəki uşaq və gənclərin təhsilində qarşılıqlı dialoq və fərqliliklərə hörrriət anlayışına üstünlük verilməsi tövsiyə olunub.
Nərmin Muradova
Paritet.- 2012.- 30-31 avqust.- № 90.- S. 8.