Bakıda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməli qoyulmuşdur
Mayın 15-də dənizkənarı Milli parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunacaq bina bükülmüş xalçanı xatırladacaqdır. Binanın layihəsini müsabiqədə qalib gəlmiş Avstriyanın HOFFMANN-JANZMATZAKA şirkəti hazırlamışdır. Tikinti işlərini isə yerli AİKON şirkəti həyata keçirəcəkdir.
Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın birinci mərtəbəsində sərgi salonu, kitabxana, elmi xalçaçılıq toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci mərtəbədə danışıqlar və audiovizual təqdimatlar otağı, üçüncü mərtəbədə böyük tərtibat imkanlarına malik sərgi zonası olacaqdır. Binanın altında arxiv, anbar, laboratoriya, bərpa və konservləşdirmə şöbələri yerləşəcəkdir. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulmuşdur. Muzeyin foyesində cəvahirat və bahalı bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaqdır.
Layihəyə əsasən, binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metrdir.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferialı və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finnboqadottiri hərarətlə qarşıladılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avstriya şirkətinin nümayəndəsi Prezident İlham Əliyevə layihə haqqında məlumat verdilər.
Sonra Azərbaycanın qədim el sənətindən bəhs edən “Xalça” filmi nümayiş etdirildi. Filmdə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanın xalq
sənətlərinin, o cümlədən xalçaçılığın qorunmasına və inkişafına qayğısından da bəhs olunur.
Prezident İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura təməlqoyma mərasimində nitq söylədilər.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Bu gün ölkəmizin mədəni həyatında çox əlamətdar bir gündür. Bu gün biz Bakıda yeni Xalça Muzeyinin tikintisinə başlayırıq və bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidir. Qədim dövrlərdən xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycanda birinci xalçalar eramızdan əvvəl toxunmuşdur. Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir. Eyni zamanda, Azərbaycan xalçası xalqımızın istedadını göstərir. Xalçaçılıq xalq sənətidir. Ancaq, eyni zamanda, Azərbaycanın görkəmli xalçaçılıq ustaları Azərbaycan xalça
sənətinin zənginləşməsinə öz böyük töhfələrini vermişlər. Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır və nümayiş etdirilir. Bir sözlə, onu deyə bilərəm ki, xalçaçılıq sənəti hər bir azərbaycanlı üçün çox doğma, əziz sənətdir və hər bir azərbaycanlı öz həyatını xalçasız təsəvvür edə bilmir. Amma bütün bunlara baxmayaraq, əfsuslar olsun ki, Azərbaycanda Xalça Muzeyi uyğunlaşdırılmış binada yerləşirdi və əlbəttə ki, Azərbaycanda, Bakıda gözəl xalça muzeyinin tikintisi böyük zərurət idi. Mən çox şadam ki, bu gün biz bu böyük işə başlayırıq. Azərbaycanın Xalça Muzeyi indi Muzey Mərkəzində yerləşir, orada üç-dörd muzey yerləşir. Mən o muzeylə tanış olanda gördüm ki, vəziyyət o qədər də ürəkaçan deyil, mütləq və mütləq Azərbaycanda yeni böyük və gözəl xalça muzeyi tikilməlidir.
Bu gün mən muzeyin layihəsinin yaranmasında böyük rol oynamış Avstriya memarlarını xüsusi salamlayıram. Onların təklifi bütün başqa təkliflərdən üstün olmuş və açıq müsabiqə keçirilmişdir. Hesab edirəm ki, bu layihə öz gözəlliyi, müasirliyi ilə və eyni zamanda, Azərbaycan xalçasına xas olan gözəlliyi ilə seçilir. Ümid edirəm ki, qısa müddət ərzində Bakıda gözəl Xalça Muzeyi tikiləcəkdir. Xalça muzeyini Azərbaycan mütəxəssisləri və fəhlələri tikəcəklər. Onlar bizimlə bərabər buradadırlar və bu işlərdə onlara da böyük uğurlar arzulayıram.
Bu gün mən Azərbaycana gəlmiş YUNESKO-nun baş direktoru cənab Matsuuranı xüsusi salamlayır və Azərbaycan xalqının hörmətini ona bildirmək istəyirəm. YUNESKO ilə Azərbaycan arasında münasibətlər çox sürətlə və uğurla inkişaf edir. Bu münasibətlər bizə imkan yaradır ki, mədəniyyətlə bağlı olan məsələləri daha da böyük fəallıqla həll edək və bu sahəni ən yüksək səviyyəyə qaldıraq.
Biz Azərbaycanda mədəni irsimizin qorunmasına, tarixi abidələrin qorunmasına çox böyük əhəmiyyət veririk. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda yaşayan bütün xalqların tarixi abidələri lazımi səviyyədə qorunur və bərpa olunur. Əfsuslar olsun ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində xalqımıza məxsus olan bütün tarixi abidələr dağıdılmışdır. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, eyni zamanda, bizim tarixi abidələrimizə də böyük ziyan vurmuşdur. Biz isə Azərbaycanda, ölkəmizdə yaşayan bütün xalqların tarixinə, keçmişinə böyük hörmətlə yanaşırıq və öz əməli işlərimizdə bu məsələlərlə məşğuluq.
Bu gün cənab Matsuura ilə biz vaxtilə birlikdə təməlini qoyduğumuz Muğam Mərkəzinə də baş çəkdik və inşaat işləri ilə maraqlandıq. Cənab Matsuuranın Azərbaycana hər bir gəlişi yeni gözəl layihələrin başlanması ilə nəticələnir. Ümid edirəm ki, növbəti səfər zamanı da biz yeni bir gözəl layihənin başlamasına da şahidi olacağıq.
Bir sözlə, mən, xüsusilə cənab Matsuuranın fəaliyyətini vurğulamaq istəyirəm. Onun Azərbaycana, Azərbaycan mədəniyyətinə olan hörməti və xoş münasibəti hər bir Azərbaycan vətəndaşı üçün çox əzizdir.YUNESKO-nun xətti ilə bu günlərdə Azərbaycanda keçirilən konfransda iştirak etmək üçün gəlmiş bütün əziz qonaqları səmimiyyətlə salamlayıram.
Bu layihənin timsalında bugünkü Azərbaycanı görmək olar. Öz tarixi keçmişimizə, mədəniyyətimizə olan hörmət və eyni zamanda, irəliyə aparan yollar yenilik və ölkəmizin müasirləşməsidir.
Əziz qonaqlar, əziz dostlar bu gözəl hadisə münasibətilə mən sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram.
Sağ olun.
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranin nitqi
-Hörmətli Azərbaycan Respublikasının Prezidenti!
Hörmətli Azərbaycan Respublikasının birinci xanımı!
Hörmətli İslandiyanın sabiq Prezidenti!
Hörmətli əlahəzrət İordaniya şahzadəsi!
Hörmətli dostlar, xanımlar və cənablar!
Bu gün mən burada olmağımdan çox xoşbəxtəm. Cənab Prezidentin artıq qeyd etdiyi kimi, mənim yaxşı xatirimdədir, biz 2005-ci ilin avqust ayında cənab Prezidentlə və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva ilə Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində birlikdə iştirak etdik. Bu, çox böyük təəssürat bağışlayan mərasim idi. Həmin mərasimdən əvvəl Azərbaycanın muğam sənəti YUNESKO-nun Dünya Mədəni İrsinin şah əsərləri siyahısına daxil edilmişdi. Bundan sonra isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məhz muğam sənətinin daha gözəl şəkildə nümayiş etdirilməsi üçün bir çox təqdimatlar keçirmiş və böyük təşəbbüs göstərmişdir.
Azərbaycanın muğam sənəti mənim üçün olduqca maraqlıdır və mən bu hadisəni səbirsizliklə gözləyirdim. Məhz buna görə də Azərbaycanda Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak etmək mənim üçün böyük şərəf oldu və bundan çox məmnun qaldım. Amma hər halda etiraf etməliyəm ki, mən o vaxt gələndə ora tamamilə boş bir yer idi. İndi isə, - bunu da etiraf etməliyəm, - çox işlər artıq görülmüşdür. Yəni mən hesab edirdim ki, bu iş çox vaxt aparacaq, amma indi gəlib görürəm ki, mənim zənnim tamamilə əsassız imiş. Muğam Mərkəzinin tikintisi, demək olar ki, başa çatdırılıbdır. Bu, mənə böyük təəssürat bağışladı və tikinti, onun dizaynı və istifadə olunmuş yeni texnologiyalarla tanışlıqdan çox məmnun qaldım. Muğamın ifasında istifadə olunan ənənəvi musiqi alətinin forması Muğam Mərkəzinin müasir üslubda binasında öz əksini tapmışdır.
Cənab Prezident!
Hörmətli birinci xanım!
Mən Muğam Mərkəzinin tikilməsi ilə bağlı irəli sürdüyünüz təşəbbüsə görə Sizə olduqca minnətdaram. Buraya gəlməyim mənim üçün ikiqat sevindiricidir. Bu gün mən həm də digər bir mühüm binanın tikilməsi ilə bağlı təməlqoyma mərasimində iştirak edirəm. Bu dəfə mən hesab edirəm ki, artıq Muğam Mərkəzinin tikintisini gördükdən sonra, burada aparılacaq tikinti işləri ilə bağlı heç bir tərəddüdüm yoxdur.
Cənab Prezident!
Mən yeni tikiləcək Xalça Muzeyinin çox gözəl layihəsi münasibətilə Sizi təbrik etmək istəyirəm.
Mən burada fotoşəkilləri seyr etdim və eyni zamanda, maketlərlə tanış oldum və deyə bilərəm ki, tikiləcək Xalça Muzeyi Muğam Mərkəzi ilə tam ahəngdar formada olacaqdır. Azərbaycanın xalçaları həmişə, hər zaman mənim çox ürəyimcə olubdur.
Cənab Prezident, Sizin atanız, rəhmətlik Prezident Heydər Əliyevin YUNESKO-ya hədiyyə kimi təqdim etdiyi çox böyük və gözəl Azərbaycan xalçası daimi olaraq YUNESKO-nun binasında nümayiş etdirilir. Bu gün xanım Əliyeva bizim ziyafətimiz üçün çox gözəl bir yer seçmişdi. Biz gözəl Azərbaycan xalçalarının hər tərəfdən asıldığı gözəl bir həyətdə çox dadlı, ləziz Azərbaycan mətbəxi ilə tanış olduq.
Ziyafətdən sonra xanım Əliyeva bizi xalçaların toxunduğu sexə dəvət etdi. Biz orada gənc azərbaycanlı qadınların, qızların toxuduqları xalça ilə tanış olduq. Mən bu gün xanım Əliyevaya xüsusilə minnətdaram ki, həyatımda birinci dəfədir ki, xalça artıq toxunub qurtarandan sonra onun kəsilməsi mərasimində şəxsən iştirak etdim. Mənə hətta o qayçıları verəndə bir az tərəddüd edirdim, bilmirdim ki, necə kəsmək lazımdır. Xanım Əliyeva isə çox yaxşıca nümayiş etdirdi ki, bunu necə etmək lazımdır. Onun etdiyini təkrarlayaraq, mən də kəsməyə başladım. Amma onu da deyim ki, mən ipləri xanım Əliyeva kimi kəsə bilmirdim.
Cənab Prezident, bu yeni təşəbbüsü irəli sürdüyünüzə görə mən Sizə minnətdarlığımı bildirirəm. Əmin olduğumu vurğulamaq istəyirəm ki, Xalça Muzeyi yaxın zamanda tam tikilib qurtaracaqdır.
Bir daha sizə öz təşəkkürümü bildirirəm. Bu gün Xalça Muzeyinin təməlqoyma mərasiminə məni dəvət etdiyinizə görə Sizə minnətdaram. Bugünkü mərasim gözəl bir yerdə, gözəl hava şəraitində keçir.
Cənab Prezident, Sizə məlumat vermək istəyirəm ki, mən gələn il də YUNESKO-nun baş direktoru kimi ölkənizə səfər edəcəyəm. Cənab Prezident, hörmətli xanım Əliyeva, ictimaiyyət qarşısında burada bəyan edirəm ki, əgər Sizin yeni bir təşəbbüsünüz olarsa, mən hər hansı yeni təməlqoyma mərasimində məmnunluqla iştirak edəcəyəm.
Cənab Prezident, hörmətli xanım Əliyeva, çox sağ olun.
Hamınıza minnətdaram.
X X X
Sonra muzeyin təməli qoyuldu. Prezident İlham Əliyev gilizi binanın təməlinə qoydu və beton qarışığı tökdü. YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial, İslandiyanın sabiq prezidenti xanım Viqdos Finnboqadottir də təmələ beton qarışığı tökdülər.
Mərasim iştirakçılarına xatirə hədiyyələri, YUNESKO-nun nəşrləri, xanımlara həm də gül dəstələri təqdim olundu.
Cənab Koişiro Matsuura Azərbaycan Prezidenti İlham Əliyevə YUNESKO-nun qızıl medalını təqdim etdi.
Dövlətimizin başçısı Koişiro Matsuuraya Azərbaycan paytaxtında aparılan yenidənqurma işləri barədə məlumat verdi.
Xalq qəzeti.- 2008.- 16 may.- № 105.- S. 1-2.
