Şərəfli missiya
Fəaliyyətinin beşinci ildönümünü qeyd edən Heydər Əliyev Fondu Azərbaycanın güvənc və fəxarət məkanına çevrilib
"Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır".
İlham Əliyev
Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin xatirəsinə ehtiramdan, ulu öndərin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətindən və milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılan Heydər Əliyev Fondunun bu il beş yaşı tamam olur.
Heydər Əliyev Fondunun təntənəli açılışı 2004-cü il mayın 10-da, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə oldu. Açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev Fondun fəxri qonaqlar kitabında ürək sözünü belə ifadə edib: "Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan Fondun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatlar və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir".
Ötən 5 ildə Heydər Əliyev Fon¬du öz fəaliyyəti ilə Azərbaycanın ic¬timai həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə Azərbaycanda analoqu olmayan qurum olduğunu ortaya qoydu. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi mədəni-ictimai tədbirlər dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətləndi. Bu müddətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr sanballı və geniş əhatəlidir. Fond xeyriyyəçilikdən tutmuş səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafına, mədəniyyətimizin və mədəni irsimizin dünyada təbliğinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, ölkəmizin dünyadakı imicinin formalaşmasına, amnistiya təşəbbüsləri ilə çıxış etməsinə qədər müxtəlif sferalarda fəallıq nümayiş etdirməklə Heydər Əliyevin ideyalarına ləyaqətlə xidmət etdiyini təsdiqləyir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan məramlarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Fond 5 illik fəaliyyətilə insanların ümid yerinə çevrilib.
Heydər Əliyev Fondunun fəaliyyəti çox genişdir. Buraya Heydər Əliyevin ölkəmizin tərəqqisi, dünya birliyinə inteqrasiyası və xalqımızın rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və ideyalarının həyata keçirilməsinə dəstək verməkdən, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etməkdən başlamış, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara kömək etmək, insanların yaradıcı potensialını, bilik və bacarıqlarını aşkara çıxarmaq, mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması işinə töhfələr vermək, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatlarını inkişaf etdirmək, ekologiya sahəsində tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək kimi genişmiqyaslı fəaliyyət daxildir.
Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər bir insanda fərəh və qürur hissləri doğuran fəaliyyətinin əsasında təbii ki, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə və ümumən Fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır. Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq! Bunu Mehriban xanım Əliyevanın. özünəməxsus səmimiyyətlə dediyi sözlər də təsdiq edir: "Mən arzu edirəm ki, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin".
Məhz nəcib əməllərinə görə Mehriban xanım Əliyeva ötən 5 ildə beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülüb. Hələ 2004-cü ilin avqustunda Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyeva 2005-ci il iyun ayında ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edildi. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə gö¬rə isə Mehriban xanım Əliyeva 2006-cı ilin noyabrında İSESKO-nun xoşməramlı səfiri adını aldı.
Mehriban xanım Əliyeva 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" adına, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdi¬yi yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Rusiyada "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülübdür. Yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanla¬ra yardım göstərilməsi sahəsində islam Konfransı Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığa görə isə 2008-ci ilin iyununda Mehri¬ban xanım Əliyeva "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi". diplomuna layiq görülüb.
Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyeva 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat seçilib.
Heydər Əliyev Fondu ümum-milli liderimizin ideyalarına sadiq qalaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir, ulu öndərin xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ic¬timai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Nəcib əməlləri ilə xeyirxahlıq və mərhəmət ünvanına çevrilən, eləcə də hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu Mehri¬ban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə tapması işində ye¬ni zirvələr fəth edir, Azərbaycanın adını yüksək tutur.
Rəşad Cəfərli
Azərbaycan.- 2009.- 28 aprel.- № 90.- S. 3.