Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun ölkəmizin dünyada təbliğinə yönəltdiyi hədəflər uğurla nəticələnir


Mehriban xanım Əliyeva: "Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır".

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan XX yüzilliyin sonunda müstəqilliyə qovuşduqdan sonra dövlətimiz və xalqımız dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini təbliğ etməyi qarşıya əsas vəzifələrdən biri kimi qoydu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlətçilik tarixinin, adət və ənənələrin hər millətin həyatında mühüm rol oynadığını qeyd edərək deyirdi: "Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Müasir dövrümüzdə Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliğ olunması, yaşaması istiqamətində görülən tədbirlər dövlətçiliyimizin sağlam təməl üzərində qurulduğunu təsdiqləyir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün əldə etdiyimiz uğurlu diplomatik əlaqələr nəticəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın dünya çapında nəhəng dövlətlərlə bir sırada dayanması nailiyyətlərimizin bariz nümunəsidir. Qeyd edək ki, bu istiqamətdə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də xüsusi diqqət çəkir. Milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin inkişafı, Qarabağ həqiqətlərinin təbliği yönümündə fondun Prezidenti, Azərbaycanın Birinci Xanımı, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyilə keçirilən layihə, proqram, tədbirlər öz əhəmiyyəti və müxtəlifliyilə seçilir. Fond tərəfindən ölkəmizin dünyada təbliğinə yönələn hədəflər uğurla reallaşmaqdadır. Fondun fəaliyyəti sayəsində Novruz bayramının YUNESKO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və "Atəşgah"ın daxil edilməsi xüsusi vurğulanmalıdır.

"Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir"

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. "Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır", - deyən Mehriban Əliyeva Azərbaycan xalqının təcavüz və torpağının işğalı ilə XXI əsrə qədəm qoyduğunu vurğulayır. Odur ki, bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur. Bu istiqamətdə görülən məqsədyönlü iş fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır.

Fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır.

Xocalı soyqırımı ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Həmin layihələr çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı dünya ölkələrində - Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə, Gürcüstanda və başqa ölkələrdə silsilə tədbirlər keçirilir. Onu da vurğulayaq ki, 2008-ci ildə Avropada ilk dəfə olaraq Niderlandın Haaqa şəhərində Xocalı faciəsinə həsr edilmiş abidə ucaldıldı.

Azərbaycanın dünya ölkələrində daha yaxşı tanıdılması üçün təbliğat xarakterli tədbirlərin davamlılığı təmin edilir

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi ilə bağlı həyata keçirdiyi tədbirlər ölkəmizin geniş məkanda təbliğində əhəmiyyətlidir. Belə ki, Moskvada "Bakıya məhəbbətlə" fotosərgisi, Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi, Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri, İndoneziya Milli Kitabxanasında Azərbaycan Fondunun yaradılması və onlarla belə tədbirlər Azərbaycan reallıqlarının təqdimində əhəmiyyətlidir.

Bu günlərdə isə Parisdə Luvr Muzeyinin qarşısındakı məşhur "Pale Royal" meydanında "Azərbaycan şəhərciyi"nin açılışı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin davamıdır. Qeyd edək ki, son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələr həyata keçirilib. Bu cür mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-dan çox şəhəri dostluq və qardaşlıq əlaqələri qurub. Qeyd edək ki, "Azərbaycan şəhərciyi" Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.

Sentyabrın 9-dək fəaliyyət göstərəcək "Azərbaycan şəhərciyi"ndə ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. "Azərbaycan Parisin ürəyində" adlanan şəhərcik özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərinin geniş şəbəkəsi yer alıb. Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edirlər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi də təşkil olunub. "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.

Təbii ki, belə tədbirlərin dünya ölkələrində təşkili ölkəmizin real mənzərəsini yaradır və Azərbaycan öz zəngin tarixi, mədəniyyəti, milli dəyərləri ilə bəşər sivilizasiyasına töhfələr verdiyin bir daha təsdiqləyir.


Nəzakət Ələddinqızı

Səs.- 2015.- 23 sentyabr.- № 176.- S. 3.