Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatalada kənd mədəniyyət evi əsaslı təmir olunmuşdur
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala rayonunun Bəhmətli kəndində mədəniyyət evinin binası əsaslı təmir olunaraq, yenidən istifadəyə verilmişdir.
Avqustun 27-də bu münasibətlə Bəhmətli kənd sakinlərinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Zaqatalada aparılan tikinti-quruculuq işləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, cari ildə daxili imkanlar hesabına rayonun Mosul, Danaçı, Zəyəm, Çobankol və Kəpənəkçi kəndlərində mədəniyyət ocaqları əsaslı təmir olunmuşdur. Hazırda daha bir neçə kənd mədəniyyət evində təmir işləri davam etdirilir.
1967-ci ildə istifadəyə verilmiş Bəhmətli kənd mədəniyyət evi son illər istifadəyə yararsız vəziyyətə düşmüşdü. İcra hakimiyyətinin başçısı mədəniyyət ocağının əsaslı təmir olunmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya sakinlər adından dərin minnətdarlığını bildirmişdir.
Mədəniyyət evinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra binaya baxış olmuşdur. Ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində 7 iş və məşq otağı, habelə 250 nəfərlik tamaşa zalı vardır. Mədəniyyət evi yeni avadanlıqla təchiz olunmuşdur.
Mərasimin sonunda mədəniyyət evinin bədii özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişdir.
AzərTAc
2008, 27 avqust