Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Vətənpərvərlik, insanpərvərlik və mərhəmətlilik simvolu

Məhz bu keyfiyyətlərinə görə Mehriban xanım Əliyeva yenidən "İlin qadını" seçildi


Hazırda cəmiyyətdə qadınların böyük rola malik olması danılmaz faktdır. Demokratiya yolu ilə addımlayan ölkəmizdə də qadınlar bütün sahələr də uğurlu fəaliyyətləri ilə seçilirlər. Onların ictimai-siyasi proseslərdə yaxından iştirak etmələri, genişmiqyaslı işlər görmələri cəmiyyətdə öz mövqelərini möhkəmləndirməyə şərait yaradır. Qadınlarımızın rəhbərlik etdikləri təşkilatlarda, təmsil olunduqları birliklərdə yüksək fəallıq və bacarıq nümayiş etdirmələri onlara həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda böyük hörmət və nüfuz qazandırır, barələrində müsbət imic formalaşdırır.

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "İlin qadını" elan olunması da məhz çoxşaxəli və humanitar fəaliyyətlərinin nəticəsi olaraq xalqımızın ona hörmət və məhəbbətinin təzahürüdür. Bu fəxri mükafat Mehriban xanıma "Lider qadınlar" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğu əsasında təqdim olunub. Məlumat üçün qeyd edək ki, 1995-ci İldə Pekində keçirilmiş Qadınların 4-cü Beynəlxalq konfransının 10-cu ildönümü münasibətilə Azərbaycanda 2004-cü ilin yekunlarına görə "İlin qadını"nı müəyyənləşdirmək məqsədilə sorğu keçirmək üçün təşkilat komitəsi yaradılmışdı. Komitənin işinə respublikamızın, eləcə də xarici ölkələrin təcrübəli ekspertləri cəlb olunub, onların iştirakı ilə bu ilin fevralından paytaxtda və respublikamızın regionlarında əhalinin müxtəlif təbəqələri arasından seçilmiş 1800 respondentə anket paylanıb. Sorğu anketinə respublikamızın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən qadınların adları daxil edilib. Qeyd edək ki, müxtəlif yaş qruplarının, peşə, məşğuliyyət sahəsini əhatə edən minlərlə insan bu anonim sorğuda iştirak etmək arzusu ilə təşkilatçılara müraciət edib. Sorğu iştirakçılarının 74,6 faizi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya 1-ci yer verib, onu yenə də Azərbaycan qadınına xas olan yüksək keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə "İlin qadını" hesab edib. Xalqımızın böyük əksəriyyətinin ölkəmizin 1-ci qadınına etimad göstərməsi söz yox ki, heç də təsadüfi deyil. Və əgər Mehriban xanımın çoxşaxəli fəaliyyətinə nəzər salsaq, onun daha geniş fəaliyyət proqramına malik olması üçün rəsmi postlarda təmsil olunmağa layiq olduğunu əminliklə söyləyə bilərik.

Ölkəmizin birinci xanımını oxuculara daha yaxından tanıtmaq üçün əvvəlcə qısa arayış verək:

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə və hazırda onun rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondu təsis olunub. 1996-cı ildə isə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, həmçinin ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və dahi öndərin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəslə aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il avqustun 13-də isə Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. 0, eyni zamanda 2004-cü il dekabrın 28-də Milli Olimpiya Komitəsinin 4-cü Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. 2005-ci il iyunun 9-da isə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb.

Mehriban xanım Əliyevanın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə diqqət yetirsək, onun xalqımızın milli sərvətlərinə, tarixi abidələrinə, sosial problemlərinə, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrinə biganə qalmadığını görərik. Onun rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyəti Dostları" Xeyriyyə Fondunun xətti ilə milli musiqimizin qorunub-saxlanması və təbliği məqsədilə keçirilən tədbirlər, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində uşaq evlərində və internat məktəblərində aparılan əsaslı təmir və yenidənqurma işləri, Azərbaycan Gimnastika Federasiyasının xətti ilə idmanımızın inkişafı istiqamətində atılan uğurlu addımlar Mehriban xanımın millətini sevən vətənpərvər bir insan olduğuna əyani sübutdur. Tam əminliklə deyə bilərik ki, Mehriban xanıma məhz qısa ictimai fəaliyyəti dövründə gördüyü genişmiqyaslı işlər, qazandığı uğurlar "İlin qadını" fəxri mükafatını qazandırıb. Biz onun geniş fəaliyyətinin bir məqalə çərçivəsinə sığmadığını nəzərə alaraq sonda bu yüksək mükafata layiq görülməsi münasibətilə onu ürəkdən təbrik edir, Vətənimiz və xalqımız qarşısında göstərdiyi xoşməramlı xidmətlərində yeni-yeni uğurlara imza atmasını arzulayırıq.


Sevinc Paşayeva

Azad Azərbaycan.- 2005.- 20 iyul.- № 108.-S. 3.