Heydər Əliyev Fondunun kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün növbəti bayram şənliyi
Heydər Əliyev Fondu müxtəlif orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün "Gülüstan" sarayında Yeni il şənlikləri keçirir.
Şənliklərin üçüncü günü - yanvarın 4-də də sarayın yaraşıqlı salonuna yüzlərlə uşaq toplaşmışdı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən növbəti bayram şənliyində də balaca soydaşlarımızın sevinci hədsiz idi. Ulu öndərin uşaqlarla görüşünü, bayramlarda onların sevincini bölüşməsini əks etdirən videokadrlar balaca soydaşlarımıza unudulmaz Heydər babanın səmimi qayğıkeşliyini bir daha xatırlatdı.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin balaca vətəndaşlarına ünvanlanmış "Sizin gələcək vəzifəniz Azərbaycanı qorumaq, yaradılmış ənənələri uğurla davam etdirmək, Vətənin şöhrətini daha da artırmaqdır" tövsiyəsi ölkəmizin sabahkı qurucularına ləyaqətlə böyüyüb boya-başa çatmağa çağırış kimi səslənirdi.
Bayram şənliyi aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının igidliyi, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları, uşaqların da qoşulduğu oynaq rəqslərlə yadda qaldı.
Azərbaycanın tanınmış incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin sürprizləri bayram mərasiminə xüsusi təravət gətirdi. Uşaqlar onların şərəfinə açılmış bayram süfrəsindən razı qaldılar, saray-dan şer, mahnı müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.
Xalq qəzeti.- 2005.- 5 yanvar.- № 2.- S. 4.