Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Gənc rəssamın fərdi sərgisi açılacaqdır


AZƏRTAC xəbər verir ki, iyunun 27-də “Qız Qalası” rəsm qalereyasında gənc rəssam İlqar Talıbovun fərdi sərgisi açılacaqdır.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə açılacaq sərgidə İlqarın boyakarlıq, fotoqrafiya, kompyuter qrafikası sahəsindəki işləri nümayiş etdiriləcəkdir.

On beş yaşlı rəssam 160 saylı orta məktəbin şagirdi, “British Council”in tədrisi mərkəzində ingilis dilini öyrənir. Beş yaşından təsviri sənətlə məşğul olan İlqarın ilk fərdi sərgisi 2001-ci ildə dövlət səviyyəsində keçirilmişdir. Haqqında iki sənədli film çəkilmişdir. Adı Gənclər və İdman Nazirliyinin xüsusi istedadlar haqqında nəşr etdiyi “Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi” kitabına düşmüşdür.

Tanınmış rəssam Səbinə Şıxlinskayanın rəhbərliyi altında çalışan İlqarın işləri Türkiyə, Hindistan, Böyük Britaniya, Yaponiya, Polşa, İran, Fransa, ABŞ, Rusiya və Gürcüstanda nümayiş etdirilmişdir.

İlqar Talıbov həm də idman rəqsləri üzrə Azərbaycan, Avropa, Rusiya kuboklarını qazanmışdır, Azərbaycan çempionudur.


AZƏRTAC
2006, 24 iyun