Cəmiyyətin ən böyük qüvvəsi olan gənclərin məşğulluğu Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsidir
AzərTAc xəbər verir ki, sentyabrın 24-də Bakıda, “Gülüstan” sarayında Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya gənclərinin IV məşğulluq sammiti (YES) işə başlamışdır.
YES-in ilk sammiti 2002-ci ildə Misirin İsgəndəriyyə şəhərində, ikinci sammiti 2004-cü ildə Meksikanın paytaxtı Mexikoda təşkil olunmuşdur. Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş 3-cü sammitdə Azərbaycan nümayəndə heyətinin təklifi ilə növbəti forumun Bakıda təşkili qərara alınmışdır.
Yüzdən çox ölkədən 600 nümayəndənin, o cümlədən bir çox ölkənin müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, diplomatların, özəl sektorun, QHT-lərin təmsilçilərinin iştirak etdikləri Bakı sammitindən məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılmasına nail olmaqdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən sammiti Gənclər və İdman naziri Azad Rəhimov açaraq, qonaqları salamladı, tədbirin Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğuladı. O, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, bununla bağlı mühüm qərar və qanunların, habelə dövlət proqramlarının qəbul edildiyini xatırlatdı. Bildirdi ki, proqramlarda azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində dövlət hesabına təhsil almaları, informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini artırması, gənclər üçün biznes imkanlarının genişləndirilməsi, onların məşğulluğunun artırılması və sair nəzərdə tutulmuşdur.
Nazir dedi ki, Azərbaycanda təhsilin inkişafı prioritet məsələlərdən biridir. Bu istiqamətdə təkcə dövlət deyil, Heydər Əliyev Fondu da mühüm işlər görür. Son illər Fondun təşəbbüsü ilə yüzlərlə məktəb binaları tikilmiş, əsaslı təmir olunmuş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir.
Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin sammit iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış etdi.
Xalq qəzeti.- 2008.- 25 sentyabr. - № 215.- S. 7.