Çap etmək   ⁞     ⁞   UNESCO

Altmış həftə YUNESKO ilə birlikdə


Xoşməramlı səfir Mehriban Əliyeva: "Azərbaycanla YUNESKO arasında həmişə sıx əməkdaşlıq olub."

YUNESKO Birləşmiş Millətlər Təşkilatı sistemində ən kütləvi qurumlardan biridir. İndi onun 60 illiyi bayram edilir və bu yubiley təntənələri düz 60 həftə çəkəcək. Bu il sentyabrın 5-də start götürmüş intellektual marafon gələn il noyabrın 5-də finişə çatacaq. Əlbəttə, heç bir məcburiyyət olmadan üzv-dövlətlər YUNESKO-nun qrafiki əsasında hər həftə ictimaiyyətin diqqətini ümumbəşəri miqyasda bu və digər mühüm problemə yönəltməyə çalışacaqlar. Məsələn, gələn il iyunun 26-dan iyulun 1-dək söhbət idmanda dopinqlə mübarizədən gedəcək, iyulun 24-də kütləvi informasiya vasitələrində plüralizm həftəsi açılacaq (mövzuların tam mətnini internetdə YUNESKO saytında tapmaq olar).

Ötən həftə isə Parisdə rəsmi yubiley tədbirləri keçirildi. Bu təntənəli mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da iştirak edirdi. YUNESKO-nun iqamətgahında böyük hörmətlə qarşılanan Mehriban xanım Əliyeva BMT-nin Baş katibi Koişiro Matsuura, Fransanın xarici işlər naziri, Seneqalın Xalq Toplantısının sədri, YUNESKO-nun sabiq baş direktorları, habelə Ukraynanın Prezidenti V. Yuşşenko ilə görüşüb. İki yüzə yaxın dövlətin üzv olduğu YUNESKO-nun yubiley yığıncağında cəmi 17 ölkənin, o cümlədən Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı göstəriblər. Mötəbər təşkilatın ölkəmizə bu yüksək etimadını Azərbaycan simfonik orkestri ləyaqətlə doğruldub. Orkestrin ifasında Almaniyada yaşayıb-yaradan həmyerlimiz, bəstəkar Firəngiz Əlizadənin əsəri səsləndirilib. Dünyanın tanınmış ictimai və siyasi xadimləri artistlərimizin çıxışını heyranlıqla dinləyiblər. Orkestr onların alqışları altında əsəri təkrar ifa etməli olub.

BMT-nin Elm, Təhsil və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO 1945-ci il noyabrın 16-da yaradılıb, müxtəlif ölkələrin bu sahələrdə əməkdaşlığını qurmağa xidmət edir. Təşkilat xalqlar arasında hər cür dini və irqi ayrıseçkiliyin aradan qaldırılmasına çalışır, insanların formalaşmasında xüsusi rol oynayır, bəşəriyyətin maddi və mədəni irsinin, dünyanın bütün bölgələrində qeyri-maddi sərvətlərin qorunması, müasir dövrdə mədəniyyətlərin sintezi, elm, təhsil və mədəniyyətin inkişafı qayğısına qalır. Müharibələrə və beynəlxalq terrorizmə "yox!" deyən, insan ləyaqətini, insan mənəviyyatını uca tutan, haqq, ədalət və sülh naminə çarpışan YUNESKO bu yolda dünya xalqlarının sıx birliyinə daha çox ümid edir.

YUNESKO 1972-ci ildə ümumdünya mədəni və maddi irsinin mühafizəsi üzrə Konvensiya qəbul edib. 1975-ci ildən qüvvədə olan bu Konvensiyanı indiyədək 140-a qədər dövlət təsdiqləyib. Ümumdünya İrs siyahısına artıq Avstraliyada Böyük mərcan sualtı qayaları kimi təbiət möcüzəsi də daxil olmaqla Hindistanda Tac-Mahaldan Malidə qədim Tınıbuktu şəhərinədək 812 obyekt salınıb. YUNESKO Kambocanın qədim paytaxtı Anqkor və Mərakeşin Fes şəhərləri təki nadir mədəniyyət abidələrinin, Varşavanın tarixi mərkəzinin, Moskva Kremlinin və Qızıl meydanın, Braziliya və Venesiya şəhərlərinin, ABŞ-da Yellouston milli parkının mühafizəsinə texniki kömək göstərir, dünyada ən zəngin mədəni irsə malik Əfqanıstanda yeni layihə həyata keçirir.

Müstəqil Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür, bu il YUNESKO-nun İcra Şurasının üzvü seçilib. İndi Şuranın tərkibində 58 üzv-ölkədən biri olan Azərbaycanın YUNESKO qərarlarının işlənib-hazırlanmasında, beynəlxalq humanitar əməkdaşlıq vasitələri ilə xarici siyasət məsələlərinin həllində onun nüfuzundan və intellektual gücündən istifadə etmək imkanları artıb. Söhbət həm də konkret layihələrin Azərbaycan ərazisində reallaşmasından, bu layihələrə Azərbaycan ekspertlərinin intellektual və informasiya töhfəsindən gedir. YUNESKO-nun belə elmi layihələrinə hökumətlərarası okeanoqrafiya komissiyası, Beynəlxalq hidroloji proqram, fundamental elmlər üzrə Beynəlxalq Proqram, "İnsan və biosfera" proqramı, Beynəlxalq geologiya proqramı və sair daxildir. Eyni zamanda YUNESKO 2005-ci ildə hamı üçün təhsil təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsdə onun davamlı inkişaf layihəsinə yönəldilmiş təhsil proqramının yerinə yetirilməsi çox önəmli yer tutur. Proqramda 2005 - 2014-cü illərdə təhsil onilliyinin keçirilməsi qərara alınıb və YUNESKO bu sahədə aparıcı təşkilatlardan biridir.

Bu ilin avqustunda Bakıda keçirilən "YUNESKO-Azərbaycan: Gələcəyə körpü" konfransı da davamlı inkişafa yönəldilmiş təhsil onilliyinin əsas məqsədləri Azərbaycanda tətbiq etmək niyyəti güdürdü. YUNESKO-nun Baş direktoru Koişirpo Matsuura konfransda çıxışında bəyan etdi: " Bilirik ki, Azərbaycan bu təşəbbüsə qoşulan əsas tərəfdaşlardan biri olacaq və davamlı inkişafa yönəldilmiş proqramları dəstəkləyəcək. Bu il Prezident İlham Əliyev tərəfindən yüksək səlahiyyətlərə malik Təhsil Komissiyası yaradılıb. Komissiyanın başlıca vəzifəsi təhsilin bütün aspektlərini yaxşılaşdırmaq və dünya standartlarına uyğun şəkilə gətirməkdir. Bunun üçün Azərbaycanda mövcud olan təhsil sisteminin güclü və zəif tərəfləri dərindən öyrəniləcək və təhsilin yaxşılaşdırılmasına dair işlərin istiqamətləri müəyyənləşdiriləcək... Öz tərəfimizdən sizə islahatlarınızda hərtərəfli yardım göstərəcəyik. Son müzakirələrimizin yekunu olaraq Azərbaycan hökuməti ilə əməkdaşlığa dair Memorandum imzalayacağıq. Bizim əsas prioritetlərimiz strateji planlaşdırma və təhsilin idarə olunması, təhsil əldə etmək imkanlarında bərabərlik, təhsilin keyfiyyəti, əsas texniki və peşə vərdişləri, yüksək informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, təhsildə beynəlxalq əməkdaşlıqdır. Konfransın nəticələrinə əsasən YUNESKO-nun gələcəkdə Azərbaycana yardımının istiqamətlərini müəyyənləşdirəcəyik".

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müsahibəsində "YUNESKO-Azərbaycan: Gələcəyə körpü" konfransının adının çox rəmzi və böyük məna daşıdığını vurğulayaraq bildirdi:

- Azərbaycanla YUNESKO arasında həmişə sıx əməkdaşlıq olub. Bu konfrans əməkdaşlığımıza yeni təkan verəcək, biz birlikdə gələcəyə körpü salmağa nail olacağıq. Bu körpünün dayaqları çoxdan qoyulub və kifayət qədər möhkəmdir. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileyləri YUNESKO-nun təqviminə salınıb və bəşəriyyət üçün böyük əhəmiyyətli hadisə kimi qeyd edilir. Dahi Məhəmməd Füzulinin 500, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileylərinin yekun tədbirlərində YUNESKO-nun baş direktoru cənab Matsuura da iştirak edib və hər iki yubileylə bağlı YUNESKO-nun iqamətgahında tədbirlər keçirilib. Azərbaycan YUNESKO-nun bir sıra elm, təhsil və mədəniyyət proqramlarında fəal iştirak edir, YUNESKO Azərbaycana aid məsələlərin yoluna qoyulmasından kənarda qalmır. Azərbaycanda təhsil sisteminə həsr edilmiş bu konfransın hazırlanmasına da YUNESKO xüsusi qayğı və diqqət göstərib: əvvəl öz ekspertlərini ölkəmizə göndərmişdi, sonra Parisdə ilkin tədbir oldu, cənab Matsuuranın və xoşməramlı səfirlərin iştirakı ilə Bakıda başa çatdırıldı. Biz cənab Matsuuranın Azərbaycana səfəri zamanı ölkəmizin bir sıra maddi və qeyri-maddi irsinin qorunmasına dair müzakirələr apardıq. Məlumdur ki, YUNESKO İçərişəhəri, Qız qalasını çox nadir memarlıq incisi kimi dünya mədəni irsi siyahısına salıb, Azərbaycan muğamını bəşəriyyətin şah əsərləri sırasına daxil edib. Azərbaycan musiqi mədəniyyətinin muğam kimi əhəmiyyətli olan başqa bir qolunun - aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması vacib, zəruridir. Elə meyxananın da. Bu sənətin qədimdə böyük ənənələri olub və indi də istedadlı davamçıları var, amma fəlsəfəsi və tarixi yetərincə öyrənilməyib. Çox ümid bəsləyirəm ki, Ümumdünya İrs Komitəsinin gələn ilin yayında keçiriləcək növbəti toplantısında Qobustan Dövlət Tarixi Bədii Qoruğunun da dünya mədəni irsi siyahısına düşməsi öz müsbət həllini tapacaq.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura da müsahibəsində buna tam əminliyini ifadə edərək dedi:

- Qobustanın namizədliyi artıq gündəlikdə durur. Lakin YUNESKO-nun iki əsas tələbi var və onlar yerinə yetirildikdən sonra Qobustanın adı dünya mədəni irsi siyahısına salınacaq. Bu tarixi qoruq şəxsən mənə xoş, unudulmaz təəssürat bağışladı. Daşlarda, qayalarda təsvirləri görməkdən məmnun oldum. Azərbaycana ikinci səfərimdən çox razıyam. Birinci, 2002-ci il səfərimdən də razı qalmışdım, lakin bu dəfə görüşlərimiz daha səmərəli, daha faydalı keçdi. Sizin ən ağrılı probleminiz Qarabağ münaqişəsidir. Bu münaqişə tezliklə dinc yolla, sülh yolu ilə öz həllini tapmalıdır. Mən bir milyondan artıq azərbaycanlı qaçqının, məcburi köçkünün son dərəcə ağır və çətin vəziyyətdə yaşamasından məyusluğumu bildirirəm. İnanıram ki, bu məsələ BMT-nin məlum qətnamələri əsasında həll olunacaq və YUNESKO işğaldan azad edilmiş Azərbaycan abidələrinin də qorunması ilə bağlı qəti tədbirlər görəcək.

YUNESKO-nun baniləri (onun əsasını İkinci Dünya müharibəsi illərində müttəfiq ölkələrin maarif nazirləri qoyublar) yəqin təsəvvürlərinə də gətirə bilməzdilər ki, dövlətlərin və sistemlərin ən qanlı qarşıdurması qurtardıqdan 60 il sonra özgə torpaqlarına təcavüz edən, məktəbləri, xəstəxanaları, mədəniyyət abidələrini dağıdan qüvvələr tapılacaq. Lakin tapıldı və indi YUNESKO özünün bütün intellektual, mənəvi potensialını işə salıb Yer üzündə qaynar nöqtələrin hamısında alovun söndürülməsini, bütün münaqişələrə son qoyulmasını bərqərar etməlidir.


Bariz Əsədov

Azərbaycan.- 2005.- 27 noyabr.- № 275.- S. 3.