Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayın Kürdşaban kəndində tikilmiş məktəb binasının açılışı olmuşdur


Sentyabrın 20-də Göyçay rayonunun Kürdşaban kəndində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa olunmuş 240 yerlik orta məktəb binasının açılış mərasimi olmuşdur.

Kənd sakinlərinin, müəllim və şagirdlərin, rayon mərkəzindən, qonşu kəndlərdən gələn qonaqların iştirak etdiyi mərasimi Göyçay rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova açaraq ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Kürdşaban kənd orta məktəbinin direktoru Kamil Məmmədov və digər natiqlər son illər Göyçayda tədris ocaqları üçün binaların tikintisi, əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən, bu sahədə Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən danışmışlar. Onlar rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən və 1000 nəfərdən çox sakini olan Kürdşaban kəndində müasir standartlar səviyyəsində tikilən, istilik sistemləri qurulan və hər cür lazımi avadanlıqla təchiz edilən yeni tədris ocağına görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən keçən il rayonun Bədəvil kəndində də yeni orta məktəb binası tikilib istifadəyə verilmişdir. İlin sonunadək isə Yekəxana kəndində daha bir məktəb binasının inşasına başlanacaqdır.

Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış etmişdir. Kənd sakinlərini, müəllim və şagirdləri təbrik edən nazir, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasətin uğurlu nəticələrindən danışmışdır. Nazir demişdir ki, həyatımızın bütün sahələrində, o cümlədən təhsildə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işində sevindirici nailiyyətlər əldə edilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində respublikamızın müxtəlif bölgələrində çoxlu məktəb binaları tikilmiş, təhsil ocaqları ən müasir avadanlıqla təmin olunmuşdur. Bu işlərdə mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin xeyirxahı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir ki, göyçaylılar Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və əmindirlər ki, bu siyasət xalqımızı daha firavan gələcəyə qovuşduracaqdır. Kürdşaban kəndində sizin başçılıq etdiyiniz Fondun təşəbbüsü ilə tikilib bu gün istifadəyə verilən məktəb binası təhsilimizə göstərdiyiniz qayğının bariz nümunəsidir.

Məktəbimizdə 25 müəllim, 10 xidmətçi çalışır, 200 şagird təhsil alır. Bu gün onların sevincinin həddi-hüdudu yoxdur. Ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin uğurla davam etdirilməsi sizin bu kursa sədaqətinizin əyani göstəricisidir.

Müraciət bu sözlərlə bitir: "Əminik ki, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi potensialı bundan sonra daha da güclənəcək, Azərbaycanda daha möhtəşəm sosial layihələr həyata keçiriləcək, Heydər Əliyev Fondunun xeyirxah işlərinin yeni nümunələrinin şahidi olacağıq".

Sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları sinif otaqları, 8 mindən çox ədəbiyyatı olan kitabxana, kompüter kabineti ilə tanış olmuşlar.


Xalq qəzeti.- 2006.-21 sentyabr.- № 214.- S. 2.