Qadın hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş, ana adını uca tutmuş, qadına dərin hörmət və ehtiramla yanaşmışdır. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız tarixin ən müxtəlif dönəmlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini vermişlər. Gözəlliyi, isməti, namusu, analıq şərəfi ilə seçilən xanımlarımız həm də fədakarlıq, mətinlik mücəssəməsi kimi adlarını ədəbi salnamələrə yaza bilmişlər. Xalqın formalaşma və özünüdərk prosesində, mental dəyərlər sisteminin formalaşmasında, genofondunun qorunmasında, ən başlıcası, milli məqsədlər naminə səfərbər olunmasında Azərbaycan qadınının xidmətləri əvəzsizdir. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, ideya mübarizələrində qadınlarımız əzmkarlığı, fəallığı, müasirliyi, biliyi, bacarığı, möhkəm əqidə saflığı ilə həmişə ön cərgələrdə olmuşlar. Adət-ənənələrimizin yaşadılması və nəsillərdən-nəsillərə çatdırılması yolunda Azərbaycan qadınları daim müdriklik, fədakarlıq və təmkinlilik nümayiş etdirmişlər.
Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadını layiq olduğu uca mövqeyə yüksəlmişdir. 1993-cü ilin iyununa qədər respublikanın üzləşdiyi ağır məhrumiyyətləri - xaos və anarxiya mühitini, sosial-iqtisadi, siyasi, mənəvi böhranı, qan-qadanı taleyində yaşamağa məhkum olmuş xanımlarımız rahat nəfəs alaraq böyük nikbinlik və ümidlə ictimai-siyasi həyatda fəallıq göstərməyə başlamışlar.
Ulu öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olaraq respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin etmiş, Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışmışdır. Azərbaycan qadınının mərdliyini, dözümlüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini hər zaman ən ali dəyər kimi qiymətləndirən ümummilli liderin yüksək iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın sosial-iqtisadi, siyasi, mədəni həyatında əldə olunmuş yüksək tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, gender bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac vermişdir.
Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.
Azərbaycan qadınlarının təhsil hüququnun yüksək səviyyədə təminatı ölkəmizdə gender balansının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın 42-ci maddəsində deyilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində isə cinsindən asılı olmayaraq hər bir vətəndaşın təhsil almaq hüququ aydın şəkildə təsbit olunmuşdur və bu da qadınla kişi arasında təhsil sahəsində hüquq bərabərliyinin əsas göstəricilərindəndir.
Konstitusiyamızın 35-ci maddəsinə əsasən, hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Qadınların və 16 yaşa qədər uşaqları olan çoxuşaqlı anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə "Əmək Məcəlləsində", "Məzuniyyətlər haqqında", "Vətəndaşların pensiya təminatı haqqında", "Əhalinin məşğulluğu haqqında" və digər qanunlarda da öz əksini tapmışdır.
Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 15 ildə beynəlxalq təcrübə də dərindən öyrənilmiş, habelə Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə etmişdir. Bu müddətdə respublikamız BMT-nin "Qadınların siyasi hüquqları" üzrə 1952-ci il tarixli, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli, "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli konvensiyalarına imza atmış, eyni zamanda, 2001-ci ildə təşkilatın Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2002-ci ildə isə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulmuşdur. 2001-ci ildən isə Avropa Şurasının tamhüquqlu üzvünə çevrilmiş respublikamız təşkilat çərçivəsində qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasibətlərini genişləndirmişdir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.
Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilmiş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır.
Hazırda ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün də etibarlı zəmin formalaşdırır. Bu baxımdan, 2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir.
Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun şəxsində Azərbaycan qadınının YUNESKO və İSESKO kimi mötəbər qurumlarda etibarlı nümayəndəsi, nəcib və xeyirxah elçisi vardır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.
Bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir. Bir müddət əvvəl Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Sentyabrın 26-da Bakıda keçirilmiş Azərbaycan qadınlarının III qurultayı respublikanın sosial-iqtisadi və demokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, son illərdə bu sahədə görülən işlərə yekun vurmaq, habelə müasir mərhələdə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək məqsədi daşımışdır. Qurultay ərəfəsində bütün rayon və şəhərlərdə yerli qadın konfransları keçirilmiş, bu konfranslarda uğurlarla yanaşı, həm də real həyatda müşahidə olunan bəzi problemlər geniş müzakirə olunmuşdur. Qurultay ərəfəsində ayrı-ayrı sahələr üzrə - sahibkar, hüquqşünas, yaradıcı, qeyri-hökumət təşkilatlarını təmsil edən qadınların da konfransları keçirilmiş, onların təklif və rəyləri öyrənilmişdir.
Qurultayda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmiş, Azərbaycan Prezidentinə və beynəlxalq təşkilatlara müraciət, habelə yekun qətnamə qəbul olunmuşdur. Qurultayda həmçinin regionlarda qadın hərəkatının inkişafı problemlərinə xüsusi diqqət ayrılmış, ölkənin nisbətən daha ucqar regionları ilə əlaqələrin intensivləşdirilməsi vacibliyi önə çəkilmişdir.
Qurultayda çıxış edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir ki, Azərbaycan qadınları həyatın bir çox sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər: "Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunub saxlanmasında qadınların misilsiz xidməti olubdur. Azərbaycanda qadın, ana hər zaman uca, müqəddəs sayılıbdır. Azərbaycan qadınları övladlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ruhunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlayıblar... Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, demək olar ki qadınların qarşısında daha geniş imkanlar açıldı. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə Azərbaycan 4 ildir ki, dünyanın lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün sahələrində müşahidə olunur və bu uğurlarda Azərbaycan qadınının böyük rolu, böyük payı var".
Azərbaycanın birinci xanımı gender siyasəti sahəsində əldə olunan uğurlara rəğmən, bəzi problemləri, arxaik təsəvvürlərdən irəli gələn qüsurlu cəhətləri də kəskin tənqid etmişdir. Xüsusən də, qadınların təhsillə bağlı problemlərini diqqətə çəkən Mehriban xanım Əliyeva demişdir: "Hesab edirəm ki, biz belə qurultayda bu məsələləri birgə müzakirə etməli və problemlərin həlli yolunu axtarmalıyıq. Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir... Bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə, icazə vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə, bu, dözülməz bir faktdır. Biz qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik. İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Mən bu kürsüdən istifadə edərək, sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib, bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq. Artıq 90 ildir ki, Azərbaycan qadını cəmiyyətimizin tamhüquqlu üzvüdür. Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını gerçəkləşdirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram".
Azərbaycan qadınlarının III qurultayı bir daha təsdiqləmişdir ki, Azərbaycan qadınlarının bilik, qabiliyyət və işgüzarlığının dinamik inkişaf edən ölkəmizin qazandığı nailiyyətlərdə mühüm rolu vardır. Respublikamızda bərqərar olan demokratik mühit Azərbaycan qadınının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Azərbaycan qadınlarının üçüncü qurultayında qəbul olunan qərarlar da bu siyasətin daha da təkmilləşdirilməsinə xidmət edir. Ümidvarıq ki, qurultayda aparılmış geniş və səmərəli müzakirələr cəmiyyəti düşündürən problemlərin həlli istiqamətində tövsiyələr formalaşdıracaq və qadınlarımızın fəallığının artmasına təkan verərək, onları yeni nailiyyətlərə ruhlandıracaqdır.
Afət Sadıqova,
Təhsil Nazirliyi Elm şöbəsinin baş məsləhətçisi,
filologiya elmləri namizədi
Azərbaycan.- 2008.- 14 noyabr.- № 255.- S. 5.