Çap etmək   ⁞     ⁞   UNESCO

"YUNESKO İçərişəhər üçün xüsusi komissiya göndərəcək"

Ötən həftə Azərbaycana rəsmi səfərini başa çatdıran baş direktor K. Matsuura belə deyib


Ötən həftənin ən yadda qalan hadisələrindən biri də YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycana üç günlük rəsmi səfəri oldu. Koişiro Matsuura cümə günü Azərbaycanı tərk etdi. YUNESKO baş direktorunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Mədəniyyət Naziri Polad Bülbüloğlu, "AzAL" Dövlət Şirkətinin Prezidenti Cahangir Əsgərov və digər rəsmi şəxslər yola saldı, Bakını tərk etməzdən əvvəl Koişiro Matsuura səfər təəssüratlarını jurnalistlərlə bölüşdü: "Mən çox şadam ki, səfərim uğurla keçdi. Cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya, o cümlədən, ölkənizin mədəniyyət və təhsil nazirlərinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Səfərimin ən böyük uğuru Azərbaycanla YUNESKO arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanmasıdır. Bu sənəd YUNESKO və Azərbaycan arasında bir çox sahələrdə, ilk növbədə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yeni mərhələsini açıb. Qobustan tarixi qoruğunun YUNESKO-nun maddi-mədəni abidələr siyahısına daxil edilməsi ilə bağlı Azərbaycana xüsusi ekspertlər qrupu göndərmək niyyətindəyəm".

Koişiro Matsuura YUNESKO tərəfindən qorunan abidələr siyahısına daxil edilmiş İçərişəhərin acınacaqlı durumundan narahatlıq keçirdiyini deyib; "İçərişəhər YUNESKO tərəfindən qorunur. Təəssüf ki, bu nadir maddi irs YUNESKO-nun təhlükədə olan abidələri siyahısına daxildir. İçərişəhəri bu siyahıdan çıxarmaq üçün Azərbaycan və YUNESKO-nun birgə səy göstərməsi vacibdir. Mən geri qayıtdıqdan sonra bu məsələni xüsusi diqqətdə saxlayacağam. İçərişəhərin mövcud durumunu dəyərləndirmək üçün YUNESKO Azərbaycana xüsusi komissiya göndərəcək". Koişiro Matsuura Azərbaycana səfərinin yekunlarına həsr olunmuş hesabat hazırlamaq və təşkilatın müzakirəsinə təqdim etmək niyyətindədir. Qeyd edək ki, Koişiro Matsuuranın Azərbaycana səfəri Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəvəti ilə baş tutub.


Кино.- 2005.- 31 avqust.- № 30.- S. 2.