Uşaqların beynəlxalq bədii yaradıcılıq festivalı başa çatmışdır
İyunun 1-də Heydər Əliyev adına sarayda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun himayəsi ilə uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqların mayın 25-dən başlamış "Dan ulduzu" beynəlxalq bədii yaradıcılıq festivalının yekun konserti olmuşdur. Festivalda Qazaxıstandan iki uşaq kollektivi iştirak etmişdir.
Bakı şəhər 1 nömrəli uşaq evi balaca musiqiçilərinin ifasında "Bayram süitası" səslənəndən sonra gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxış etmişdir. O, iştirakçıları salamlayaraq demişdir ki, ölkəmizdə uşaqlara qayğının dövlətimizin üstün saydığı sahəyə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan dövləti və ictimaiyyəti daha çox diqqət və qayğı göstərir.
Nazir festivalın uğurlu keçirilməsində Heydər Əliyev Fondunun, Azərbaycanın Dostlar Mədəniyyət Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətini xüsusi vurğulamışdır. O, festivala sponsorluq etmiş çoxsaylı təşkilatlara minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, festival günlərində uşaqlar arasında yaranmış dostluq əlaqələri və bayram əhval-ruhiyyəsi onların gələcək yaradıcılıqlarına müsbət təsir göstərmişdir.
"Qarasu" əməliyyat şirkətinin ictimai əlaqələr üzrə meneceri Cəmilə Paşayeva festivalın laureatları adını qazanmış uşaq musiqi kollektivlərinə, diplom və qiymətli hədiyyələr təqdim etmişdir.
Festivalın prezidenti, "Dan" Beynəlmiləlçi Gənclər Birliyinin sədri Gülarə Teymurova Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanlanmış məktubunu oxumuşdur.
Məktubda deyilir: "...Əziz balalar, gələcəyimiz olan siz uşaqlar daim dövlətin qayğı və diqqətindəsiniz. Biz çalışırıq ki, uşaqlar hər zaman şən və xoşbəxt yaşasınlar.
Sizin yaradıcılığınız milli-mənəvi dəyərlərimizlə bağlıdır. Türkdilli xalqların zəngin sənət irsini öyrənmək, inkişaf etdirmək və qorumaq hər bir ölkə vətəndaşının borcudur. Bu festivalın keçirilməsi bir daha göstərdi ki, istedadlı uşaqlarımız çoxdur.
Mən inanıram ki, sizin hər biriniz gələcəkdə doğma Vətəninizin qədim tarixini, zəngin mədəniyyətini öz yüksək istedadınızla dünyada tanıdacaq və şöhrətləndirəcəksiniz.
Sizə cansağlığı və sənət uğurları arzulayıram!"
Təhsil nazirinin müavini İradə Hüseynova festival iştirakçılarını və qonaqları əlamətdar hadisə münasibətilə təbrik etmiş, balaca istedadlara uğurlar arzulamışdır. Festival iştirakçıları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Tanınmış müğənnilər - Faiq Ağayev, Azərin və Nadir Qafarzadə balaca həmkarlarını populyar mahnıları ilə salamlamışlar. Yekun konsertindən sonra uşaqlar sarayın qarşısındakı parka gəlmiş, ümummilli liderimiz Heydər Əliyevin burada ucaldılmış əzəmətli abidəsinin önünə əklil qoymuş, havaya sülh rəmzi göyərçinlər pərvazlandırmış, burada xatirə şəkli çəkdirmişlər
AzərTAc
2005, 2 iyun