Mədəniyyət hər bir xalqın dünyadakı vizit kartıdır
Tarixin bütün dövrlərində mədəniyyət və incəsənət, bütövlükdə, maddi-mənəvi dəyərlərlə bağlı olan proseslər daim xalqların diqqət mərkəzində olub. Çünki mədəniyyət elə bir fenomendir ki, onun vasitəsilə bütün dünyanı fəth, hətta, ram etmək olar. Eyni zamanda, mədəniyyət, adət-ənənə, milli-mənəvi dəyərlər hər bir xalqın tarixin güclü assimilyasiya proseslərindən yan keçməsinə şərait yaradır, onu qoruyur. Təsadüfi də deyil ki, imperiyalar əsrində istənilən xalqı sıradan çıxarmaq və müqavimət gücünü qırmaq üçün bu amildən istifadə edilirdi. Məsələn, Makedoniyalı İsgəndər “Ellin” mədəniyyəti formalaşdırmaq bəhanəsilə məhv olmaqda olan Yunanıstanı, Makedoniyanı xilas etmək məqsədilə minlərlə avropalı ilə asiyalını nigaha girməyə vadar edirdi. Eyni siyasəti Roma imperiyası da yürüdürdü. Həmçinin, orta əsrlərdə işğal edilmiş ölkələrin ilk növbədə mədəniyyəti dağıdılırdı, nümayəndələri isə ya öldürülür, ya da əsir götürülürdü. Məhz, bu cür yanaşma XX əsrə qədər davam edib, hətta, Azərbaycan xalqı da Ermənistan tərəfindən bu cür mədəni vandalizmə məruz qalıb.
Təbii ki, müasir dövrdə mədəniyyətlə bağlı düşüncələr daha genişdir və təsirlidir. Xüsusilə də, demokratikləşmə dalğaları, mədəniyyətlərarası dialoq və sivilizasiyalararası “konfliktlərin” gündəmdə olduğu bir vaxtda bu, daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Çünki, mədəniyyət və incəsənət hər bir xalqın dünyada özünü təqdim etmək üçün bir vizit kartıdır. Bu səbəbdən də, mədəniyyətlə bağlı fikirlər və düşüncələr daim diqqət mərkəzində olub. Əlbəttə ki, bu konteksdən yanaşdıqda, Azərbaycan mədəniyyəti və incəsənəti, milli-mənəvi dəyərləri, bu sahəyə olan diqqət və qayğı ön plana çəkilir. Etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin müstəqilliyinin xilaskarı və qurucusu Ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, həmçinin, onun nümayəndələri qorunub saxlanıldı və inkişaf etdirildi.
52 il öncədən başlanan intibah
Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti sözün həqiqi mənasında yüksəliş dövrü keçdi. 1969-1982-ci illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr, kino sahəsində misli-bərabəri görünməyən tərəqqi baş verdi. O dövrdə Azərbaycanın bütün sahələrində mədəniyyət evləri, memarlıq ansamblları yaradıldı. 1949-cu ildən fəaliyyəti dayandırılmış bir sıra rayon teatrları yenidən həyata qaytarıldı. Azərbaycanın müxtəlif bölgələrində mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldıldı. İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, Mehdi Hüseyn və başqa ədiblərin şərəfinə ucaldılmış heykəllərin təşəbbüskarı məhz Ümummilli lider Heydər Əliyev oldu. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi.
Onun Prezident təqaüdü təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu siyahıda Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Hökumə Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Firəngiz Əlizadənin, Ramiz Mirişlinin, Nəriman Məmmədovun, Oqtay Zülfüqarovun, Elza İbrahimovanın, Oqtay Kazımovun, musiqişünas Elmira Abbasovanın, Ramiz Zöhrabovun adlarını çəkmək olar. Ümummilli liderimizin sözün əsl mənasında musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırıb.
Bununla yanaşı, keçmiş sovetlər dönəmində dörd yazıçı və şairimiz - Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, üç bəstəkarımız – Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, böyük müğənnimiz Rəşid Behbudov, memar Mikayıl Abdullayev, rəssam Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı adı alıblar. Bu görkəmli insanların çətin maneələri aşmasında ilkin köməyi, dəstəyi məhz ümummilli liderimiz göstərib.
1993-cü ildə xalqın təkidli tələbilə yenidən Azərbaycanda rəhbərliyə gələn Ulu öndər Heydər Əliyev bu sahəyə olan diqqət və qayğısını əsirgəmədi. 1995-2003-cü illər ərzində Heydər Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata - «İstiqlal» ordeninə, Azərbaycan Respublikasının xalq artistləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Ramiz Mirişli – «Şöhrət» ordeni ilə təltif olunub. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüblər. Azərbaycan musiqi sənətinin inkişafında xidmətləri olan bəstəkarlardan C. Hacıyevin, A. Əlizadənin, xalq artistlərindən S. Qədimovanın, Z. Xanlarovanın «Şöhrət» ordeni ilə təltif olunması ümummilli liderin musiqi sənətinə göstərdiyi diqqətin bəhrələrindəndir.
«Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz. Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq çox vacibdir» - deyən Ulu öndər Heydər Əliyevin dəstəyilə xarici ölkələrdə Azərbaycan Mədəniyyət günlərinin keçirilməsinə start verildi. Heydər Əliyev tərəfindən təməli qoyulmuş mədəni əlaqələr bu gün də Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqəti əsasında davam etdirilməkdədir.
Azərbaycan mədəniyyəti və incəsənəti dünyanı fəth edir
2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində mədəniyyət və incəsənət sahəsində ciddi irəliləyişlər əldə olundu. Mədəniyyət, incəsənət nümayəndələri daha geniş formada dövlətin qayğısı ilə əhatələndi, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradıldı. Respublikanın bütün bölgələrində mədəniyyət və musiqi evləri təmir və bərpa edildi, yeniləri inşa olundu. Əlbəttə ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mədəniyyət və musiqi nümayəndələrinin şərəfinə abidələrin ucaldılmasına göstərişlər verdi. Elə ötən gün Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi söylənilənlərin əyani sübutudur.
“Azərbaycan musiqi mədəniyyəti çox zəngindir. Biz haqlı olaraq fəxr edirik ki, gözəl musiqimiz var. Xalq musiqimiz, muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir. Bu gün Azərbaycan musiqisini inkişaf etdirən bəstəkarlar, sənət adamları öz töhfəsini verirlər ki, bu ənənələr davam etsin, bu ənənələr kəsilməsin, istedadlı musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə Azərbaycan dövləti əlindən gələni edir və edəcək” – deyən Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın musiqi həyatı zəngindir, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, müsabiqələr keçirilir.
Dövlətimizin başçısı deyir ki, Azərbaycan musiqisi dünyada da təqdim edilir: “Müxtəlif konsertlər, müsabiqələr, festivallar keçirilir. Yəni, hesab edirəm ki, bu gün Azərbaycan, o cümlədən bu istiqamətdə də uğurla inkişaf edir. Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Bakıda, bölgələrdə mədəniyyət mərkəzləri açılır. Yəni, bu, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir”.
Təkzibedilməz faktdır ki, Azərbaycan mədəniyyətinə olan diqqət və qayğı nəticəsində ölkəmizin təmsilçiləri dünyanın ən mötəbər festivallarında və müsabiqələrində qabaqcıl yerləri tuturlar. Elə muğam sahəsində Azərbaycanın bütün planeti fəth etməsi, həmçinin, “Eurovision-2011” yarımasının qalibi olması və 2012-ci ildə bu müsabiqəyə möhtəşəm ev sahibliyi etməsi dediklərimizi isbatlayır. Bu işdə isə əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi fəaliyyəti var.
Heydər Əliyev Fondu mədəniyyətimizin təbliğatçısı və hamisidir
Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir.
Heydər Əliyev Fondunun ən böyük layihələrindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq hər il yay aylarında keçirilir. Artıq ənənə halını alan festival beynəlxalq miqyasda böyük marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu festival ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə qədər böyük önəm verildiyini göstərir. Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin, eləcə də, Qara Qarayev, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Fikrət Əmirov kimi milli musiqinin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin müəlliflərinin əsərlərinin dünyaya tanıdılmasında mühüm rola malikdir. ölkəmiz barəsində informasiyaya malik olmayan, yaxud Azərbaycanı yalnız neft ölkəsi kimi tanıyan xarici ölkə vətəndaşları Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə tamamilə yeni və zəngin təəssüratlara sahib olurlar. Həmçinin, birinci xanımın təşəbbüsü və dəstəyilə Bakıda mədəniyyətlərarası və sivilizasiyalararası dialoq forumları təşkil edilir, dünyanın ən aparıcı ölkələrinin – Fransanın, Almaniyanın, İtaliyanın, ABŞ-ın, Rusiyanın paytaxt və iri şəhərlərində Azərbaycan mədəniyyəti günləri baş tutur.
Göründüyü kimi, hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da uzun illər, əsrlər boyu müstəqillikdən məhrum olub, ancaq müstəqilliyə olan sevgisini ürəyində yaşadıb. Elə musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz, bütövlükdə, mədəniyyətimiz bizi bir xalq kimi qoruyub və bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Artıq bu gün Azərbaycan xalqı mədəniyyəti, incəsənəti, musiqisilə dünyanı fəth edir, bir sivil toplum kimi mədəni-mənəvi dəyərlərilə dünya mədəniyyətinə öz töhfəsini verir. Əminik ki, bu proses bundan sonra da genişlənəcək və Azərbaycan xalqı mədəniyyətilə, musiqisilə dünyaya karifeylər, dahilər bəxş edəcək.
Səs.- 2014.- 5 fevral.- № 20.- S. 5.