Çap etmək   ⁞     ⁞   ISESCO

Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edilmişdir


Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) yaradılmasının 30 illiyi münasibətilə Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə mayın 3-də İSESCO-nun mənzil-qərargahında yubiley mərasimi keçirilmişdir.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Baş nazir A.Benkiran başda olmaqla Mərakeş Krallığı hökumətinin üzvləri, İSESCO-ya üzv dövlətlərin, beynəlxalq təşkilatların, Rabatda akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri və İSESCO-dakı daimi nümayəndəsi S.Ağabəyov iştirak etmişlər.

Bir gün əvvəl - mayın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri səfir S.Ağabəyovla görüşmüşdür.

Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubu, İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalını və "İSESCO: 30 ilin nailiyyətləri" adlı kitabı ali ünvan sahibinə çatdırılmaq məqsədilə səfirə təqdim etmişdir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley münasibətilə baş direktora ünvanlanmış təbrik məktubu Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim olunmuşdur.

Qurani Kərimdən ayələrin oxunması ilə başlamış yubiley mərasimində Baş nazir A.Benkiran Mərakeş Kralı VI Məhəmmədin tədbir iştirakçılarına məktubunu oxumuşdur.

Sonra baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etmiş, İSESCO-nun 30 ildə gördüyü işlərdən və perspektiv vəzifələrdən danışmış, 30 illik yubiley xatirə qızıl medalını Baş nazir A.Benkirana təqdim etmişdir.

Daha sonra İSESCO-nun 30 illik fəaliyyəti haqqında film nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə dövlətimizin yüksək mükafatının - "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi də filmdə əksini tapmışdır.


Xalq qəzeti.- 2012.- 4 may.- № 97.- S. 1.