Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycan-YUNESKO əlaqələri yüksək səviyyədədir


Azərbaycanın fəal əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar içərisində BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO özünəməxsus yer tutur. Respublikamızın YUNESKO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Bu əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi isə YUNESKO ilə respublikamız arasında formalaşan qarşılıqlı etimadı daha da möhkəmləndirir.

Qeyd edək ki, Azərbaycan-YUNESKO münasibətləri bu günə qədər çox zəngin inkişaf yolu keçib. Məlum olduğu kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə YUNESKO hərtərəfli dəstək göstərir.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyev dünyada təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük önəm verib. Azərbaycan-YUNESKO əlaqələrinin yaranma tarixinə qısa nəzər salmaq kifayətdir ki, Ulu öndərin bu yöndə nə qədər böyük işlər gördüyünü təsəvvür etmək mümkün olsun. Məlumat üçün bildirək ki, Azərbaycandan olan nümayəndə heyəti ilk dəfə məhz YUNESKO Baş konfransının 1993-cü ilin oktyabrında keçirilən 27-ci sessiyasında respublikamızı təmsil edib. Həmin sessiyanın ölkəmiz üçün ən önəmli nəticələrindən biri o olub ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi YUNESKO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edilib.

Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən YUNESKO-nun o zamankı Baş direktoru Federiko Mayorla görüşüb. Respublikamızın elm, təhsil və mədəniyyətlə məşğul olan qurumlarının fəaliyyətinin YUNESKO-nun işi ilə əlaqələndirilməsini həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 1994-cü il fevral ayının 21 -də Milli Komissiyanın yaradılması barədə Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan komissiyanın respublikanın müvafiq nazirliklərinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim maddi-mədəniyyət abidələrinin qorunması istiqamətində gördüyü işlərin nəticəsi olaraq 2000-ci ildə İçərişəhər YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Azərbaycan xalqına məxsus mədəni irsin, maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması və yaşadılmasına hər zaman böyük önəm verən Prezident İlham Əliyev YUNESKO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri daha da genişləndirib. Dövlət başçısının YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Milli Komissiyanın yeni tərkibi müəyyənləşdirilib. Azərbaycanın YUNESKO ilə əməkdaşlığına dair operativ iş Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

Azərbaycanla YUNESKO arasında çoxşaxəli əlaqələrin mövcudluğunu sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-maddi-mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar. Bu vaxta qədər ölkəmizdə YUNESKO çərçivəsində bir çox tədbirlər keçirilib. Buna misal olaraq 1996-cı ildə Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının yaranmasının 1300 illik, 2001-ci ildə N. Tusinin anadan olmasının 800 illik yubiley tədbirlərini, mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminarı, silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiyanın 50 illiyinə dair və digər tədbirləri göstərmək olar.

Heç kəsə sirr deyil ki, Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Dünya mədəniyyətinə böyük töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə, həmçinin, YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ildə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində böyük rol oynayıb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Əlavə edək ki, olduqca genişmiqyaslı fəaliyyət göstərən Mehri- ban xanım Əliyeva mədəniyyətlərarası dialoq sahəsi ilə yanaşı, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Yeri gəlmişkən, həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi olaraq, 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. 2009-cu il isə Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə ilə yadda qalıb. Belə ki, təşkilatın Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən IV sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da adıçəkilən mədəniyyət sahələrinin Azərbaycan xalqına məxsus qədim irs olması beynəlxalq aləmdə təsdiqlənmiş oldu. Qeyd edək ki, Novruz bayramının beynəlmiləl qeyri-maddi- mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Eyni zamanda, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq ötən ilin noyabrında Keniyada keçirilən YUNESKO-nun V iclasında Azərbaycan xalçası Qeyri- maddi mədəni irs siyahısına daxil edilib.

Tam əminliklə demək olar ki, bu istiqamətdə Azərbaycanda görülən işlərin davam etdirilməsi ölkəmizlə təşkilat arasında tərəfdaşlığın daha da möhkəmlənməsi, bu əlaqələrin dünya mədəniyyətinə daha böyük töhfələr verməsi baxımından çox önəmlidir.


Hülya Məmmədli

Yeni Azərbaycan.- 2011.- 22 yanvar.- № 12.- S. 4.