Mehriban Əliyeva: “Dünya çempionatı məqsəd deyil, Azərbaycanın tarixində mühüm mərhələdir”
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva oktyabrın 3-də Bakıda başlayacaq bədii gimnastika üzrə XXVII dünya çempionatı və özünün federasiyaya rəhbərliyinin 3 illiyi ilə əlaqədar federasiyanın mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadəyə müsahibə vermişdir.
AzərTAc müsahibənin mətnini oxuculara təqdim edir.
– Mehriban xanım, icazə verin, Sizi bu iki hadisə münasibətilə təbrik edim. Lakin əvvəlcə bilmək istərdim: Siz bu qədər çox, gərəkli və məsul işlərin öhdəsindən gəlməyə necə macal tapırsınız? Axı, Siz Gimnastika Federasiyasının rəhbəri olmaqla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentisiniz, “Azərbaycan İRS” jurnalını nəşr etdirirsiniz, indi isə 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd göstərilmisiniz.
– Təbrikə görə sağ olun. Bədii gimnastika üzrə dünya çempionatının Bakıda keçirilməsi mənim üçün böyük əhəmiyyəti olan hadisədir. Düşünürəm ki, bundan sonra Azərbaycanda gimnastikanın inkişafı tamamilə başqa sürətlə gedəcəkdir. O ki qaldı gimnastika sahəsindən kənardakı vəzifələrimə, deyə bilərəm ki, çox məşğulluğuma baxmayaraq, Gimnastika Federasiyasının qayğı və problemləri həmişə diqqətim mərkəzində olacaqdır. Ölkədə gimnastikanın inkişafı ilə bağlı məsələlər mənim üçün qətiyyən ikinci dərəcəli əhəmiyyət daşıya bilməz. Mən onların həllinə həmişə vaxt tapacağam.
Əvvəllər olduğu kimi, yenə də məqsədyönlü işləyərək, Azərbaycan gimnastikasının inkişafına lazımi şərait yaradacağıq. Qalan hər şey, o cümlədən yarışlarda iştirak, olimpiya, dünya və Avropa turnirlərində qələbələr ölkədə gimnastikanın inkişafının nail olmağa çalışdığımız yüksək səviyyəsinin ancaq məntiqi nəticəsi olacaqdır.
– Mehriban xanım, dünya çempionatının Bakıda keçirilməsi ideyası Sizdə necə yaranmışdır? Yəqin belə bir fakt nəzərə alınmışdır ki, Azərbaycanda hələ heç vaxt idmanın hansısa növü üzrə dünya miqyaslı birincilik keçirilməyibdir?
– Son vaxtlar Azərbaycanda çox yüksək səviyyəli xeyli beynəlxalq yarışlar keçirilmişdir. Lakin siz bir məsələdə haqlısınız ki, bu, idmanın olimpiya növü üzrə ölkəmizdə keçirilən ilk birincilikdir. Deyə bilmərəm ki, bizdə xüsusi, dəqiq müəyyən edilmiş məqsəd — dünya çempionatını Bakıda keçirmək məqsədi vardı. Yox, məsələ, əlbəttə, belə qoyulmamışdı.
Məqsəd bir qədər başqa səpkili və son dərəcə aydın idi. Biz, sadəcə olaraq, istəyirdik ki, Azərbaycanda bədii gimnastika inkişaf etsin. İndi, bu çempionatın bizdə keçirildiyi bir vaxtda, deyə bilərəm ki, mənim üçün bu, üç ildə görülmüş işlərə verilən qiymətdir. İşlər isə, həqiqətən, çox görülmüşdür.
2002-ci ilin oktyabrında mən Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra biz, ilk növbədə, idmanın bu növünün inkişafı üçün kompleks strategiya hazırladıq. Onu iki bərabər hissəyə bölmək olar. Onlardan biri gimnastikanın ölkədə son dərəcə geniş yayılmış idman növünə çevrilməsinə, digəri isə beynəlxalq əməkdaşlıq sistemi yaradılmasına istiqamətləndirilmişdi.
Lakin başlıcası budur ki, qısa müddətdə nail olduq ki, bizə inansınlar. Halbuki “Azərbaycanda? Bədii gimnastika?” kimi şək-şübhə ilə verilən suallar az deyildi. İnanın ki, anaların məhz bədii gimnastika ilə məşğul olmaq istəyən balaca qızlarının əlindən tutub salona gətirməyə başlaması çox mühüm məqam idi. Gimnastikanın gələcəyi həyat səviyyəsindən başlayaraq, xalqın estetik ideallarınadək müxtəlif amillərdən asılıdır. Bu baxımdan gimnastika idmanın olduqca mürəkkəb növüdür. Uşaq idmanın hər hansı növü ilə 14–15 yaşından məşğul olmağa başlaya və inkişaf üçün parlaq perspektivlərə malik ola bilər, bizim üçünsə bu yaş artıq gecdir.
Əlbəttə ki, idmanın hər bir növündə istedadın olması vacibdir. Lakin bədii gimnastikada istedad sırf idman istedadından qat-qat üstündür. Kiçik yaşlı gimnast qızın malik olması vacib sayılan xüsusiyyətləri və spesifik xarakteristikalarını istənilən qədər sadalamaq mümkündür. Bunların hamısı ola bilər, amma dünya səviyyəli gimnast olmaz. Hər halda, bədii gimnastika idmanla incəsənətin qovuşuğudur. Burada bütün idman keyfiyyətləri, texnika, qələbə əzmi, çəkini saxlamağa sərt tələblərlə yanaşı, çətin izah edilə bilən bir keyfiyyət, necə deyərlər, “daxili qığılcım” da olmalıdır. Əgər bu varsa, gimnast qız idman salonuna hələ yenicə ayaq açırsa da, deyə bilərsən ki, o, qalib gələcəkdir.
Gimnastika tarixində belə idmançılar az olmayıbdır. Görünür, hər bir belə gimnastda idmandan nə qədər keyfiyyətlər varsa, yüksək sənətdən də bir o qədər keyfiyyətlər var.
Biz elə bir idman mühiti formalaşdırırıq ki, hətta belə istedad peyda olsa da, o, nəyə qadir olduğunu bu mühitdən kənarda göstərə bilməz. Bu gün ötən üç ili təhlil edərək demək olar: ilk qələbəmiz ondan ibarət olmuşdur ki, qısa müddət ərzində biz Azərbaycan gimnastikasına münasibəti istər ölkə daxilində, istərsə də dünyada köklü surətdə dəyişdirə bildik. Yalnız kağız üstündə mövcud olan birləşmiş federasiya daim fəaliyyət göstərən, səlahiyyətli və səmərəli qərargaha çevrilmişdir. Federasiya idman gimnastikasının və bədii gimnastikanın, akrobatikanın, tamblinqin inkişafı, onların geniş yayılması və gündəlik idman həyatına tətbiqi sahəsində bütün işlərə başçılıq edərək, gimnastikamızın gələcəyinin təmin olunmasında bizə kömək edən lazımi xətti müəyyənləşdirə bildik. Yalnız ölkənin daxilində vəziyyət dəyişdikdən sonra burada yüksək səviyyəli beynəlxalq yarışlar keçirilməsi barədə məsələlər qaldırmaq mümkün idi.
Federasiyanın vitse-prezidenti Altay Həsənovun başçılığı ilə nümayəndə heyətimiz Afinaya, Beynəlxalq Gimnastika Federasiyasının 74-cü Konqresinə çempionatı keçirmək məsələlərini müzakirə etmək üçün artıq tam səlahiyyətlə yola düşmüşdü. Forumun iştirakçılarına Azərbaycanda bədii gimnastikanın inkişafından, mötəbər yarışların təşkili və keçirilməsi sahəsində ölkəmizin imkanlarından ətraflı danışıldı. Bundan sonra bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi yeri kimi Bakının namizədliyi irəli sürüldü.
– Səhv etmirəmsə, bundan sonra Beynəlxalq Federasiyanın rəhbərləri Bakıya gəldilər...
– Bəli, tamamilə haqlısınız. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Bruno Qrandinin başçılığı ilə nümayəndə heyəti 2003-cü ilin yazında Bakıya gəldi. Onlar paytaxtımızın idman obyektlərinə baxdılar, ölkədə idmanın inkişaf səviyyəsini gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Milli Olimpiya Komitəsində bu görüş zamanı nəinki Bakının dünya çempionatını keçirməyə namizədliyi təsdiqləndi, həm də biz eyni dərəcədə nüfuzlu bir turniri — Dünya kubokunun mərhələ yarışını keçirmək təklifi də aldıq və həmin yarış 2003-cü ilin avqustunda uğurla baş tutdu.
– Yeri gəlmişkən, bu turnir də, onun 2004-cü ildəki analoqu da, rəsmən Azərbaycan Gimnastika Federasiyasının Kuboku adlandırılmış və 2005-ci ilin mayında keçirilmiş Dünya kuboku yarışı da yüksək səviyyədə keçdi və həm ölkə daxilində, həm də xaricdə müsbət qiymətləndirildi.
– Dünya çempionatından isə bizim daha böyük gimnastika və ümumən, idman bayramı gözləməyə haqqımız var. Axı bu, Azərbaycanda keçirilən ilk dünya çempionatı olacaqdır. Hələlik ilkin məlumata görə, bu çempionatda 47 ölkənin 140-dan çox idmançısı iştirak edəcəkdir. Onların hamısı dünya çempionu adı uğrunda yarışacaqdır. 21 kollektiv komanda hərəkətlərində qalib adı uğrunda mübarizə aparacaqdır. Bu günlər planetin ən adlı-sanlı gimnastları, Olimpiya oyunlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları Bakıya gələcəklər.
İndi, çempionat ərəfəsində biz Beynəlxalq Federasiya ilə daim işgüzar əlaqə saxlayır, qarşıya çıxan hər bir təşkilati məsələni operativ surətdə həll edir, bir sözlə, birinciliyin ən yüksək səviyyədə keçməsi üçün bütün işləri görürük. Biz gimnastika həvəskarlarını təntənəli açılış mərasimi ilə də, bu mərasimdə çıxışların gözəlliyi ilə də sevindirəcəyik.
– Bəs yarışların özü? Sizcə, Dinara Gimatova, Anna Qurbanova, Vəfa Hüseynova və komanda hərəkətlərində yığmamız nəyə ümid bəsləyə bilərlər?
– Yarışlar son dərəcə dəqiq təşkil edilmişdir və zənnimcə, idman xoşbəxtliyi ən layiqlilərin üzünə güləcəkdir. Təbii ki, biz qızlarımızdan uğurlu çıxış gözləyirik. Məsələn, Dinara Gimatova əvvəlki dünya çempionatında göstərdiyi nəticələrdən daha yüksək nəticələr qazanmağa qadirdir. Yadınızdadırsa, o vaxt Dinara mütləq çoxnövçülükdə və topla hərəkətdə 8-ci yeri tutmuşdu.
Afina Olimpiadasının iştirakçısı Anna Qurbanovanın son nəticələri sübut edir ki, o, final yerlərinin bölüşdürülməsində güclü rəqib ola və ümumkomanda hesabı üçün xallar qazana bilər.
Vəfa Hüseynova böyük ümidlər verən gənc gimnastdır. Son vaxtlar Rusiya yığmasının adlı-sanlı məşqçisi İrina Vinerin rəhbərliyi ilə məşğul olur. Ümidvarıq ki, o da bizi uğurlu çıxışı ilə sevindirəcəkdir. Komanda hərəkətlərində yığmamızın çıxışına da böyük ümidlər bəslənilir. İnanırıq ki, Azərbaycan yekun cədvəlində layiqli yer tutacaqdır.
– Mehriban xanım, xahiş edirəm, bir neçə kəlmə də Bakıda keçirilən yarışların əhəmiyyətindən danışasınız. Hətta ən səthi təhlil təsdiq edir ki, hər bir yarışdan sonra idman bölmələrinə gələnlərin sayı artır. Belə isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında tikilmiş və tikilməkdə olan olimpiya idman komplekslərindən bu məqsədlərlə nə üçün istifadə edilməsin?
– Bu mövzu federasiyamız üçün çox aktualdır. Biz bu məsələ ilə ciddi məşğul olur, vəziyyəti təhlil edirik.
Heç də hər yerdə idman salonları gimnastika üzrə rəsmi turnirlər keçirilməsi üçün əlverişli olmasa da, onlardan seleksiya və məşqlər, nümunəvi çıxışlar üçün uğurla istifadə etmək mümkündür. Bunun özü də ölkədə gimnastikanın inkişafına güclü təkan verər.
Regionlarımızda idmanın populyar olduğunu və yarışlara çoxlu tamaşaçı gəldiyini hamı Qubada yəqin edə bildi. Burada qadın voleybol komandaları arasında Qran-pri mərhələsi tam anşlaq şəraitində keçdi və yüksək mütəşəkkilliyi ilə fərqləndi. Əminəm ki, gimnastikada da belə olacaqdır.
Onu da deyim ki, biz bununla əlaqədar Lənkərandan konkret təklif almışıq — federasiyadan oraya kifayət qədər təcrübəli məşqçi ezam olunmasında, qrupun, onunla işin təşkilində və sair məsələlərdə kömək göstərilməsini xahiş edirlər.
Güman edirəm ki, tezliklə Sumqayıt, Naxçıvan, Gəncə, Şamaxı və digər şəhərlərimiz də lənkəranlıların təşəbbüsünə qoşulacaqlar.
– Şəhər və rayonlarda gimnastikaya diqqət göstərilməsi son dərəcə mühüm vəzifədir. Amma razılaşın ki, bu, uzunmüddətli strategiyadır. Ən yaxın məqsəd isə Olimpiya oyunlarıdır, dünya və Avropa çempionatlarıdır və s. Planetin 10 ən yaxşı bədii gimnastı sırasında Dinara Gimatova və Anna Qurbanova ilə təmsil olunan Azərbaycan bu çox yüksək idman səviyyəsində özünü layiqincə göstərmişdir. Bəs, 19 yaşlı bu iki qızın arxasında kimlər var? Azərbaycan məşqçiləri yaxın gələcəkdə beynəlxalq dərəcəli gimnastlar yetişdirə biləcəklərmi? Yoxsa, biz xaricdən təcrübəli, yüksək ixtisaslı məşqçiləri uzunmüddətli, bəlkə də, daimi əsasda dəvət etmək praktikasına əl atmalıyıq?
– Mən bu məsələləri tez həll olunan məsələlər kimi təsəvvür etmirəm. Hər halda, onların həlli təkcə hərtərəfli araşdırma, ətraflı düşünülmüş yanaşma deyil, həm də vaxt tələb edir. Bununla yanaşı, bir məsələ aydındır — gimnastikada müəyyən nailiyyət olsa da, indiki vəziyyət ümumən bizi razı sala bilməz.
Əminəm ki, Bakıda planlaşdırılan gimnastika kompleksi yüksək dərəcəli gimnastlar hazırlanması üzrə bütün işlərin mərkəzinə çevriləcəkdir. Nəzərdə tutulduğu kimi, o, idman texnikasının ən son nailiyyəti əsasında təchiz ediləcəkdir. Zənnimcə, başlıca vəzifələrdən biri müasir məşq metodikalarına yiyələnməkdir. Yüksək nəticələr əldə olunmasına məhz bu kömək edir. Dünya praktikası təsdiqləyir ki, bu cür təlim bazasının olması gənclərin məşğələlərə sürətlə cəlb edilməsini təmin edə bilər, məşqləri daha peşəkarlıqla aparmağa ruhlandırır.
– Mehriban xanım, bir qədər gələcəyə nəzər salaq. Bəs dünya çempionatından sonra nə olacaqdır? Yəqin ki, çempionat başa çatdıqdan sonra Siz federasiyanı digər yarışlara və 2008-ci il Pekin Olimpiadası ərəfəsində lisenziyalı dünya birinciliyinə hazırlığa istiqamətləndirəcəksiniz?
- Çempionat başa çatacaq və onun nəticələrindən asılı olmayaraq, idmançılar müntəzəm məşqlərə qayıdacaqlar, federasiya isə köhnə və yeni problemlərin həlli ilə məşğul olacaqdır. Qısamüddətli planlarımız az deyildir. Həlli illərlə vaxt tələb edən problemlər də kifayət qədərdir. Beynəlxalq Gimnastika Federasiyası ilə aramızda sıx və işgüzar münasibətlər yaranmışdır. Hakimlər üçün keçirilən mötəbər və nüfuzlu kurslara mütəxəssislərimiz ənənəvi olaraq dəvət edilirlər. Onlar, bir qayda olaraq, yüksək rəylərlə qayıdır, konqres və seminarlarda iştirak edirlər.
Beynəlxalq Federasiyanın rəhbərliyi ölkəmizdə idmanın necə sürətlə inkişaf etdiyinə diqqət yetirərək, təşəbbüsümüzü dəstəkləmiş və Azərbaycan Gimnastika Federasiyasının Kuboku uğrunda Bakı yarışlarını özünün illik təqviminə daxil etmişdir. Bu, hələ hamısı deyildir. Bu yarışlara A kateqoriyası - Dünya kuboku mərhələsi statusu verilmişdir. Gələn il isə həm Avropa çempionatına, həm də Dünya kubokunun finalına hazırlaşmaq lazımdır.
Əlbəttə, gimnastlarımızın Pekin Olimpiadasında uğurlu çıxışına istiqamətləndirilmiş iş daim gedir. Əlbəttə, çox istərdik ki, artıq Pekində Azərbaycan bədii gimnastikası həm fərdi proqramda, həm də komanda ilə qrup hərəkətlərində təmsil olunsun. Bir sözlə, gördüyünüz kimi, planlarımız çox genişdir. Düşünürəm ki, onlar gec-tez reallığa çevrilərək, yeni niyyətlər və yeni planlar doğuracaqdır.
– Mehriban xanım, Sizə nailiyyətlər və dünya çempionatının uğurlu keçməsini arzulayırıq. Müsahibəyə görə çox sağ olun.
Xalq qəzeti.- 2005.- 1 oktyabr.- № 228.- S. 5.