“Muğam aləmi” Üçüncü Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğamın solo və instrumental ifaları üzrə müsabiqə keçiriləcəkdir
Bakı, 13 fevral (AZƏRTAC). Bakıda reallaşacaq “Muğam aləmi” Üçüncü Beynəlxalq Musiqi Festivalı çərçivəsində martın 15-dən 18-dək muğamın solo və instrumental ifaları üzrə müsabiqə keçiriləcəkdir.
Müsabiqə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaqdır.
Bu barədə AZƏRTAC-a məlumat verən müsabiqənin əlaqələndiricisi Zemfira Hüseynova bildirmişdir ki, möhtəşəm sənət yarışması Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında təşkil ediləcəkdir.
Əsas mərhələdə çıxışların ardıcıllığı martın 15-də səhər saat 10:00-da püşkatma vasitəsilə müəyyənləşdiriləcək və çıxışlar cədvəl üzrə aparılacaqdır. Hər bir müsabiqə iştirakçısına təxminən 30 dəqiqə vaxt veriləcəkdir. Yarışmada yaşı 35-dək olan həm vokal, həm də instrumental ifaçılar iştirak edə bilərlər. Müxtəlif ölkələrdən dəvət olunmuş ənənəvi musiqinin görkəmli bilicilərindən ibarət 7 nəfərlik münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların çıxışları ilə bağlı rəyini bildirəcəkdir.
Müsabiqədə Qran-Pri, birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplomlar və pul mükafatları təqdim ediləcəkdir.
Martın 18-də Bakıda qaliblərin yekun qala-konserti təşkil ediləcəkdir.
AZƏRTAC
2013, 13 fevral