Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu bu il də məktəb tikintisini diqqətdə saxlayacaq


Araşdırmalardan sonra ən zəruri yerlərdə məktəb binaları inşa ediləcək

Ötən gün Təhsil Nazirliyində yeni məktəb tikintisinə həsr olunmuş iclas keçirilib. Tədbirdə çıxış edən nazir Misir Mərdanov bildirib ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ötən il ölkədə 132 ümumtəhsil məktəb binası tikilib. M. Mərdanov Fondun 2006-cı ildə də həmin layihə çərçivəsində yeni məktəb binalarının tikintisini davam etdirəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov onu da xüsusi vurğulayıb ki, bu işdə Təhsil Nazirliyinin də üzərinə ciddi vəzifələr düşür. Belə ki, nazirlik ölkənin bütün rayonlarında araşdırma apararaq ən zəruri ehtiyac olan yerlərdə yeni məktəb binalarının tikilməsi ilə öz təkliflərini Heydər Əliyev Fonduna təqdim etməlidir: "Müzakirələr zamanı bu məqsədlə ölkəmizin müxtəlif bölgələri üzrə nazirliyin məsul əməkdaşlarından ibarət 7 işçi qrupun yaradılması planlaşdırılıb. Həmçinin həmin qrupların 10 gün müddətinə yerlərə ezam olunması qərara alınıb".

İclasda təhsil naziri Misir Mərdanov yerlərə ezam olunacaq əmək-daşlara öz tövsiyələrini çatdırıb, məsələnin vaxtında və yüksək səviyyədə icrasını təmin etmək məqsədilə nazirliyin müvafiq qurum rəhbərlərinə ciddi tapşırıqlar verib.


Yasəmən

Üç nöqtə.- 2006.- 11 fevral.- № 25.- S. 9.