YUNESKO və Azərbaycan əlaqələri
Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr öz uğurlu nəticəsini verməkdədir
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. 1946-cı ildə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlayıb. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifəsi müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmamışdır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir.
YUNESKO irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə, əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoymuşdur. Həmin dövrdən başlayaraq bu günə qədər bura üzv olan dövlətlərin sayı artmışdır. Belə ki, hazırda 193 dövlət YUNESKO-nun üzvüdür. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin, aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO və s.) da müqavilə əlaqələrinə malikdir. YUNESKO 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Üç əsas işçi orqanından ibarət olan YUNESKO-nun ali orqanı baş konfransdır. Baş konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. YUNESKO-nun növbəti iki il üçün proqramlarının və büdcəsinin müəyyən olunması da baş konfransın səlahiyyətidir.
Mənzil-qərargahı Parisdə yerləşdiyindən burada YUNESKO-nun 170 dövlətinin vətəndaşı fəaliyyət göstərir. Azərbaycan - YUNESKO əlaqələrini bu sırada xüsusi olaraq qeyd etməliyik. Bu əlaqələndirici körpünün əsası müstəqillik dövründən başlamışdır. Belə ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkədə bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasəti həyata keçirilmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin, elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan həmin təşkilata daxil olmuşdur.
YUNESKO - Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addımı Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
YUNESKO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ümummilli Lider Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və Daimi Katibliyi formalaşdırılmışdır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.
Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə bir layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir ki, bu da təşkilatla əməkdaşlıq nəticəsində reallaşır. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə bu təşkilat diqqət ayırır. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək və s məsələlər diqqətdə dayanır. Qeyd edək ki, bu təşkilat tərəfindən elm, mədəniyyət kimi sahələrə aid proqram və layihələr hazırlanıb həyata keçirilir. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək işində YUNESKO Azərbaycanla birgə əməkdaşlıq prinsiplərinə əsaslanır. Yubiley tədbirlərin beynəlxalq səviyyədə təşkili işində də Heydər Əliyev Fondu ilə YUNESKO arasında birgə əməkdaşlıq layihələrinə imza atılır.
Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasında bütün sahələrində təbliğ olunaraq, özünün tarixi mədəniyyəti, adət-ənənələrini təqdim edərək nüfuzlu qurum tərəfindən öz qiymətini alır. Ölkəmizin sərvətlərinin tanınmasında və dünya miqyasında, əks-səda ilə qarşılanması, sözsüz ki, bu beynəlxalq qurum tərəfindən ona verilən yüksək qiymətdir. Mütəmadi olaraq, Azərbaycan təmsilçiləri tərəfindən yüksək trubunalarda keçirilən tədbirlər məhz dövlətimizin nüfuzunun artmasına dəlalət edən amillərdir. Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr öz nəticəsini verməkdədir. Bu günlərdə Parisdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlərin keçirilməsi və davam etdirilməsi bu davamlı fəaliyyətin nəticəsində baş tutur.
Xatırladaq ki, bu məzmunda tədbirlər Fransada davamlı olaraq təşkil olunur. Bu yaxınlarda Parisdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasim böyük uğurla sona yetmişdir. Bütün bunlar avropalılara tərəfindən yüksək qiymətləndirilir. YUNESKO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələri avropalılara təqdim olunur. Burada XIV əsrdən başlayaraq Avropada tanınmağa başlayan və sənətsevərlərin diqqətini cəlb edən Azərbaycan xalçalarının günümüzə gəlib çatan nümunələri, o cümlədən, Qarabağ xalçaçılıq məktəbinin nadir inciləri sərgilənir.
20 ilə yaxın bir dövr ərzində qurulan bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpüdür.
Səs.- 2011.- 3 may.- № 77.- S. 5.