Çap etmək   ⁞     ⁞   UNESCO

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı olmuşdur


Bakı, 30 may (AzərTAc). Mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Forumda iştirak edən yüksək səviyyəli qonaqlarla görüşdü.

UNESCO-nun baş direktoru xanım İrina Bokova Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev!

BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Zati-aliləri Nassir Əbdüləziz əl-Nasser!

İSESCO-nun baş direktoru Zati-aliləri Əbdüləziz bin Osman əl-Tüveycri!

Zati-aliləri səfirlər, nazirlər, xanımlar və cənablar.

İkinci Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək mənim üçün böyük bir şərəfdir. Mən çox böyük minnətdarlığımı məhz cənab Prezident İlham Əliyevə bildirmək istəyirəm ki, onun bu mövzuya davamlı dəstəyi və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qayğısı ilə Azərbaycanda bu vacib məsələyə böyük diqqət göstərilir.

Azərbaycan qədim İpək Yolunun bir hissəsi olaraq böyük mədəniyyət və incəsənət mərkəzinə çevrilmişdir və bu da UNESCO-nun Mərkəzi Asiyada apardığı işlərlə üst-üstə düşür. Mədəniyyətlərarası daimi dialoqun davam etdirilməsinə çalışıram. Bakının qədim hissəsi - İçərişəhər UNESCO-nun Dünya Mədəni İrs siyahısında öz yerini tapmışdır. Novruz bayramı Türkiyə, Hindistan, Qırğızıstan, Pakistan, Özbəkistan ilə birgə keçirilən bayramdır, UNESCO-nun qeyri-maddi mədəni irsinin bir hissəsidir. Həmçinin muğam sənəti UNESCO-nun dünya mədəniyyətinin irsidir. Gələn ilin dekabrında buna həsr olunmuş növbəti tədbirlər bizim birgə dəyərlərimizə göstərilən dəstəyin təsdiqidir. Məhz bu cür rəhbərlik bizə bu gün həddindən artıq lazım olan amildir. Əməkdaşlıq üçün yeni imkanlar açıldıqca iqtisadi böhranın hökm sürdüyü bu qarmaqarışıq dövrdə müxtəlif ölkələri - Malidə və Suriyadakı kimi daim münaqişə vəziyyətində yaşayan ölkələri nəzərə almağımız çox vacib məsələdir.

Mədəni müxtəliflik ölkələr arasında və ölkələrin daxilində çox önəmli məsələlərdən birinə çevrilir. Məhz buna görə bu dialoq böyük əhəmiyyət kəsb edir. Çünki bizə sosial inkluzivlik və həmrəylik kimi amillər çox lazımdır. UNESCO üçün sülh yalnız siyasi və iqtisadi tədbirlər nəticəsində əldə oluna bilməz. Onun kökləri əqli və mənəvi həmrəylikdə təcəssüm tapmalıdır ki, bu da bizim Nizamnaməmizdə əks olunmuşdur. Bu həmrəylik dialoq və mübadilə formasında həyata keçirilməlidir və qarşılıqlı anlaşma mühitində bərqərar edilməlidir. Bu da UNESCO-nun prioritetləri - sülh, elm, informasiya və təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi vasitəsilə həyata keçirilməlidir.

Dünyanın bütün bölgələrində mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dərinləşdirilməsi üçün UNESCO-nun xətti ilə həyata keçirilən silsilə tədbirlərə toxunan İrina Bokova bu istiqamətdə Azərbaycanın da səmərəli fəaliyyət göstərdiyini xüsusi vurğulayaraq bildirdi:

- Xanımlar və cənablar, biz mədəni müxtəlifliyi problem kimi qəbul edə bilmərik. Əksinə, biz mədəni müxtəlifliyi böyük bir dinamik qüvvə kimi qələmə verməliyik. Məhz bu qüvvə kreativliyə, davamlı inkişafa və sülhə yönəldilmiş əsas amillərə çevriləcəkdir. Bu meyllər dünya miqyasında əksini tapıb. Fürsətdən istifadə edərək Azərbaycan hökumətinə Haitinin Jakmel şəhərində bizə dəstək göstərdiyinə görə təşəkkürümü bildirirəm. Bu, UNESCO-nun cari ildəki nəşrlərində əksini tapmışdır.

Mədəni müxtəliflik bizim mədəniyyətlərimiz üçün artıq reallığa çevrilmiş bir haldır. Amma bu, siyasətimizin əsasını təşkil edən amillərdən birinə çevrilməlidir. Mən də məhz bunu yeni humanizm - XXI əsrin humanizm ideyası kimi bəyan edirəm.

Məhz bu nikbin notlarla Məhsəti Gəncəvinin sözlərini qeyd etmək istəyirəm. UNESCO Məhsəti Gəncəvinin 900 illiyini elə iki həftə bundan əvvəl qeyd etmişdir. Onun ləyaqətə həsr olunmuş belə bir şeiri vardır, ondan sitat gətirmək istəyirəm: “Mən özümü tərk edəndə mənim üçün bütün yollar açılır”. Yəni, özümü unudanda mənim üçün bütün yollar açılır. Məhz bu nikbin fikirlə mən öz çıxışımı başa vurmaq istəyirəm. Diqqətinizə görə sizə çox minnətdaram.


AzərTAc,
2013, 30 may