Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonundakı internat məktəbdə və Pir Həsən ziyarətgahında olmuşdur


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 12-də Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbdə Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

1985-ci ildə tikilmiş məktəb binası indiyədək təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Mehriban xanım bu ilin fevralında vəziyyətlə tanış olduqdan sonra burada Fondun vəsaiti hesabına əsaslı təmir işləri aparılacağını bildirmişdi. İndi təmir və yenidənqurma işləri tam başa çatmışdır. Məktəbin üçmərtəbəli 3 yataqxanası, tədris korpusu, yeməkxanası, yardımçı binaların dam örtüyü, bütün kommunikasiya xətləri təzələnmiş, ilk dəfə olaraq istilik sistemi quraşdırılmışdır. İdman salonu və meydançaları, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulmuş, həyətə asfalt döşənmiş, tibbi yardım kabinələri müasir avadanlıqla komplektləşdirilmişdir.

Direktor Kamran Hacıyev məlumat verdi ki, hazırda məktəbdə valideyn himayəsindən məhrum olmuş 280 uşaq təlim-tərbiyə alır, 52 müəllim və tərbiyəçi, 42 xidmətçi çalışır. Məktəb 9 illik təhsil verir. Buranı qurtaranlar orta təhsil verən digər məktəblərə köçürülürlər. Məktəbdə əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradılır.

Mehriban xanım uşaqların əl işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yoluna, Fondun fəaliyyətinə həsr olunmuş fotoguşələrə baxdı. Məktəbin şagirdlərindən ibarət nəfəs alətləri orkestrinin ifasından razı qalan Mehriban Əliyeva musiqi müəllimi Rafael Bağırovun əməyini yüksək qiymətləndirdi, Fondun keçirəcəyi tədbirlərə orkestrin də dəvət ediləcəyini bildirdi.

Müəllimlərlə keçirilən qısa görüşdə məktəbin veteranı, Səbinə Salayeva kollektivin yekdil fikrini ifadə edərək dedi ki, bu şəhərcik, əslində, yeni tikilmiş böyük təhsil kompleksidir. Burada hər şey təzədir. Sakinlər, valideynlər, müəllim və uşaqlar yaxşı bilir ki, bütün bunlar Mehriban xanımın şəxsi təşəbbüsü, qayğısı ilə başa gəlmişdir. Hamımız Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndiririk. Bu qayğı və diqqətdən minlərlə ailə sevinc, təsəlli duyur.

Mehriban xanım Heydər Əliyev Fondunun işləyib hazırladığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi, görülən işlərə, deyilən xoş sözlərə görə razılığını ifadə etdi, xeyirxah, savab əməl sahiblərinə ən xoş arzularını yetirdi.

Geniş, işıqlı, təzə avadanlıqla təmin edilmiş yeməkxanada nahar süfrəsi arxasında uşaqlarla keçirilən görüş də unudulmaz xatirəyə çevrildi. Müxtəlif millətlərdən olan uşaqlar Mehriban xanımı salamladılar, Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Prezidentinə həsr edilmiş şerlər ifa etdilər.

Elə həmin gün Mehriban Əliyeva Mərdəkandakı Pir Həsən ziyarətgahını da ziyarət etdi, buraya gələnlərlə hal-əhval tutdu, Fondun vəsaiti hesabına aparılan əsaslı təmir-bərpa işləri ilə tanış oldu. Bu ziyarətgahda axund Hacı Turab ağa, Hacı Zeynalabdin Tağıyev, qızı Sona xanım dəfn edilmişdir. Burada yenidən inşa edilən məqbərə, ibadətgah kompleksi qədim milli, dini ornamentlərlə bəzədilir, artıq son tamamlama işləri görülür.

Ziyarətgaha gələnlər Prezident İlham Əliyevin və xanımının xalqımızın milli mənəvi dəyərlərinə göstərdikləri qayğı, hörmət və ehtiramı yüksək qiymətləndirdilər, öz razılıqlarını bildirdilər, ən xoş arzularını çatdırdılar. Daha sonra qəsəbədə oğlanlar üçün internat məktəbin tikintisində işlərin gedişi ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, hazırda beşmərtəbəli binada əsas işlər başa çatdırılmışdır, dam örtüyü vurulmuşdur. Fondun hesabına tikilən bina yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Heydər Əliyev Fondunun prezidenti Şüvəlan qəsəbəsindəki 10 nömrəli körpələr evi və uşaq bağçasında, mədəniyyət sarayında, qəsəbədəki yeganə xəstəxanada da oldu, 1953-56-cı illərdə inşa edilmiş bu təhsil, mədəniyyət və səhiyyə ocaqlarının problemləri ilə maraqlandı, şəraitlə tanış oldu. Vaxtilə “Şimal” DRES-in balansında olmuş bu binalar artıq öz görkəmini itirmişdir. Mehriban xanım yararsız vəziyyətdə olan binaların əsaslı təmirinə, yaxud da yenidən tikilməsinə ehtiyac olduğunu bildirdi, mütəxəssislərin rəyindən sonra Fondun lazımi kömək göstərəcəyini vəd etdi.

Buraya toplaşan qəsəbə sakinləri, müəllimlər və tibb işçiləri Şüvəlanın bir sıra problemləri ilə bağlı da xahiş və arzularını çatdırdılar. Mehriban xanım ölkəmizin iqtisadi potensialının gücləndiyini, büdcə gəlirlərinin günbəgün artdığını, dövlət tərəfindən geniş sosial layihələrin işlənib hazırlandığını, ardıcıl həyata keçirildiyini diqqətə çatdırdı. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun da bu işdə öz köməyini əsirgəmədiyini vurğuladı, qaldırılan məsələlərin hamısının diqqətlə öyrəniləcəyini, imkan daxilində kömək göstəriləcəyini bildirdi.


Xalq qəzeti.- 2005.- 13 oktyabr.- № 238.- S. 6.