Çap etmək   ⁞     ⁞   Fond haqqında

Milyonların ümid və güvənc ünvanı


Heydər Əliyev Fondu həyata keçirdiyi xoşməramlı layihələrlə cəmiyyətdə böyük nüfuz və etimad qazanmışdır.

Müasir dünya nə qədər praqmatik olsa da, mənəvi meyar və ideallar qətiyyən aktuallığını itirmir - humanizmə və insanpərvərliyə əsaslanan yüksək insani dəyərlər təsir gücünu qoruyur. Xeyirxahlıq, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdən sayılır. Yalnız mənəvi kamillik zirvəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər. Konkret həyat amalına malik belə mənəviyyat sahibləri şərəfli və mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilirlər.

Belə dəyərli şəxsiyyətlər başqalarından fərqli olaraq dövrün ağrılarını daha tez duyaraq obyektiv nəticə çıxarmağı bacarır, mövcud problemlər, onların həlli yolları və gələcək barədə mücərrəd qaydada deyil, konkret əmələ yönəlmiş formada düşünürlər. Belə insanlar millətin xilas yolunu, intibahını haqlı olaraq elm və təhsildə, maariflənmədə axtarır, xeyirxah əməlləri ilə çoxlarının bəhrələnəcəyi maddi-mənəvi irs yaradırlar. Azərbaycan xalqının belə nurlu ziyalıları müxtəlif dövrlərdə yaşamış, milli ləyaqət hissinə daim sadiq qalmış, mənəvi dəyərlərimizi yaşatmış və daha da zənginləşdirmişlər. Bəşər sivilizasiyasına böyük töhfələr vermiş xalqımız həyatının mənasını nəcib və xeyirxah əməllərdə axtaran, onun maariflənməsinə, dünya arenasında özünə layiqli yer tutmasına çalışan şəxsiyyətləri ilə bu gün də böyük qürur duyur.

Azərbaycan xalqına xas mütərəqqi ənənələrin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizin ciddi təhdidlərlə üzləşdiyi müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın istər milli-mənəvi dəyərlərin qorunması, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi mühüm layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür. Azərbaycanın birinci xanımı əsrlər boyu xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi formalaşmış zəngin mənəvi irsini, milli düşüncə və dəyərlər sistemini, intellektual mülkiyyətini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

Yarandığı gündən xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərimizin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi ulu öndərimizin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Fond ümummilli liderimizin ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi və mənəvi dəstək verir.

Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı qurumun yerləşdiyi əzəmətli bina bu gün milyonlarla insan üçün sözün əsl mənasında, mənəviyyat məbədinə, ümid və güvənc yerinə çevrilmişdir. Fondun çoxşaxəli fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, milli genefondun qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında mənəvi körpünün salınmasına yönəlmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu məhz bunun sayəsində son 4 ildə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri seçilən, 2007-ci ildə isə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "Eİstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Milli-mənəvi irsin himayədarı və təbliğatçısı

Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mənəvi irsin qorunması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətindəki fəaliyyəti, əslində, 10 ildən artıq bir dövrü əhatə edir. 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaradan Mehriban xanım Əliyeva yüksək təşəbbüskarlığı, idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin böhrandan çıxarılmasına və yüksəlişinə köməyini əsirgəməmişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, habelə dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən "Azərbaycan-İrs" jurnalının nəşrə başlaması da təqdirəlayiq məqam kimi xatırlanmalıdır. Azərbaycan, rus, ingilis dillərində nəşr edilən jurnalda son 10 ildə milli mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə əlaqədar ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur.

"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondu bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü problemləri, qarşıda duran məqsəd və vəzifələri düzgün müəyyənləşdirərək onların həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ötən müddətdə musiqi təhsilinin inkişafı və gələcək nəslin maarifləndirilməsi işi Fondun diqqət mərkəzində olmuş, müntəzəm olaraq keçirilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması məqsədinə xidmət etmişdir. 1996-cı ildən Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.

BMT-nin ali humanitar qurumu olan YUNESKO qarşısında "Qafqaz xalq ənənələri evi"nin yaradılması təşəbbüsü ilə çıxış edən Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinin sistemli və ardıcıl xarakter daşıması ilə şərtlənir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği sahəsində son dərəcə mühüm addım ola bilər. Bu təşəbbüsün irəli sürülməsi, eyni zamanda, dünyada maddi və qeyri-maddi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nun həmin layihə çərçivəsində əməkdaşlığa dəvət edilməsi bir neçə cəhətdən mühüm əhəmiyyət daşıyır. Bununla təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin maddi-mənəvi mədəniyyət abidələrinin qorunması və təbliği məqsədi ön plana çəkilir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması tarix boyu Azərbaycanın təkcə torpağına deyil, həm də zəngin mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özününküləşdirməyə çalışan bədnam ermənilərin cəfəng iddialarının qarşısının alınması baxımından da önəmlidir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması eyni zamanda Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni qonşuluq siyasəti"nin səmərəliliyi baxımından da son dərəcə vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Bu fəaliyyəti rəhbəri olduğu Heydər Əliyev Fondunun xəttilə daha da genişləndirən Azərbaycanın birinci xanımının milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı gördüyü məqsədyönlü işlər onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz təcəssümüdür. 2005-ci ilin martında Parisdə - YUNESKO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

Bütün Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi də təsadüfi olmayıb, konkret siyasi məzmun daşıyır. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının qoyulması yolu ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Albomun təqdimat mərasimində Mehriban xanım Əliyeva demişdir: "Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Neç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq".

Heydər Əliyev Fondu tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Fondun təşəbbüsü ilə son üç ildə Gəncə şəhərindəki Cavadxan türbəsi, Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması Fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.

Azərbaycanda müasir informasiya texnologiyalarının inkişafı, respublikamızın virtual dünyaya çıxış imkanlarının genişləndirilməsi də Fondun əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi vurğulanmalıdır. 2005-ci ildə həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması internet reallığının həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi müasir dövrdə Azərbaycan gerçəkliklərinin təbliği baxımından vacib əhəmiyyət daşıyır.

İntellektual gələcəyə hesablanmış missiya

Cəmiyyətdə fəal maarifçilik xətti yeritməklə klassiklərimizin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun son 4 illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təsadüfi deyildir - müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyuter və informasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri Fondun xüsusi diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı ulu öndərimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-ci ildə bölgələrdə 132, 2006-cı ildə isə daha 100 yeni məktəbin tikilib istifadəyə verilməsi dövlət müstəqilliyinə cəmi 15 il əvvəl qovuşan, ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yenicə inkişaf etməyə başlayan Azərbaycan üçün, sözün əsl mənasında, fövqəladə göstərici sayıla bilər. Fond yeni məktəblərin inşası sahəsində rekord göstəriciyə nail olmaqla, həm də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində yaxından iştirak edir. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuterlərlə təchiz olunurlar.

Heydər Əliyev Fondu milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı da vacib sayır. Fondun təşəbbüsü ilə Azərbaycanla YUNESKO arasında təhsil sahəsində bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələr verəcəyinə böyük inamın təzahürüdür.

Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan ciddi əhəmiyyətə malikdir. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini isə kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitələrilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.

Heydər Əliyev Fondunun prezidenti YUNESKO ilə təkcə mədəniyyət sahəsində deyil, digər sahələrdə də əməkdaşlığın inkişafına nail olmuş, Azərbaycan bu mötəbər qurumun bir sıra beynəlxalq konfranslarında yüksək fəallıq nümayiş etdirmişdir. Azərbaycanda YUNESKO-nun xətti və dəstəyi ilə Mədəni İrsin Qorunmasına dair seminar-konfrans, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının (1954) qəbulunun 50 illiyinə həsr edilmiş dəyirmi masa və digər tədbirlər keçirilmişdir.

Ümummilli lidermiz Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik mənbəyidir" tezisini fəaliyyətində əsas götürən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biri də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayında oxucuların ixtiyarına verilmişdir. Heydər Əliyev Fondu eyni zamanda Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi məsələsi üzərində də ciddi iş aparır. Türkçülük, azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın "Türklər və dünya: munis tariximiz" adlı kitabı artıq Azərbaycan dilində nəşr edilmişdir. ABŞ Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Starr və Svant E.Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi" kitabının Azərbaycan dilinə tərcüməsi işi də başa çatmışdır. Bu kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərindən bəhs olunur.

Heydər Əliyev Fondunun son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olmuşdur. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır.

Fond səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərən Heydər Əliyev Fondu milli genofondumuzun qorunmasında da öz sözünü deyir.

Humanizm və insanpərvərlik örnəyi

Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün həm də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi kimi çıxış edir. Fondun prezidenti məhz bu qəbildən olan insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, onların problemlərinin həllinə çalışır. Müxtəlif dövlət strukturlarının laqeydliyindən və biganəliyindən bezərək Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun qayğılarının həllinə yardım göstərilir. Fondun hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxması və ona cavab ünvanlaması digər təşkilatlar üçün də örnək sayılmalıdır.

2005-ci ilin parlament seçkilərində 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən mütləq səs çoxluğu ilə Milli Məclisin deputatı seçilmiş Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların müxtəlif xarakterli problemlərinin həlli yönümündəki fəaliyyəti daha geniş miqyas almışdır. Mehriban xanım Əliyeva Bakıətrafı kəndlərə mütəmadi səfərlər edir, əhalinin qayğılarının, problemlərinin həlli istiqamətində addımlar atır.

Heydər Əliyev Fondu respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 2007-ci ilin may ayında amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək humanizmin və insanpərvərliyin əyani təcəssümü olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə irəli sürülmüş bu nəcib təşəbbüs əsasında gerçəkləşən amnistiya aktı minlərlə azərbaycanlı ailəsinə hədsiz sevinc və xoşbəxtlik gətirmişdir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Bu fakt Heydər Əliyev Fondunun hər addımda ulu öndərimizin humanizmə söykənən siyasətinə istinad etdiyini bir daha təsdiqləmişdir. Məhz ulu öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təminatında ciddi dönüş yaranmış, mütərəqqi məhkəmə-hüquq islahatları aparılmış, penitensiar xidmətin səviyyəsi ildən-ilə yüksəlmişdir. Həmin mərhələdən etibarən ölüm hökmünün tətbiqinə moratorium qoyulmuş, 1995-ci ildə Əfvetmə komissiyasının işi bərpa edilmiş, islah olunaraq azad cəmiyyətə qovuşmaq istəyən məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. 1998-ci ilin 10 fevralında Azərbaycanda ölüm hökmü cəzasının birdəfəlik ləğvi də məhz ulu öndərimizin yüksək humanizm və mərhəmətinin nəticəsində mümkün olmuşdur. 1995-ci ildən bu yana qəbul edilmiş 8 amnistiya aktı 87 mindən çox şəxsə tətbiq edilmiş, o cümlədən təxminən 23 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunmuşlar.

Amnistiya aktı üç ay ərzində həyata keçirilərək minlərlə insanı azadlığa qovuşdurmuş, onların qayıtmasını həsrət və intizarla gözləyən yaxınlarının, ailə üzvlərinin hədsiz sevincinə səbəb olmuşdur. Amnistiya aktı ilə ümumilikdə 9.877 şəxs cəzadan azad olunmuşdur. Amnistiya 8.560 kişi, 1.317 qadın, həmçinin yetkinlik yaşına çatmayan 11 şəxs barəsində tətbiq edilmişdir.

İcrası bir neçə gün əvvəl başa çatmış amnistiya aktı respublikamızda insan hüquq və azadlıqlarının təminatına xidmət edən islahatların ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Ulu öndərimiz tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən bu humanist siyasətə Heydər Əliyev Fondu öz töhfəsini verir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktı cəmiyyətdə ürəkdən dəstəklənir və təqdir olunur.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həm də Milli Gimnastika Federasiyasının prezidenti kimi gənc nəslin mənəvi-fiziki sağlamlığının təminatı, üçrəngli bayrağımızın dünya olimpiya meydanlarında dalğalanması üçün əlindən gələni əsirgəmir. Azərbaycanın bədii gimnastika idman növünün inkişafı istiqamətində qazandığı uğurlar, habelə bu ilin iyun ayında Bakıda bədii gimnastika üzrə növbəti dünya çempionatının keçirilməsi onun bu sahədəki uğurlu fəaliyyətindən xəbər verir.

Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini insanlarımızın rifahına sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir. "Ömrüm boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".

Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim ön plandadır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, bu missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən bu qlobal layihələr Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.

Qüdrət Kərimov,
"Xəzər" Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.- 2007.- 25 avqust.- № 189. - S. 5.