Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Əzizbəyov rayonu ictimaiyyəti ilə görüşü
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 6-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində, Fuad Fərhadoğlu adına 230 nömrəli orta məktəbdə seçicilərlə görüşmüşdür.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən müasir tipli bu məktəbin müəllim və şagirdləri əziz qonağı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Məktəbin geniş, işıqlı iclas salonunda keçirilən görüşü Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov açaraq dedi ki, bu gün Milli Məclisə seçkilərdən bir il ötür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Əzizbəyov 2-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün seçicilərlə görüş keçirilir.
Ölkə rəhbərliyi tərəfindən görülmüş irimiqyaslı işlər, həyata keçirilən mühüm layihələr nəticəsində Azərbaycanın hər bir guşəsində olduğu kimi, Əzizbəyov rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilmişdir. Son bir ildə Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə rayonda irimiqyaslı layihələr həyata keçirilir. Görülən işlər Əzizbəyov rayonunun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Şüvəlan qəsəbəsinin sakinləri adından çıxış edən Tamilla Rəcəbova bu görüşə hədsiz sevinc hissləri ilə gəldiyini, Mehriban xanımın deputatlıq fəaliyyətinin bir ili ərzində görülən işlərin göz qabağında olduğunu bildirdi. Qəsəbənin illərdən bəri həll edilməmiş su probleminin aradan qaldırıldığını xüsusi vurğulayaraq minnətdarlıq etdi. O, Mehriban xanıma müraciətlə dedi ki, qonşuluqda yaşayan tənha qarıya tez-tez baş çəkirəm, evə girən kimi görürəm ki, bir tərəfdə Sizin, o biri tərəfdə Prezidentimiz İlham Əliyevin portreti vurulubdur. Şüvəlanda hansı evə qədəm bassanız, belə mənzərəni görəcəksiniz. Allah-taaladan Sizə və ailənizə cansağlığı arzu edirik, Sizi həmişə deputatımız kimi görmək istəyirik.
Müəllim Vəzirxan Əbilov son bir ildə Binə qəsəbəsində görülən işlərin əhatə dairəsinin genişlənməsindən, yeni məktəb, xəstəxana, mədəniyyət evi və kitabxananın, yardımçı elektrik stansiyasının, idman kompleksinin tikintisindən danışdı, park salındığını, qəsəbəyə təzə asfalt yol, su xətti çəkildiyini, qaz təminatı məsələsinin həll edildiyini vurğuladı. Xalqımızın milli-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşan Mehriban xanıma qəsəbədəki İmam Rza və Möhsün Səlim məscidlərinin bərpasına göstərdiyi qayğıya görə xüsusi təşəkkürünü bildirdi. İyunun 15-də Prezident İlham Əliyevlə birlikdə Mehriban xanımın da Hövsanda təməlqoyma mərasimində iştirak etdiyi 1176 yerlik məktəbin təzə binasının inşasının da sürətlə davam etdiyini bildirdi. O, çıxışının sonunda dedi: Bu yaxınlarda Sizin təşəbbüsünüzlə Parisdə YUNESKO çərçivəsində Azərbaycan günü keçiriləndə təmiz ingilis dilində çıxış etməyiniz qəlbimizi fərəh, iftixar hissi ilə doldurdu. Bir də ona görə çox sevinirik ki, Azərbaycanın birinci xanımı olmaqla yanaşı, Siz həm də bizim deputatımızsınız.
Türkan qəsəbəsinin sakinləri adından Mehriban xanımı salamlayan Mətanət Mayılova qəsəbəyə təzə asfalt yol çəkildiyini, poliklinika tikildiyini, park salındığını, uşaq bağçası, şahmat klubu, təcili tibbi yardım binaları inşa edildiyini, internat məktəbinin yenidən qurulduğunu, abadlıq-quruculuq işlərinin davam etdiyini vurğuladı. Ramazan bayramında Mehriban xanımın adından dindarlar üçün süfrə açılmasını dini dəyərlərimizə hörmətin ifadəsi kimi səciyyələndirdi. Bu il mayın 9-da dövlət başçımızla birlikdə Mehriban xanımın qəsəbədə olmasının türkanlıların qəlbində silinməz iz buraxdığını, “Əzizbəyov rayonunun inkişafı fondu”nun rayon sakinlərinin problemlərinin həllinə yardımçı olduğunu bildirdi, yekdilliklə səs verdikləri deputata ən xoş arzularını yetirdi.
Zirə qəsəbəsinin sakini Əlisahib Məmmədov isə çıxışında dedi: Televiziya ekranlarında nəvələrimizin də bir-birinə “bizim deputatımızdır” deyə fəxrlə göstərdiyi Mehriban xanım, düz bir il əvvəl Siz Zirə ağsaqqallarını yığıb problemlərimizi soruşanda, mən kənd ağsaqqalları adından bir neçə məsələni diqqətinizə çatdırdım. Fikirləşdim ki, zərif bir qadının çiyninə bu qədər problemin həllini qoymaqla, bəlkə də, günah iş görürəm. İndi, bir ildən sonra Sizə camaatımız adından ancaq, “Sağ olun, Allah xoşbəxt ailənizi başacan eləsin!” deməyə gəlmişəm. Siz bizim dilə gətirmədiyimiz, özünüzün gəzib gördüyünüz çatışmazlıqları da aradan qaldırmısınız.
Seçkiqabağı verdiyi vədlərin, demək olar ki, hamısını vaxtında layiqincə yerinə yetirdiyinə görə Mehriban xanıma təşəkkürünü bildirən Binə sakini Rəhimə Baxşıyeva dedi: Bir Azərbaycan qadını kimi mən Sizinlə fəxr edirəm, Siz qadınlarımızın intellektual səviyyəsini, mədəniyyətini, natiqliyini, zərifliyini bütün dünyada şərəflə təcəssüm etdirirsiniz, xalqımıza, vətənimizə başucalığı gətirirsiniz. Bütün bunlar üçün, deputatımız kimi bir ildə gördüyünüz böyük işlər üçün çox sağ olun.
Şüvəlan qəsəbəsinin sakini Aidə Rzayeva dedi ki, hər birimizin xeyli yaşımız var, müxtəlif dövrlərdə yaşamışıq, ancaq elə bir hal görməmişik ki, deputat verdiyi vədlərin hamısını belə ardıcıllıqla, diqqətlə, qayğı və tələbkarlıqla yerinə yetirsin. Sizin fəaliyyətinizdən hər bir ailəyə pay, rahatlıq düşür. Biz seçkiqabağı görüşlərdə də Sizin nə qədər sadə, səmimi olduğunuzu görürdük. Həmişə belə qalın, biz Sizi çox sevirik.
Daha sonra Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev son bir ildə deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda görülmüş işlər haqqında qısa məlumat verərək dedi:
- Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, 1 nömrəli uşaq evinin yay düşərgəsi, Şimal DRES-i qəsəbəsindəki 10 nömrəli uşaq bağçası və 230 nömrəli məktəb, 31 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı şəkildə bərpa edilib yenidən qurulmuş, 156 nömrəli orta məktəb üçün 700 şagird yerlik yeni bina inşa edilmişdir. Müasir tipli şahmat mərkəzinin tikintisi layihələndirilir, Şüvəlan qəsəbəsinin yolları təmir edilmiş və işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. Qəsəbəyə su xətti çəkilmişdir. Şimal DRES-i qəsəbəsində binaların dam örtüyünün və fasadının təmir işlərinə başlanılmışdır.
Binə qəsəbəsində alaqapı tikilmiş, 1176 şagird yerlik 218 nömrəli əsas məktəbin yeni binasının inşasına başlanmışdır. 70 nömrəli körpələr evi- uşaq bağçası, İmam Rza məscidi, Möhsün Səlim məscidi yenidən qurulmuş, 110 kilovoltluq “Yeni Binə” yardımçı stansiyası istifadəyə verilmiş, qəsəbəyə su xətti çəkilmiş, əsas yollar təmir olunaraq işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır.
Türkan qəsəbəsində alaqapı, Təhsil-tədris Mərkəzi və 256 nömrəli əsas məktəbin 300 şagird yerlik yeni binası inşa olunmuş, nitqi qüsurlu uşaqlar üçün respublika internat məktəbi, 214 nömrəli uşaq bağçası, 17 nömrəli şəhər poliklinikası, 18 nömrəli təcili yardım stansiyasının 25 nömrəli filialı yenidən qurulmuş, aptek istifadəyə verilmiş, bankomat quraşdırılmış, Türkan parkının yenidən qurulması işlərinə başlanılmışdır. Qəsəbənin əsas yolları təmir edilərək işıqlandırılmış, yol boyu dayanacaqlar quraşdırılmışdır.
Zirə qəsəbəsində alaqapının, Qışlaq sahəsindəki 122 nömrəli ibtidai məktəb üçün 100 şagird yerlik binanın inşası başa çatmış, neftçi Əbdülhəsən Babayevin abidəsi yenidən qurulmuş, xalq rəssamı Baba Əliyevin barelyefi açılmış, bankomat qoyulmuş, qəsəbənin əsas yolları təmir edilmiş, işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. Zirə parkının, mədəniyyət evinin, iaşə kompleksinin inşasına başlanmışdır.
Mərdəkan qəsəbəsində 2 nömrəli yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, oğlanlar üçün respublika xüsusi məktəbi yenidən qurulmuş,183 nömrəli məktəb üçün yeni tədris korpusu, rayon mərkəzi kitabxanası üçün bina inşa olunmuşdur. Əzizbəyov adına mədəniyyət evində yenidənqurma işləri gedir. Pir Həsən ziyarətgahının yenidən qurulması başa çatmaqdadır.
Buzovna qəsəbəsində, 206 nömrəli orta məktəb üçün əlavə korpus inşa edilmiş, 1296 şagird yerlik məktəbin, Cümə məscidinin yenidən qurulmasına başlanmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışı
- Əziz və hörmətli dostlar
İlk növbədə, mən sizi salamlayıram, sizi görməyə çox şadam və bir il bundan öncə, 2005-ci il 6 noyabr parlament seçkilərində mənə etimad göstərdiyinizə, mənə inanıb səs verdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Həm seçki kampaniyası dövründə, həm də sonrakı görüşlərimizdə olan səmimiyyət, xoş əhval-ruhiyyə, göstərdiyiniz xoş münasibət və hörmət mənim üçün çox əzizdir və unudulmazdır.
Demək olar ki, ilk görüşlərimizdən biz rayonda olan problemləri birlikdə araşdırıb müzakirə edir, onların həlli üçün yollar axtarırdıq. Həmin görüşlər zamanı biz Əzizbəyov rayonunun gələcək inkişaf planını, əsas perspektivlərini müəyyən edirdik.
Yəqin siz də razılaşarsınız ki, bir il o qədər də uzun müddət deyildir. Amma mən qürur hissi ilə demək istəyirəm ki, bir il ərzində biz qarşıya qoyduğumuz çox məqsədlərə nail olmuşuq. Bu gün konkret işlərin konkret nəticələrini görürük. Bugünkü görüşümüz yenidən inşa olunmuş, dünyanın ən yüksək standartlarına cavab verən 230 nömrəli məktəbdə keçirilir.
Mən yaxşı xatırlayıram, Şimal DRES-i qəsəbəsinin sakinləri ilə seçkiqabağı görüşümdə şagird və müəllimlər bildirdilər ki, məktəb çox yararsız vəziyyətdədir. Mən özüm də gəldim, bunun əyani şahidi oldum. Dərhal bütün zəruri tədbirlər həyata keçirildi. Bu gün artıq bizim balaca uşaqlar, məktəblilər ən müasir tələblərə cavab verən binada təhsil alırlar. Məktəbin geniş, işıqlı sinif otaqları, bütün fənn laboratoriyaları, idman salonu, kompüter otaqları, kitabxanası, yeməkxanası, idman meydançası var. Eyni zamanda, müəllimlərin də iş şəraiti nümunəvidir
Siz bilirsiniz ki, Heydər Əliyev Fondu ilk gündən təhsilin inkişafını fəaliyyətinin prioritet istiqaməti müəyyən etmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı ölkəmizdə böyük rəğbətlə qarşılanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə ölkəmizdə 132, 2006-cı ildə 60 yeni məktəb inşa olunub, təzə, ən müasir avadanlıqla təmin edilərək istifadəyə verilmişdir. İndi ən ucqar kəndlərimizdə də bizim uşaqlarımız təmiz, yeni, müasir, işıqlı məktəblərdə təhsil alır.
Əzizbəyov rayonunda da bir çox məktəblər tikilir. Uşaq bağçaları və internat evlərində əsaslı təmir işləri aparılır. Yollar abadlaşır, su xətləri çəkilir. Məndən əvvəl çıxış edən əməkdaşımız görülmüş işlər barədə geniş məlumat verdi. Mən yalnız sizin diqqətinizə bəzi rəqəmləri çatdırmaq istəyirəm.
Təhsil müəssisələri: 820 yerlik 5 internat məktəbinin yenidən qurulması, 150 yerlik yay düşərgəsinin inşası, 6138 şagird yerlik 8 ümumtəhsil məktəbinin, 230 yerlik 3 uşaq bağçasının yenidən qurulması, təlim-tədris mərkəzinin yaradılması;
Səhiyyə müəssisələri: müasir avadanlıqla təchiz edilmiş 25 çarpayılıq xəstəxananın, poliklinikanın, təcili yardım stansiyasının və aptekin yenidən qurulması;
Mədəniyyət müəssisələri və dini abidələr: 860 yerlik 2 mədəniyyət evinin yenidən qurulması, bir kitabxananın inşa edilməsi, bir abidənin və barelyefin, 3 məscidin və ziyarətgahın yenidən qurulması;
İnfrastruktur: 3 qəsəbənin giriş qapısının inşası, 3 qəsəbəyə 45 kilometr uzunluğunda su xəttinin çəkilməsi, 63 kilometr uzunluğunda qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının yenidən qurulması, 27 avtobus dayanacağının, 110 kilovoltluq yardımçı stansiyanın istifadəyə verilməsi, 512 işıq dirəyinin quraşdırılması, 2 qəsəbə parkının yenidən qurulması.
Bunları xatırlatmaqda məqsədim odur ki, bir il ərzində biz qarşımıza qoyduğumuz çox məqsədlərə nail olmuşuq, bu işlərin konkret nəticələrini görürük.
Siz bilirsiniz ki, Əzizbəyov rayonunun ağsaqqallarının təşəbbüsü ilə "Əzizbəyov rayonunun inkişafı fondu" yaradılıb və artıq fəaliyyət göstərir. Mən çox şadam ki, bu fondun gündəlik işində də qəsəbələrin sakinləri çox fəal iştirak edirlər. Fond yaradıldığı ilk gündən Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Bizim nümayəndələrimiz qəsəbə sakinləri ilə mütəmadi görüşlər keçirirlər.
Bir məsələni xüsusi vurğulamaq istərdim. Mənim mövqeyim ondan ibarətdir ki, irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılması çox vacibdir, bunların həlli üçün yollar tapmaq lazımdır. Ehtiyacı olan insanlara yardım göstərmək lazımdır. Mən həmişə çalışıram işimizi elə quraq ki, bu problemləri də daim çözə bilək.
Əziz dostlar, əlbəttə, bu gün rayonumuzda hələ həllini tapmayan problemlər də mövcuddur. Biz hamımız istəyirik ki, rayonumuzda bütün uşaq bağçaları, məktəblər ən yüksək standartlara cavab versin. Yeni müalicə-diaqnostika mərkəzləri, idman sarayları tikilsin, yeni iş yerləri açılsın, qaz problemi tamamilə həllini tapsın, təkcə mərkəzi yollar yox, qəsəbədaxili yollar da abadlaşsın.
Məncə, bunların hamısına nail olmaq üçün, əsas iki amil lazımdır. Birincisi, siyasi sabitlik, ikincisi də iqtisadi inkişaf. Bu gün bizim ölkəmizdə bunların ikisi də var. Siz bilirsiniz ki, Azərbaycan regionda aparıcı dövlətdir. İqtisadi inkişafın göstəricilərinə baxsaq görərik ki, biz dünyada lider ölkəyik. Azərbaycanın hər bir rayonunda, hər bir regionunda inkişaf gedir, islahatlar aparılır, yeni məktəblər, xəstəxanalar açılır, yeni zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılır, respublikamızın ən ucqar kəndlərinə yollar çəkilir. Mən inanıram ki, möhkəm iradə olanda, qarşıya qoyduğumuz hər bir məqsədə nail ola biləcəyik.
Əziz dostlar, mənim fəaliyyətim haqqında dediyiniz ürək sözlərinə görə sizə çox böyük, dərin minnətdarlığımı bildirirəm. Biz formalaşmış, möhkəm güclü bir komandayıq, ona görə hər bir arzumuzu həyata keçirəcəyik.
Cənab Prezidentin mənə bir tapşırığı var, onu sizə çatdırmaq istəyirəm. Cənab Prezident sizin hamınıza möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və işlərinizdə uğurlar arzulayır. Mən də bu arzulara qoşuluram.
Xalq qəzeti.- 2006.- 7 noyabr.- № 251.- S. 2.