Çap etmək   ⁞     ⁞   Fond haqqında

Moskvada Heydər Əliyev Fondunun nümayəndəliyi yaradılıb


Leyla Əliyeva: "Heydər Əliyev bu gün aramızda yoxdur, lakin onun bütün ömrünü həsr etdiyi işi yaşayır".

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilmişdir. Gecəni ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu təşkil etmişdi. Rusiya və Azərbaycan ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri gecə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlandı. MDBMİ (U)-nun prorektoru İvan Tyulin gecənin məhz bu ali məktəbdə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayaraq bildirdi ki, Heydər Əliyev Moskvada işləyərkən onun inkişafına böyük diqqət yetirirdi. O xatırlatdı ki, böyük dövlət xadimi Heydər Əliyevin xidmətlərini nəzərə alaraq, vaxtilə ona MDBMİ-nin Fəxri doktoru adı verilmişdi. İ.Tyulin vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni bitirmişdir, hazırda isə burada Heydər Əliyevin nəvəsi Leyla Əliyeva təhsil alır. Prorektor dedi: "Hazırda MDBMİ-də Azərbaycandan yüzdən çox gəncin təhsil aldığını qeyd etməyə bilmərəm. MDBMİ onlar üçün doğma evə çevrilmişdir".

Sonra söz Heydər Əliyev Fondunun nümayəndəsi Leyla Əliyevaya verildi. L.Əliyeva babasının həyat və fəaliyyətindən, onun Azərbaycanın müasir tarixindəki rolundan və şəxsən onun üçün necə böyük əhəmiyyət daşıdığından söhbət açdı. O vurğuladı ki, bu böyük İnsan müstəqil Azərbaycanın Prezidenti olarkən indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratmışdır. Leyla Əliyeva dedi: "Heydər Əliyev bu gün aramızda yoxdur, lakin onun bütün ömrünü həsr etdiyi işi yaşayır". L.Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətindən danışaraq bildirdi ki, üç il ərzində Fond ölkə əhalisinin bütün təbəqələrinin dəstəyini və etimadını qazanmışdır. Moskvada artıq Heydər Əliyev Fondunun nümayəndəliyi yaradılmışdır və o, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə hər cür yardım göstərəcəkdir.

L.Əliyeva dedi: "Bu gün Heydər Əliyev haqqında təkcə siyasi xadim və ictimai lider kimi danışmaq mənim üçün bir qədər çətindir, çünki o, mənə doğma, yaxın və sevimli İnsan idi. Ürəyimi aça biləcəyim bir İnsan. O, həmişə məni dəstəkləyir, məsləhət verir, başa salır və sakitləşdirirdi. İşinin həddən artıq çoxluğuna, ağırlığına baxmayaraq, o, həmişə ailəsi üçün vaxt tapırdı. O, mənim babam, dostum, dəstəyim və dayağım idi. Mən onun yoxluğunu həmişə hiss edəcəyəm. Bəzən deyirlər ki, əvəzolunmaz adamlar yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm, o, əvəzolunmaz insan idi". L.Əliyeva öz çıxışını babasına həsr etdiyi şeir ilə bitirdi.

Sonra Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətindən bəhs edən film göstərildi. Gecədə çıxış edən Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, tarixçi və tədqiqatçı, "Taleyin dolanbacları. Heydər Əliyev" kitabının müəllifi Nikolay Zenkeviç, Rusiya Federasiyasının YUNESKO-dakı komissiyasının sədri, senator Aleksandr Dzasoxov, Rusiya Dövlət Duması Mədəniyyət Komitəsinin sədri İosif Kobzon, Azərbaycanın RF-dəkı səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından və onun ölkələrimizin ən yeni tarixindəki misilsiz rolundan danışmışlar. Sonra təşkil edilmiş konsertdə İosif Kobzon, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov, Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə çıxış etdilər. MDBMİ-nin foyesində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunmuş, gecənin iştirakçılarına H.Mirələmov və V.Andrianovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabı paylanmışdır.

Leyla Əliyeva AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: "Babam haqqında xatirələrim o qədərdir ki, sözlə demək mümkün deyildir. Biz Moskvada görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş gecə keçirdik. Mən Heydər Əliyevin xatirə gecəsini məhz Moskvada, Rusiyada təşkil etmək istəyirdim. Düşünürəm ki, gecə yaxşı keçdi, mən onun fəaliyyəti barədə, ən əsası isə babam, doğma, yaxın və sevimli insan haqqında danışdım. O, məni çox istəyir və həmişə deyirdi ki, nənəmə çox oxşayıram. Biz onunla saatlarla çox şey barədə söhbət edirdik. O, həqiqətən, qeyri-adi və valehedici insan, mənim üçün həm dost, həm baba, həm dəstək və həm də dayaq idi. Bir sözlə, o, mənim üçün hər şey idi və çox təəssüflər olsun ki, indi o, bizimlə deyildir. Ancaq onun, əslində, xilas etdiyi və yenidən yaratdığı Azərbaycan, onun bütün xeyirxah işlərini davam etdirən Heydər Əliyev Fondu yaşayır". Leyla Əliyeva Heydər Əliyev Fondunun Moskvada necə fəaliyyət göstərəcəyi barədə də danışmışdır: "Biz xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi işinə hərtərəfli kömək edəcək, habelə Azərbaycanın mədəniyyətini, tarixini təbliğ edəcək, Rusiya cəmiyyətinə müasir Azərbaycanın reallıqlarını göstərəcəyik. Bizim gənclərimiz çox fəaldırlar, mən onlarla işləməyimə çox şadam, çünki hiss edirəm ki, onların ürəyi Azərbaycan xalqı üçün, doğma Azərbaycan üçün döyünür. Bu, çox xoşdur. Düşünürəm ki, biz birlikdə çox şeyə nail olacağıq". Leyla Əliyeva vurğulamışdır ki, Heydər Əliyevin fəaliyyətindən bəhs edən bir çox kitablar yazılmışdır, lakin bu böyük şəxsiyyət barədə bir kitabda söhbət açmaq mümkün deyildir. O demişdir: "Biz xatirə gecəsinə gələnlərə "Görkəmli insanların həyatı" seriyasından "Heydər Əliyev" kitabını payladıq. Düşünürəm ki, qonaqların əksəriyyəti Moskvada işlədiyi dövrdə böyük nüfuza malik olmuş və xeyirxah işlər görmüş Heydər Əliyev haqqındakı bu kitabı artıq oxumuşlar. Bu kitabda Heydər Əliyev, əsasən, siyasi xadim və dövlət xadimi kimi təqdim olunur. Mənim isə öz ideyam var, ola bilsin, gələcəkdə Heydər Əliyev haqqında öz kitabımı yaza biləcəyəm. Onu baba, ailə başçısı kimi təqdim etmək, uşaqları ilə necə ünsiyyət bağlamasından söhbət açmaq istəyirəm. Çünki bu ayrıca tarix, onun qeyri-adi insan olmasını göstərən ayrıca böyük bir aləmdir. Bu barədə az adam bilir. O, çox xeyirxah, düzgün, ədalətli və güclü insan idi. O, bizimlə olanda elə bilirdik ki, arxamızda dağ var. Onunla ünsiyyətdən alınan zövqü sözlə izah etmək mümkün deyil, çünki bu insanla istənilən mövzuda danışmaq olurdu. Nə qədər məşğul olsa da həmişə mənim məktəb, universitet işlərimlə, dostlarımla maraqlanırdı. O, hər şeyi, hətta mənim dostlarımın, tanışlarımın adlarını da bilirdi. Bəzən deyirlər ki, əvəzedilməz adamlar yoxdur, mən bu fikirlə razı deyiləm, Heydər Əliyev əvəzolunmaz insan idi".


Səs.- 2007.- 12 may.- № 81.- S. 2.