Qazanılan uğurlar, qələbələr bizim birgə qələbələrimiz, uğurlarımızdır
Mehriban xanım Əliyeva: Mən sizin məhəbbətinizi hər zaman hiss edirəm. İnanıram ki, biz bütün imkanlarımızı səfərbərliyə alıb qalan problemləri də birlikdə həll edəcəyik.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli ictimai fəaliyyəti ilə xalqımızın ehtiramını və məhəbbətini qazanıb. Bu ehtiram bütün fəaliyyətini xalqına həsr etmiş fədakar, vətənpərvər bir övladın, ləyaqətli vətəndaşın tam mənəvi haqqıdır. Elə insanlar var ki, öz varlıqları ilə el-obaya şan-şöhrət gətirirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri ilə doğulduqları torpağın, sahibi olduqları vətənin şərəfini uca tuturlar.
Mehriban xanım Əliyeva idrakı ilə arif, elmi potensialı ilə ağıllı, parlaq zəkası ilə güclü, qətiyyəti və işgüzarlığı ilə qüdrətli, təfəkkür aydınlığı ilə dövlətli, başladığı möhtəşəm layihələri hünərvərliklə başa çatdırmaq səyi ilə iradəli, xalqımızın mədəniyyəti və təhsili üçün gördüyü əzəmətli işlərin neçə-neçə əsrlərlə yaşayacaq vüsəti qədər uzunömürlüdür. Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyəti ilə seçilir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan-İrs” jurnalının baş redaktorudur.
Azərbaycan qadınlarının ən gözəl xüsusiyyətlərini, mənəvi keyfiyyətlərini özündə birləşdirən Mehriban xanımın fəaliyyətinin bütün istiqamətlərinə nəzər salsaq, bir daha onun xalqımızın milli sərvətlərinə, tarixinə, mədəniyyətinə, incəsənət xəzinəsinə həssas münasibətinin şahidi olarıq.
Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər II seçki dairəsindən deputatlığa namizəd Mehriban Əliyeva Binə qəsəbə nümayəndəliyinin qarşısında seçicilərlə görüşüb söhbət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
Sakinlər Mehriban xanımın gəlişindən böyük sevinc duyduqlarını bildirərək deyiblər ki, Sizin gördüyünüz bütün işlər hamımızın gözü qarşısındadır: “Bunu inkar etmək olmaz. Xəzər rayonunun qəsəbə və kəndlərində məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, istirahət parkları tikilib, təmir olunub, yeni yollar salınıb, elektrik, qaz, su təminatı ilə bağlı problemlər həll olunub. Sizin təşəbbüsünüzlə Binədə elə bir mədəniyyət mərkəzi tikilib ki, bəlkə də respublikada analoqu yoxdur. Bu binaya görə bütün sakinlərimiz adından Sizə minnətdarlıq edirik”.
Binə sakinləri ilə növbəti görüşdən məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva deyib ki, Xəzər rayonuna, xüsusilə də, Binə qəsəbəsinə mütəmadi olaraq gəlirəm, sizlərlə görüşürəm: “Biz beş il bundan əvvəl Xəzər rayonunun hərtərəfli inkişafı üçün zəruri olan bütün məsələləri birlikdə müzakirə etdik, problemlərlə tanış olduq və onların həlli yollarını müəyyənləşdirdik. Demək olar ki, bu 5 il ərzində çox uğurlara nail olmuşuq. Ümumiyyətlə, Xəzər rayonunda bu vaxt ərzində 15 məktəb əsaslı təmir olunub, yenidən qurulub. Onlardan beşi Binə qəsəbəsindədir. Binə qəsəbəsində 2 bağça, bu yaxınlarda açılışı olacaq mədəniyyət evi, musiqi məktəbi, kitabxana, xəstəxana, poliklinika inşa və bərpa olunub, parklar salınıb. Əlbəttə, çox işlər görülüb. Təbii qaz, elektrik enerjisi, su ilə təminat yaxşılaşıb. Yollar təmir olunur. Bununla yanaşı, əlbəttə, problemlər də vardır. Heydər Əliyev Fondu həm rayonda, həm də ki, Binə qəsəbəsində çox böyük layihələr həyata keçirir. Siz bilirsiniz ki, rayon ağsaqqallarının təşəbbüsü ilə Xəzər Rayonunun İnkişafı Fondu yaradılıb. Həmin fond Heydər Əliyev Fondu ilə çox sıx əməkdaşlıq edir, layihələr həyata keçirir və rayonun həyatında mühüm rol oynayan quruma çevrilir.
Bununla yanaşı, mən bilirəm ki, bizim əməkdaşlar çox tez-tez qəsəbəyə gəlirlər, insanların gündəlik həyatı ilə maraqlanırlar. Əgər kimin köməyə ehtiyacı varsa, biz hər zaman çalışırıq ki, bu köməyi edək. Bu gün qəsəbədə problemlər var. Məsələn, yollar. Mən hesab edirəm ki, onun da müəyyən səbəbləri var. Çünki yollar abadlaşdırılır, sonra qaz və su xətləri çəkmək üçün yenidən qazılır. Bunlar olmamalıdır. Mən inanıram ki, biz qarşıdakı illərdə yeni mərhələyə keçəcəyik. Əgər biz bundan əvvəl məktəblərin maddi-texniki bazasını möhkəmləndirirdiksə, növbəti mərhələdə gərək təhsilin keyfiyyətini düşünək. Gərək bizim uşaqlar məktəblərdə ən yüksək təhsil alsınlar. Buna görə bütün məktəblər kompyuterlə təmin olunmalıdır. Dünya təhsil sistemində ən müasir nə varsa biz onu tətbiq etməliyik.
Məqsəd odur ki, bütün mövcud problemlər çox qısa bir zamanda öz həllini tapsın. Əhalinin sosial rifah halı daha da yaxşılaşsın, qaz, su, elektrik enerjisi təminatında problemlər olmasın. Mən inanıram ki, biz birlikdə, buna da nail olacağıq.
Sağ olun, mən bir daha sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu illər ərzində mən sizin dəstəyinizi çox yaxşı hiss etmişəm. Hesab edirəm ki, qazanılan uğurlar, qələbələr bizim birgə qələbələrimiz, birgə uğurlarımızdır”.
Qəsəbə sakinləri Mehriban xanımın Milli Məclisə deputatlığa namizədliyinin yenidən Xəzər rayonundan irəli sürülməsindən çox sevindiklərini bildiriblər. Deyiblər ki, biz bundan çox böyük qürur hissi duyuruq və Sizi həmişə dəstəkləyəcəyik.
Mehriban xanım Əliyeva deyib ki, mən sizin məhəbbətinizi hər zaman hiss edirəm. İnanıram ki, biz bütün imkanlarımızı səfərbərliyə alıb qalan problemləri də birlikdə həll edəcəyik.
“Mən bütün işlərimdə sizə arxalanıram, sizin dəstəyinizi hər zaman hiss edirəm və biz bir komanda kimi çoxlu nailiyyətlər qazanmışıq”
Bu fikir Milli Məclisə deputatlığa namizəd Mehriban xanım Əliyevanın Türkan qəsəbə parkında seçicilərlə görüşündə səslənib. Yenidən Türkan qəsəbəsində olmaqdan məmnunluğunu bildirən Mehriban xanım Əliyeva deyib ki, qəsəbənizin problemləri mənə yaxşı tanışdır: “Ötən müddətdə biz sizinlə bərabər qəsəbənin inkişafı, problemlərin həlli istiqamətində çalışmışıq. Siz yəqin xatırlayırsınız ki, beş il bundan əvvəl biz sizinlə görüşəndə qərara aldıq ki, prioritet istiqamət təhsildir. Ötən beş ildə qəsəbədə bu istiqamətdə xeyli iş görülüb. Məktəblər tikilir, bəziləri yenidən qurulur, onların maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı böyük nailiyyətlər əldə olunmuşdur. Ümumiyyətlə, Xəzər rayonunda bu beş ildə 16 məktəb binası tikilmiş və ya yenidən qurulmuşdur. Təmirə ehtiyacı olan bir-iki məktəb binası qalmışdır. Yaxın gələcəkdə onların da maddi-texniki bazasını yüksək səviyyəyə çatdırdıqdan sonra növbəti mərhələdə biz artıq təhsilin səviyyəsini, keyfiyyətini düşünməliyik. Məktəblərin hamısında kompyuter, ən yüksək, müasir təhsil üçün bütün zəruri vasitələr olmalıdır, uşaqlarımız yaxşı şəraitdə təhsil almalıdır”.
Türkan qəsəbəsinə hər gəlişindən, sakinlərlə görüşlərindən məmnunluğunu bildirən Mehriban xanım Əliyeva deyib ki, burada olan abadlığı, təmizliyi, gözəlliyi görürəm: “Bunlar məni sevindirir. İnanıram ki, mövcud problemləri də çox qısa bir zamanda imkanlarımızı səfərbərliyə alıb həll edəcəyik. Çünki mən bütün işlərimdə sizə arxalanıram, sizin dəstəyinizi hər zaman hiss edirəm və biz bir komanda kimi çoxlu nailiyyətlər qazanmışıq. Həm ümumiyyətlə, rayona, həm də Türkan qəsəbəsinə baxsaq, burada bir neçə park, mədəniyyət evi, poliklinika, tibbi yardım stansiyası, sanatoriya, məktəblər, bağça, internat məktəbi - bunlar hamısı inkişafdır, abadlıqdır. Əlbəttə, mənim arzum odur ki, bütün problemlər çox qısa bir zamanda həllini tapsın. Həm əhalinin rifahı, həm su, elektrik enerjisi, qazla təminat yaxşılaşsın. Qəsəbədaxili yollar bəzi yerlərdə yaxşı deyildir, onları yenidən qurmaq lazımdır. Bütün bu problemlər öz həllini tapacaqdır. Mən əminəm ki, yaxın gələcəkdə bu məsələlərin hamısı həll olunacaqdır. Bir daha demək istəyirəm ki, Türkan daha da gözəlləşəcəkdir. Türkan bu gün də çox gözəldir. Bundan da artıq gözəl olacaqdır. Sizinlə görüşməyə hər zaman şadam. Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin məhəbbətinizi, sevginizi həmişə hiss etmişəm. Əldə edilən bütün uğurlar bizim birgə qələbəmizdir”.
Mehriban xanım Əliyeva sakinlərin qayğı və problemləri ilə maraqlanıb, istək və arzularını dinləyib və onlara kömək göstərəcəyini deyib.
Sakinlərdən Gülarə Rəhmanova, Sevda Əlifəttahzadə, Leyla İbrahimova və başqaları deyiblər ki, burada Sizin təşəbbüsünüzlə çox böyük işlər görülüb: “Göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Türkanı müasirləşdirirsiniz, Allah Sizə cansağlığı versin. Son illər ölkəmizdə, o cümlədən qəsəbəmizdə görülən xeyirxah işləri yüksək qiymətləndirir, ürəkdən sevinir, fəxr edirik. Bu nailiyyətlərin hamısı göz qabağındadır. Sizin gəlişinizə bütün qəsəbə sakinləri sevinirlər. Qarşıdan gələn seçkilərdə bir nəfər kimi sizə səs verəcəyik. Çünki bizim ümidimiz sizədir. Sizi dəstəkləməyə həmişə hazırıq, çünki sizin köməyinizi daha çox görürük. Noyabrın 7-də, Allah qoysa, hamımız sizə səs verəcəyik”.
Mehriban xanım Əliyeva bildirib ki, Türkanda xüsusi bir mühit var: “Buraya qədəm qoyan kimi onu hiss edirəm. Ona görə bir daha sizə dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Əminəm ki, sizin dəstəyinizlə bütün problemləri həll edəcəyik”.
Mehriban xanım Əliyeva Türkanda qəsəbə ağsaqqalı Əli Əliyevin evində qonaq olub. Çay süfrəsi arxasında Mehriban xanım Əli Əliyevin ailə üzvləri ilə səmimi söhbət edərək problemləri ilə maraqlanıb. Qəsəbə sakinləri son illər Türkanda görülən abadlıq-quruculuq işlərindən razılıqlarını bildiriblər. Ev sahibləri Mehriban Əliyevanı həyətdə yetişdirdikləri Bakı şanısına qonaq ediblər.
Yeni Azərbaycan.- 2010.- 30 oktyabr.- № 202.- S. 3.