YUNESKO və Azərbaycan
Azərbaycan çoxəsrlik, zəngin, qədim tarixə malik olan bir ölkədir. Bu tarixin izlərini təkcə yazılı mənbələrdə deyil, həm də müxtəlif maddi və mənəvi mədəniyyət, o cümlədən tarixi abidələrdə, tarixi salnamə və ədəbiyyatda, mütəfəkkirlərin əsərlərində aydın görmək olar.
Azərbaycan hər zaman diqqətəlayiq tarixi-memarlıq nümunələri ilə də zəngin olmuşdur. Onlardan bəziləri hələ də öz ecazkarlığını qoruyub saxlamışdır. Bunların sırasında Qız qalasını, İçərişəhər və Şirvanşahlar kompleksini, Bakı kəndlərində və Azərbaycanın digər əyalətlərində yerləşən qalaları, müxtəlif tikililəri, o cümlədən xalqımızın böyük sərvəti olan Mömünə xatun və Yusif ibn Kuseyir türbələrini və s. göstərmək olar.
Azərbaycanın keçmişinə aid abidələr, hətta onun ən kiçik parçaları belə xalqımızın keçdiyi tarixi mərhələlərdən, onun çətin və keşməkeşli yollarından bəhs edir.
Xalqın böyüklüyü onun zəngin mədəniyyəti və elmi təfəkkürü ilə ölçülür. Azərbaycan xalqı da belə xalqlardan biridir. "Avesta", "Kitabi-Dədə Qorqud" kimi ruhani aləmlə bağlı əxlaq kodeksləri, orta əsrlər dövrünün fəlsəfi düşüncəsi, özünəməxsus memarlıq, xalçaçılıq, tətbiqi və təsviri sənət, musiqi və nəhayət teatr və kino kimi incəsənət sahələrinin nümunələri Azərbaycan xalqının dünya mədəni xəzinəsinə bəxş etdiyi incilərdəndir.
Əfsuslar olsun ki, əcdadlarımız öz yaradıcılıqlarına o qədər aludə olmuşlar ki, öz yaradıcılıq bəhrələrinin qorunması və ya müasir dillə desək öz müəllif hüquqlarının qorunması barədə düşünməmişlər. Təəssüf ki, bu gün yenə sanki iradəmizdən asılı olmayaraq bu sahədə başısoyuqluq edir, yəni nə dədə-babalarımızın, nə də özümüzün yaratdığı həm mənəvi, həm də maddi mədəniyyət nümunələrini tələb olunan səviyyədə qoruya bilmirik. Lakin mədəni irsin qorunması və gələcək nəslə ötürülməsi mexanizmi bir neçə elmin tədqiqat obyekti ola bilər.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində yaranmış erkən dövlət qurumlarının, iri dövlətlərin mövcud olmasında mədəniyyət faktoru mühüm rol oynamışdır. Bir ərazidə yaşayan müxtəlif soylu tayfalar oxşar mədəni stereotiplər prinsipinə uyğun və emopsixoloji ünsürlərin kütləviləşməsi nəticəsində birləşərək dövlət yarada bilmiş, hər birisi dövlətin ictimai-siyasi həyatında fəal iştirak edə bilmişdir.
Mədəniyyət xalqın rifahı üçün ilk zəmindir. Məhz buna görə də bütün tarix boyu Azərbaycan müxtəlif işğalçıların, yadellilərin hücumuna məruz qalmışdır. Onları vətənimizə cəlb edən sərvətlərimizin, məhsuldar torpaqlarımızın, incəsənətimizin möhtəşəmliyi olmuşdur. Bu hücumların nəticəsində isə qədim qalalarımız, abidələrimiz, qısaca desək maddi sərvətlərimizin bir hissəsi çapılıb-talanmış, bir hissəsi isə üzdəniraq qonşularımız tərəfindən tamamilə məhv edilmişdir. Maraqlısı odur ki, bu hücumlardan və qarətlərdən xalqımız heç vaxt yaratmaq stimulunu itirməmişdir.
Lakin bu cür zəngin mədəni xəzinəmizin olmasına baxmayaraq biz onu lazımınca qoruyub mühafizə edə bilmirik. Təəssüf ki, Azərbaycana gələn xarici qonaqlar bu mədəniyyətlə bəzən bizdən daha çox maraqlanırlar. Buna əmin olmaq üçün ölkəmizdə keçirilən müxtəlif mədəni tədbirlərə gələn qonaqlara nəzər salmaq yetər.
Rəsmi məlumatlara əsasən, işğal altında olan torpaqlarımızda mindən artıq ölkə və dünya əhəmiyyətli mədəniyyət nümunələrimiz dağıdılmış, 100 arxeoloji abidənin, 22 muzeyin əksəriyyəti tamamilə və ya qismən məhv edilmişdir. Maddi mədəniyyət nümunələri ilə yanaşı erməni millətçiləri ardıcıl şəkildə Azərbaycan xalqının folklorunu, musiqisini, muğamlarını, ədəbiyyatını və digər möhtəşəm mənəvi sərvətlərimizi öz adlarına çıxaraq mənimsəmişlər. Azərbaycan xalq dastanları "Koroğlu", "Şah İsmayıl", "Aşıq Qərib", məşhur xalq rəqslərimiz "Tərəkəmə", "Yallı", "Vağzalı", habelə "Sarı gəlin" kimi bir çox xalq mahnılarımız adları dəyişdirilərək və ya öz adları saxlanılaraq saxtakarlıqla erməni musiqisinin nümunələri kimi qeydə alınmış, dünyaya erməni musiqisi kimi təqdim edilib tanıdılmışdır.
"Kitabi-Dədə Qorqud" dastanı da kənar təzyiqlərə məruz qalmışdır. XVI əsrdə Azərbaycandan aparılmış Drezden əlyazmasındakı yüzlərlə təhrif edilmiş söz və ifadələrin mövcud olması, bu abidənin bizə, elmi ictimaiyyətə məlum olduğu 200 ildən artıq tarixində, ən məşhur naşir və tədqiqatçıları çətinliklərə salmışdır.
Ümummilli liderimiz H. Əliyev "Kitabi-Dədə Qorqud" dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixində fərman imzalamışdı. Bu fərman təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ədəbi-tarixi, mədəni keçmişinin öyrənilməsinə xidmət etmişdir. H. Əliyevin sözləri ilə desək:
- "Kitabi-Dədə Qorqud" dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz-türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün çox əhəmiyyətlidir. Ulu xalqımızın yeddinci əsr abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı da YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. "Kitabi-Dədə Qorqud" milli mədəniyyətimizin iftixarı olmaqla bərabər, qədim türk bədii təfəkkürünün ən qiymətli incilərindən biridir.
Azərbaycan xalqının intellektual mədəniyyəti sahəsində də nailiyyətləri az deyil. Lakin əhalinin müəyyən hissəsi bu nailiyyətlər haqqında yalnız eşitməklə kifayətlənməli olmuş və onlarla təmasda ola bilməmişdir. Çünki xalqımız tarixin müəyyən dövrlərində müxtəlif xalqların əsarətində yaşamış, yadellilərin dilində yazıb-yaratmışdır. Bu gün isə həmin dövrə aid olan, bizə gəlib çatmış əsərlər qeyri Azərbaycan dilində yazıldığına görə bizlər üçün problem yaradır.
Bununla belə, H. Əliyevin çox maraqlı təşəbbüslərindən biri də hələ keçən əsrin 70-ci illərində Nəsirəddin Tusinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi barədə xüsusi göstərişi olmuşdur. Əfsuslar olsun ki, müstəqilliyimiz һәфа olunandan sonra da bu göstəriş kağız üzərində qalmış, unudulmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşları buna səy belə göstərməmişlər.
Azərbaycan sərvətlərinə yiyələnmək faktı da yeni deyil. Ədəbiyyat nümunələrimizin oğurlanması faktlarından birinə Azərbaycanın görkəmli maarifpərvər şairi olan Mirzə Şəfi Vazehin yaradıcılığında da rast gəlmək olar. Tiflisdə çar hökuməti xidmətində olan hannoverli Fridrix Bodenştedt Mirzə Şəfi Vazehdən fars və Azərbaycan dili öyrənərkən, onun ən gözəl şeirlərini dəftərinə yazmış və Almaniyaya döndükdən sonra, onları alman dilinə tərcümə edərək, 1850-ci ildə "Şərqdə min bir gün" adlı əsərində çap etmişdi. 1851-ci ildə isə o, Berlində "Mirzə Şəfinin şərqiləri" adı ilə bir kitabça nəşr etdirmişdi. Azərbaycan şairinin bu şeirləri Almaniyada və Avropanın başqa ölkələrində böyük müvəffəqiyyət qazanaraq şairə böyük şöhrət qazandırmışdı.
Mirzə Şəfinin şeirlərinin böyük şöhrət qazandığını görən Bodenştedt sonrakı nəşrlərdə Mirzə Şəfinin müəllifliyini büsbütün inkar edərək, özünü həmin şeirlərin müəllifi elan etmişdi.
Digər fakt. Azərbaycan xalçaları nəinki milli, hətta dünya muzeylərinin bəzəyidir. Ona görə də onlara göz dikən çoxdur. Ölkəmizdə yeddi xalçaçılıq məktəbi seçilir: Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz. İran xalçaları adı ilə tanınmış bu xalçalar öz ünvanlarına qaytarılmalıdır.
Çoxumuza məlumdur ki, indi milli xalçalarımız qanunsuz surətdə xaricə satılır. Əfsuslar olsun ki, biz bu məsələ ilə ciddi surətdə məşğul olmuruq.
Tarixdən məlumdur ki, Azərbaycan müxtəlif dövrlərdə gürcülərin hücumuna da məruz qalmışdır. Məhz belə hücumların nəticəsində Gəncə şəhəri talan edilmiş, çoxlu qənimət aparılmışdı. Tarixi əhəmiyyətə malik olan Gəncə qapıları da qənimətlər arasında idi.
Hal-hazırda Gəncə darvazasının bir tayı Kutaisi şəhərindəki Helati monastırında saxlanılır. O biri tayını isə Türklər Gürcüstana hücum edərkən (ehtimal ki, XVI əsrdə) qənimət kimi aparıblar. İndi darvazanın həmin hissəsindən heç bir məlumat yoxdur. Müntəzəm şəkildə olmasa da Gəncə darvazasının geri, öz sahiblərinə qaytarılması məsələsi müxtəlif elmi iclasların, konfransların müzakirə obyekti olmuşdur. Lakin bu müzakirələr hələ heç bir nəticə verməmişdir.
Göründüyü kimi, tarixi irsimizin qorunması baxımından YUNESKO-nun rolu böyükdür. YUNESKO (UNESCO ingiliscə: "United Nations Educational, Scientific and Cultural Organization" yəni "Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı" söz birləşməsinin qısaldılmış formasıdır) - BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan ixtisaslaşdırılmış hökumətlərarası təşkilatıdır. Bu təşkilat 1945-ci ilin noyabrında yaradılmış, 1946-cı ildən isə gərgin fəaliyyətə başlamışdır. YUNESKO müxtəlif xalqların elm, mədəniyyət və maarif sahəsində əlaqələrin genişlənməsinə yardımçı olaraq onu möhkəmləndirir. Qeyd etmək lazımdır ki, 1980-cı ildə 147 ölkə YUNESKO-nun üzvü olmuşdur. Hal-hazırda 180-ə yaxın üzvü var. Qərargahı Paris şəhərindədir (Fransa). Hazırda YUNESKO-nun baş direktoru 1999-cu ildən təşkilata rəhbərlik edən cənab K.Matsuuradır.
YUNESKO-nun qarşısına qoyduğu əsas məqsədi bütün xalqların ən qiymətli, nadir nümunələrini qorumaqdan və gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
YUNESKO-nun mədəniyyət şöbəsinin direktora xanım Noriko Aikava ölkəmizdə olarkən qeyd etmişdi ki, onun Azərbaycana gəlişinin əsas məqsədi "Bəşəriyyətin qeyri-maddi və şifahi mədəni irsinin şah əsərlərinin elan edilməsi" adlı proqrama daxil ediləcək Azərbaycan muğamı haqqında məcmuə yaratmaq və Alim Qasımovun "Muğam mərkəzi"nin yaradılmasına kömək etməkdən ibarətdir.
Özümüzün qoraya bilmədiyimiz sərvətlərimizi bu təşkilata həvalə etmək məcburiyyətindəyik.
N.Gəncəvinin, M.Füzulinin, İ.Nəsiminin və b. görkəmli Azərbaycan mütəfəkkir sənətkarların yubileylərinin YUNESKO-nun xətti ilə yüksək səviyyədə keçirilməsi dünya ictimaiyyətinin zəngin Azərbaycan mədəniyyətinə olan marağının açıq ifadəsidir.
80-ci illərin əvvəllərində dünyada 12 mindən artıq muzey mövcud idi. Dünya muzeylərinin fəaliyyətini əlaqələndirmək üçün YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası fəaliyyət göstərir. Bu Beynəlxalq Şuranın tərkibinə müxtəlif dövlətlərin milli Muzey Komitələri daxil edilmişdir.
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 27.11-02.12.2000-ci il tarixdə keçirilmiş 24-cü sessiyasında İçərişəhər tarixi-memarlıq qoruğunun Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilmiş, 2003-cü ildə isə Azərbaycan tarixini təcəssüm etdirən möhtəşəm İçərişəhər tarixi-memarlıq qoruğu YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Bu siyahıya Suraxanı rayonunda yerləşən Atəşgah, Naxçıvandakı məqbərələr, sərdabələr də aid edilmişdir.
Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal tərəfindən 1981-ci ildə "Səma altında muzey" adlandırılmış Qobustan isə 2004-cü ildə Dünya Mədəni İrs siyahısına daxil edilmişdir. Lakin Azərbaycanda bu siyahıya qeydə düşməmiş, dünya mədəniyyət tarixində mühüm rol oynayan bir sıra abidələr var ki, hələ də qeydə alınmamışdır. Bunlardan Naxçıvandakı Gəmiyqaya abidələri, Füzuli rayonundakı Azıx mağarası, Kür-Araz və Gədəbəy-Xocalı mədəniyyətlərinin qalıqlarının adlarını çəkmək olar.
Azərbaycanın mədəniyyət sahəsində YUNESKO və bu kimi beynəlxalq təşkilatlarla geniş əməkdaşlığı sayəsində vətənimiz milli-mədəni ənənələrini qoruyaraq dünya mədəniyyətinə inteqrasiya olma mərhələsindədir. Bu prosesin çox ləng və çətin getməsi güman ki, müasir dünyada cərəyan edən qloballaşma və texnogen sivilizasiya vasitələrinin tətbiq edilməsi ilə bağlıdır.
2004-cü ilin sentyabr ayının 9-da Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
Dahi Azərbaycan kimyaçı alimi, ensiklopedik biliyə malik akademik Yusif Məmmədəliyevin (1905-1961) 100 illiyi ilə əlaqədar YUNESKO-ya üzv olmuş ölkələrin hamısında yubiley tədbirlərinin, yaradıcılıq gecələrinin keçirilməsi, alimlərin müxtəlif mükafatlarla təltif edilməsinin nəzərdə tutulması əlamətdar bir hal olaraq, həm də Azərbaycan dövlətinin mədəniyyət siyasətinin məqsədyönlüyündən xəbər verir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsinin ikinci bəndində göstərilir ki, hər kəs tarixi, mədəni irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
Bu maddə bir daha təsdiq edir ki, hər bir xalq öz mədəni irsini qoruyub saxlamalı, mühafizə etməlidir. Çünki öz mədəni irsini qorumayan xalq məhv olmağa məhkumdur.
Ümummilli liderimiz H.Əliyev bununla bağlı olaraq demişdir: "Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qayğı ilə qorumaq, qədim tikililəri һәфа etmək lazımdır".
Təəssüf ki, işğal olunmuş ərazilərimizdə əzəli düşmənimiz olan ermənilər qəddarcasına tarixi-mədəni abidələrimizi dağıtmağa davam edirlər. Əsrlər boyu qədim Azərbaycan dövləti olmuş Albaniyanın tarixini və mədəniyyətini özününküləşdirmək, Qarabağda yerləşən Alban kilsəsini öz adlarına çıxarmaq istəyirlər. Onlar bununla öz varlıqlarını sübut etməyə çalışırlar, lakin onlar heç bir şey əldə edə bilməyəcəklər.
Bu gün biz yalnız əlimizdə qalan və hələ də yaşayan, yaşamağa gücü olan və ya yaşamaq istəyən irsimizi qayğıkeşliklə qorumalıyıq. Bu ən azı bizim vətəndaşlıq borcumuzdur. Gələcək nəsillər qarşısında alnıaçıq, üzüağ dayanmaq istəyiriksə, bunu etməliyik. İnanırıq ki, nə vaxtsa bizdən oğurlanmış, mənimsənilmiş irsimizin nümunələri geri qaytarılacaq və haqq-ədalət öz yerini tapacaq.
Azərbaycan mədəniyyəti azadlıq, insanpərvərlik, vətən sevgisi kimi yüksək humanist ideyalar təbliğ edərək gənc nəslin tərbiyə olunmasında mühüm rol oynayır.
Hər bir xalqın mədəni irsi onun tarixi və bu günüdür. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin maddi-mədəniyyət abidələri, incəsənəti ilə fəxr edir.
Ədəbiyyat
1. Dirçəliş - XXI əsr, sentyabr 1999.
2. Болышая Российская Энциклопедия, M. 2000.
3. Azərbaycan Sovet Ensiklopediyası, Bakı 1981, 5-ci cild.
Rüfət Ələkbərov,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Mədəni İrs şöbəsinin əməkdaşı
Mədəni-Maarif.- 2009.- № 8/9.- S. 21-24.