Yeni məktəblər tikilir
Salyan Təhsil Şöbəsindən bildirmişlər ki, bu il Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının növbəti mərhələsində rayonun Aydıngün və Düzənlik kəndlərində hər biri 200 yerlik məktəb tikiləcəkdir. Bunun üçün layihə-smeta sənədləri hazırlanmış, torpaq sahələri ayrılmışdır. Geniş sinif otaqları, kitabxana, laboratoriya və emalatxanalardan ibarət olacaq təhsil ocaqlarının inşasına gələn aydan başlanacaqdır. Rayonun Qırx Çıraq qəsəbəsində dövlət vəsaiti hesabına tikiləcək 100 yerlik məktəb binası isə növbəti dərs ilində istifadəyə veriləcəkdir.
* * *
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsi çərçivəsində Balakən rayonunun Gərəkli kəndinin Mazımçay yaşayış məntəqəsində məktəb binasının tikintisinə başlanmışdır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, yeni məktəb binasının təməlinin qoyulması münasibəti ilə keçirilən mərasimdə natiqlər təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından dərin minnətdarlıqlarını bildirmişlər.
“North-West Internatsional LLC” şirkətinin inşaatçıları məktəb binasının tikintisini yeni dərs ilinədək başa çatdırmağı planlaşdırırlar.
Xalq qəzeti.- 2006.- 20 iyul.- № 160.- S. 2.