Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın konqresə təbrik məktubu oxunmuşdur
Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası qadın nümayəndələrinin I konqresi keçirilmişdir.
Konqresdə partiyanın sədri, Türkiyə Respublikasının Baş naziri Rəcəb Təyyib Ərdoğan nitq söyləmişdir. O bildirmişdir ki, son zamanlar ölkə həyatının bütün sahələrində qadınların fəallığı artmışdır. Sevindirici haldır ki, bu, siyasi sahədə də özünü göstərir. Məhz buna görə qadınların konqresi ölkə həyatında əlamətdar hadisədir.
Tədbirdə çıxış edən dövlət naziri Gürdan Akşid və partiyanın qadın komitəsinin sədri Seval Kavak qadınların müasir cəmiyyətdəki rolu haqqında ətraflı məlumat vermiş, bunu statistik rəqəmlərlə əsaslandırmışlar.
Milli Məclisin deputatı Məlahət Həsənova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın konqresə təbrik məktubunu oxumuşdur. Mehriban xanım Əliyevanın məktubu konqres iştirakçılarının gurultulu və sürəkli alqışları ilə qarşılanmışdır. Azərbaycanlı deputat ölkəmizdə gedən demokratik proseslərdə qadınların rolu haqqında çıxış etmiş, konqres iştirakçılarına Milli Məclisin və Yeni Azərbaycan Partiyası üzvlərinin də salamlarını çatdırmış, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğana xatirə hədiyyəsi təqdim etmişdir.
Sonra deputat Məlahət Həsənova Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan və Baş nazirin müavini, xarici işlər naziri Abdullah Gül ilə gorüşmüşdür. Onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdıran Məlahət Həsənova ölkəmizdəki siyasi-ictimai proseslər barədə məlumat vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının, dərin hörmət və ehtiramının çatdırılmasını xahiş edən Baş nazir Rəcəb Təyyib Ərdoğan və xarici işlər naziri Abdullah Gül Türkiyə hökumətinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, ölkəmizdəki demokratik prosesləri, iqtisadi tərəqqini, xalqın maddi rifahının artmasını məmnuniyyətlə izlədiklərini vurğulamış, ölkələrimiz arasındakı münasibətlərə hər zaman böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "bir millət, iki dövlət" prizmasından yanaşdıqlarını bildirmişlər.
Tural Rzayev
Xalq qəzeti.- 2005.- 11 may.- № 106.- S. 4.