Dünyada milli-mədəni müxtəlifliyin qorunması kontekstində: Azərbaycan-YUNESKO əlaqələri
Genişlənməkdə olan siyasi, iqtisadi, mədəni qloballaşma və inteqrasiya prosesləri ilə səciyyələnən müasir dünyamız xalqların etnomədəni hüquqlarını, milli-mədəni özünəməxsusluğunu, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır, onların maddi və mənəvi irsinin öyrənilməsinə və mühafızəsinə ciddi diqqət yetirməyi tələb edir. Dünyanın mədəni qloballaşması, həm də qloballaşmanın eyniləşdirici meyllərinə qarşı milli mədəniyyətlərin müqavimət gücünün artması ilə müşaiyət olunur. Bəşəriyyət getdikcə daha aydın şəkildə mədəni qloballaşmanın çağırışlarına adekvat cavab vermək, milli mədəniyyətləri qlobal mədəni eyniləşmə təhlükəsindən qorumaq üçün birgə səylər azlığın artırılması zəruriliyini dərk etməyə başlayır.
Müasir dünya siyasətinin ən mühüm meyllərindən birini beynəlxalq hökumətlərarası, qeyri-hökumət təşkilatlarının sayının sürətlə artması təşkil edir. XX əsrin 80-ci illərinin əvvəllərindən indiyədək onların sayı 1 mindən təqribən 5 minə qədər artmışdır (11, cild 5). Qlobalizasiya beynəlxalq idarəetmə problemini aktuallaşdırır və dövlətin tənzimləyici gücünü azaldır. Bu isə öz növbəsində beynəlxalq təşkilatların mədəni müxtəlifliyin qorunub saxlanılmasında getdikcə artmaqda olan rolunu və məsuliyyətini şərtləndirir. Qlobal mədəni proseslərin idarə edilməsi ilə bağlı səlahiyyətlər BMT tərəfındən faktik və hüquqi olaraq onun profil strukturu olan YUNESKO-ya həvalə edildiyindən dünya mədəniyyətlərinin inkişafı yolunda ortaya çıxan problemlərin həllində bu təşkilatın siyasi rolu danılmazdır. Təşkilat özünün bir sıra sənədlərində, xüsusən 2001-ci ildə qəbul etdiyi mədəni müxtəliflik haqqında ümumi bəyannaməsində əks olunmuş baza prinsiplərə, о cümlədən mədəni müxtəliflik və mədəniyyətlərin bərabərliyi prinsipinə münasibətdə qlobal konsensusa əsaslanaraq milli mədəniyyətlərin qorunub saxlanılmasını özünün əsas məqsədlərindən biri hesab edir. Son dövrlərdə beynəlxalq mədəni proseslərdə özünü göstərən müsbət meyllər, mədəniyyətin hər bir insan üçün və bütövlükdə bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edən amilə çevrilməsi həm də YUNESKO-nun məqsədyönlü səylərinin nəticəsidir.
Qlobalizasiya proseslərinin sürətləndiyi şəraitdə mədəni hüquqların təmin edilməsi, digər mədəniyyətlərə hörmət, mədəniyyətlərin qarşılıqlı əlaqəsi bəşəriyyətinin inkişafının zəruri elementlərindən birini təşkil edir. Mədəniyyət həm hər bir insanın, həm də ayrı-ayrı sosial qrupların həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Ona görə də mədəni hüquqlar insan və kollektiv hüquqların mühüm tərkib hissəsi kimi beynəlxalq hüququn əsas diqqət yetirdiyi məsələlərdən biridir. Mədəni hüquqlar dedikdə, birinci növbədə ayrı-ayrı şəxslər və qruplar üçün ümumi olan və onların kollektiv özünəməxsusluğunu formalaşdıran və müəyyən edən mədəni dəyərlər nəzərdə tutulur. Daim inkişaf edən və genişlənən mədəni hüquqlar artıq milli dövlət çərçivələrini aşaraq, qloballaşma və inteqrasiya proseslərinin təsiri ilə universal əhəmiyyət kəsb etməyə başlamışdır. Mədəni hüquq digər insanlar tərəfindən həmin şəxslərin və qrupların mədəni hüquqlarına hörmət, başqa cür olmaq hüququnu özündə ehtiva edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 22-ci maddəsi hər bir insanın öz ləyaqətini qoruyub saxlamaq, şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni hüquqlara malik olduğunu təsbit edir. Həmin Bəyannamənin 27-ci maddəsi hər bir insanın cəmiyyətin mədəni həyatında azad iştirak etmək hüququnu təsdiq edir. İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 4-cü bəndi bilavasitə beynəlxalq mədəni və elmi əməkdaşlığa aiddir. Burada qeyd olunur ki, paktı qəbul etmiş dövlətlər hər bir insanın cəmiyyəti mədəni həyatında iştirak etmək, elmi tərəqqinin nəticələrindən və onların əməli tətbiqindən istifadə etmək. müəllifi olduğu istənilən elmi, əbədi və ədəbi əsərləri əlaqədar yaranan mənəvi və maddi maraqların müdafıəsindən istifadə etmək hüququnu tanıyırlar. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsində göstərilir ki, etnik, dini və dil azlıqların mövcud olduğu ölkələrdə bu azlıqlara mənsub insanlara onların daxil olduğu qrupun digər üzvləri ilə birgə öz mədəniyyətindən istifadə etməyi, dininə sitayiş etmək və onun ayinlərini yerinə yetirməyi, həmçinin öz doğma dilindən istifadə etməyi qadağan etmək olmaz.
Adı çəkilən beynəlxalq normativ sənədlərin bu maddələri insan hüquqları arasında mədəni hüququn xüsusi yer tutduğunu təsdiq edir. İnsan hüquqlarına dair beynəlxalq hüququn inkişafını nəzərdən keçirərkən məlum olur ki, mədəni hüquqlar həm ümumdünya, həm də regional səviyyədə qəbul edilmiş sənədlərdə elan edilmişdir. Artıq qeyd edildiyi kimi, ümumdünya səviyyəsində bu hüquqlar ÜDİHB-nin 22 və 27-ci maddəsində və İSMHBP-ın 15 maddəsində öz əksini tapmışdır. Regional səviyyədə isə mədəni hüquqlara dair maddələr İnsan Hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyasında, Mədəniyyət Haqqında Avropa Konvensiyasında Mədəniyyət Sahəsində Meksika Bəyannaməsində mövcuddur.
Azərbaycan Respublikasının qanunvericilik sistemində və dövlət siyasətində də mədəni hüquqların təminatı, mədəni müxtəlifliyin qorunması və dəstəklənməsi öz əksini geniş tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası irqi ayrı-seçkiliyin və ksenofobiyanın bütün-dini, etnik, irqi formalarını qadağan edir. Bütün vətəndaşlar bərabər mədəni hüquqlara, о cümlədən ölkənin mədəni həyatında bərabər iştirak etmək, mədəni irsindən bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 40-cı maddəsində mədəniyyət hüququ təsbit edilmişdir. Bu maddəyə görə, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ, tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmaq, ona qayğı göstərmək, tarix və mədəniyyət abidələrini qorumaq vəzifəsi mövcuddur. Konstitusiyanın 51-ci maddəsi isə yaradıcılıq azadlığını, dövlətin ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verməsini müəyyən edir [1]. Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” Qanunun 8-ci maddəsində deyilir ki, hər kəsin özünün milli-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mənəvi, estetik və digər dəyərləri sərbəst seçmək hüququ vardır. Dövlət şəxsin mədəni özünəməxsusluq hüququna təminat verir. Həmin qanunda mədəni birliklərin hüquqlarının hüquqi təhlükəsizliyini təmin olunmasına dair bir çox maddələr var [6].
Mədəni hüquqların məzmunu bir sıra beynəlxalq sənədlərdə, о cümlədən, YUNESKO-nun işləyib hazırladığı normativ aktlarda şərh edilmiş və müəyyənləşdirilmişdir. Nəticədə mədəni hüquqların reyestri daha da genişlənmiş, əsas prinsiplər müəyyənləşdirilmişdir: bir və ya bir neçə mədəniyyəti seçmək (və ya mənimsəmək) və onu sərbəst ifadə etmək; mədəniyyətə əlçatarlıq hüququ; mədəniyyətin nemətlərindən istifadə etmək, о cümlədən bu nemətləri qorumaq; hüququ, mədəniyyətin inkişafına töhfə vermək hüququ; mədəni demokratiyanın təşəkkülünə dəstək verilməsi məqsədlərində bərabər imkanlar və ayrıseçkiliyin olmaması; yayılma vasitələrinin və informasiyanın əlçatarlığı hüququ; mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq hüququ [21, 13-14].
Mədəni bərabərlik həm müxtəlif mədəniyyətlərin bərabərliyini, həm də insanların mədəni həyatda bərabər iştirakını mədəni dəyərlərdən bərabər faydalanmasını özündə ehtiva edir. Hər kəs hansı mədəniyyətə mənsub olmasını özü seçməlidir. Lakin bu seçimi etmək üçün, insanın bütün mədəniyyətlərlə təmasa girmək imkanı, hüquqi dillə desək, “mədəniyyət hüququ’' olmalıdır [20, 210].
YUNESKO-un əqidəsı ilə 1982-ci ildə Meksika şəhərində keçirilmiş “Mədəniyyət sahəsində siyasətə dair” beynəlxalq konfransın qəbul etdiyi Bəyannamədə belə bir ümid ifadə olunurdu ki, “son nəticədə bəşəriyyət vahid mədəni və mənəvi məqsədlərə gələcəkdir”. Bəyannamədə qeyd olunurdu ki, mədəni özünəməxsusluq insanın hərtərəfli inkişaf imkanlarını genişləndirən, hər bir xalqı, hər bir qrupu səfərbər edən və onları keçmişdən güc almağa, mədəniyyətlərin öz xarakterinə uyğun elementlərini mənimsəməyə və bununla özünüyaratmaq prosesini davam etdirməyə sövq edən qiymətsiz sərvətdir. Deklarasiyada göstərildiyi kimi, hər bir xalq məhz öz ənənələri və ifadə formaları vasitəsilə bütün dünyaya özünü təsdiq etdirir. Bəyannamədə mədəni özünəməxsusluğun və mədəni müxtəlifliyin bir biri ilə qırılmaz qarşılıqlı əlaqəsi vurğulanır və qeyd olunur ki, müxtəlif ənənələrin çıyın-çiyinə mövcud olduğu yerdə müxtəliflik mədəni özünəməxsusluğun əsasını təşkil edir” [14; 10]. Bu kontekstdə dil hüquqları və mədəni özünəməxsusluğa hörmətin inkişafına kömək sahəsində YUNESKO-nun fəaliyyəti xüsusi vurğulanmalıdır. Mədəni müxtəliflik dedikdə ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətinin öz ifadəsini tapdığı müxtəlif yollar nəzərdə tutulur. Mədəni özünüifadə fərdlərin, qrupların, cəmiyyətlərin yaradıcılığının nəticəsi olan, mədəni mahiyyətə malik olan özünü ifadədir. Mədəni müxtəliflik ancaq insan hüquqları və əsas azadlıqları, о cümlədən fərdlərin mədəni özünüifadəni seçmək imkanı kimi hüquq və azadlıqlar təmin olunarsa, qoruna və təşviq oluna bilər. Mədəni müxtəlifliyə və mədəni hüquqlara dair YLINESKO tərəfındən qəbul olunmuş beynəlxalq sənədlər, xüsusən Mədəni müxtəlifliyə dair 2001-ci il Ümumdünya Bəyannaməsi, Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair 2005-ci il Konvensiyası bu baxımdan mühüm rol oynayır. О mədəni müxtəlifliyin bəşəriyyətin müəyyənedici xüsusiyyəti olduğunu, onun irsini formalaşdırdığını və hamının rifahı üçün qorunub saxlanılmalı və bəslənilməli olduğunu, insanlar və millətlərin davamlı inkişafı üçün hərəkətverici qüvvə olduğunu təsdiqləyərək, beynəlxalq sənədlərdə elan edilmiş insan hüquqları və əsas azadlıqlarının tam realizəsi üçün onun əhəmiyyətini xüsusi qeyd etmişdir. Konvensiya mədəni özünüifadə müxtəlifliyin qorunması və təşviqinə dair ümumi prinsipləri, tərəflərin hüquq və öhdəliklərini müəyyənləşdirmiş, tövsiyələr irəli sürmüşdür [4].
Ümumdünya mədəni irsinin qorunması və saxlanılması beynəlxalq mədəni əməkdaşlığın, YUNESKO-nun əsas vəzifələrindən biridir. Milli və beynəlxalq mədəni dəyərlərin müdafıəsinə görə məsuliyyət məsələsi bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Bu sırada birinci növbədə “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasını (1954-cü il) və ona əlavə edilmiş Protokolu xüsusi qeyd etmək lazımdır [8, 259-284]. Azərbaycan Respublikasının 1993-cü il aprelin 21-də qoşulduğu bu Konvensiyada mənəvi dəyərlərin tərifi, onların qorunması, mədəni dəyərlərə hörmət, silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin müdafıəsi ilə bağlı həyata keçirilməli tədbirlər öz əksini tapmışdır. Konvensiyaya qeyd olunduğu kimi, hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verdiyi üçün onların hər birinin mədəniyyətinə vurulan ziyan bütün bəşəriyyətin mədəni irsinə vurulan ziyandır mədəni irsin qorunması dünyanın bütün xalqları üçün böyük əhəmiyyət kəsb edir və bu irsin beynəlxalq müdafıəsinin təmin edilməsi vacibdir [14, 259-260]. Universal dəyərlərə malik mədəni və təbiət obyektlərinin qorunmasına, beynəlxalq və mülki münaqişələr zamanı daşınan və daşınmaz mədəni irsin qorunmasına dair dövlətlərin öhdəliklərini müəyyənləşdirmək məqsədi ilə bir sıra konvensiyalar qəbul olunmuşdur. 1970-ci ildə “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və onlara mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” Konvensiya (Azərbaycan Respublikası 30 sentyabr 1997-ci ildə ona qoşulub), 1972-ci ildə isə “Ümumdünya mədəni və təbii irsinin mühafızəsi haqqında” Konvensiya (Azərbaycan Respublikası 6 dekabr 1993-cü ildə qoşulub) qəbul edilmişdir [8, 284-301]. Son dövrlərdə həmçinin YUNESKO tərəfindən sualtı mədəni irsin qorunması haqqında Konvensiyada işlənib hazırlanmışdır. Bu konvensiyalar universal dəyərə malik mədəni və təbii obyektlərin beynəlxalq və milli səviyyədə mühafızəsini nəzərdə tutur. Konvensiyalara uyğun olaraq dövlətlər daşınar və daşınmaz mədəni irsin qeyri-qanuni dövriyyəsinin qarşısını almaq və ümumdünya əhəmiyyəti kəsb edən obyektlərin və abidələrin mühafızəsində, idarə edilməkdə əməkdaşlıq etməyi öz öhdələrinə götürüblər. Adı çəkilən birinci konvensiyada mədəni sərvətlərin mühafızəsinin səmərəli olması üçün onun istər milli, istərsə də beynəlxalq miqyasda təşkil olunmalı olduğu və dövlətlər arasında sıx əməkdaşlıq tələb etdiyi vurğulanır və hər dövlətin onun ərazisindəki mədəni dəyərlərdən ibarət sərvəti oğurlanmaq, gizli qazıntı və ölkədən qanunsuz çıxarılmaq təhlükəsindən mühafizə etməyə borcu olduğu, bu təhlükələrin qarşısını almaq üçün istər öz mədəni sərvəti, istərsə də bütün xalqların mədəni sərvəti üçün daha yüksək əxlaqi öhdəlik hissi ilə aşılanmasının zəruriliyi qeyd olunur. Konvensiyanın I maddəsində mədəni dəyərin 15 bənddən ibarət təsnifatı da verilmişdir [8, 259-260]. Ümumdünya mədəni və təbii irsinin mühafızəsi haqqında Konvensiyada (16 noyabr 1972-ci il) mədəni və təbii irsin tərifləri verilmiş, hər hansı mədəni və təbii irsin korlanması və ya yoxa çıxması dünyanın bütün xalqlarının sərvətlərin fəlakətli surətdə yoxsullaşması kimi qəbul edildiyi vurğulanmışdır. Bu konvensiyalarda nəzərdə tutulmuş prinsiplərin həyatiliyini təmin etmək məqsədi ilə YUNESKO 1950-ci illərin ortalarından başlayaraq xüsusi tövsiyələrin hazırlanması ilə məşğul olur. İndiyədək 15-dən çox belə tövsiyə qəbul olunmuşdur. Hazırda Azərbaycan Respublikası bu konvensiyaların hamısına qoşulmuşdur. 1989-cu ildə YUNESKO “Folklorun qorunub saxlanılması haqqında” tövsiyə qəbul etmişdir. Tövsiyədə göstərilir ki, folklor bəşəriyyətin ümumi irsinin tərkib hissəsi, müxtəlif xalqların və sosial qrupların yaxınlaşmasının və onların mədəni özünəməxsusluğunun təsdiqinin mühüm vasitəsidir. Dövlətlərə öz ərazilərində həmin tövsiyələrdə öz əksini tapmış prinsiplərin və tədbirlərin həyata keçirmələri üçün qanunverici və digər tədbirləri həyata keçirmələri üçün çağırışlar öz əksini tapmışdır [8, 496]. Lakin bu məqsədlərdə yalnız xalqlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, bilik və informasiyadan azad istifadə etmə və mübadilə şəraitində çatmaq mümkündür. Hələ 1950-ci ildə İtaliyanın Florensiya şəhərində imzalanmış “Təhsil, elm və mədəniyyət xarakterli materialların idxalı (ölkəyə gətirilməsi) haqqında” sazişdə belə bir fıkir vurğulanmışdı ki, ideya və biliklərin sərbəst mübadiləsinin və bütövlükdə sivilizasiyaların istifadə etdikləri müxtəlif özünüifadə formalarının ən geniş şəkildə yayılması intellektual tərəqqinin və beynəlxalq qarşılıqlı anlaşmanın vacib şərti olmaqla bütün dünyada sülhün qorunmasına imkan yaradır [8, 241]. Saziş bağlayan dövlətlər maarif, elmi və mədəni xarakterli materialların azad yayılması, həmçinin buna mane olan istənilən məhdudiyyətlərin ləğvi və ya azaldılması üçün birgə səylər göstərəcəklərini öz öhdələrinə götürmüşdülər. Sonrakı dövrlərdə bu prinsiplərin inkişafını özündə əks etdirən bir sıra tövsiyələr, о cümlədən Müəllif hüququ haqqında 1952-ci il Ümumdünya Konvensiyası (1971-ci ildə düzəlişlər edilmişdir), Rəsmi nəşrlərlə mübadilə haqqında 1958-ci il Konvensiyası, Elmi-tədqiqat işçilərinin statusu haqqında 1974-cü il tövsiyəsi, Yaradıcı işçilərin vəziyyəti haqqında 1980-ci il tövsiyəsi, Ali məktəblərin müəllim kadrlarının statusu haqqında 1997-ci il tövsiyəsi qəbul edilmişdir. Bu və YUNESKO-nun qəbul etdiyi digər aktlar elmi işçilərin, yaradıcı insanları mədəni hüquqlarının inkişafına, maraq və mənafelərinin qorunmasına kömək edən beynəlxalq hüquqi baza yaradır [17].
Son dövrlərdə mədəni hüquqların inkişafı sahəsində dünya səviyyəsində müəyyən uğurlar əldə edilsə də bu hüquqların məzmunu və mahiyyətinin müəyyənləşdirilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır. 1998-ci ildə Stokholm şəhərində (İsveç) keçirilmiş “İnkişaf naminə mədəniyyət sahəsində siyasət üzrə” Beynəlxalq konfransın da əsas məramı mədəni hüquqların daha da inkişaf etdirilməsi ilə bağlı səylərin birləşdirilməsi olmuşdur[22].
Mədəni hüquq normalarının təkmilləşdirilməsi ilə yanaşı, ən mühüm vəzifələrdən biri də mədəni hüquqların və onunla əlaqədar hüquqi aktların həyata keçirilməsinin təmin olunmasıdır. Bu sırada birinci növbədə mədəni hüquqların pozulmasına görə cinayət məsuliyyətinin artırılması, müvafıq beynəlxalq proseduraların təkmilləşdirilməsi durur. YUNESKO-nun mədəniyyət və inkişaf üzrə Ümumdünya Komissiyası bu istiqamətdə mühüm işlər həyata keçirir. Komissiya bir neçə dəfə insanların, icmaların mədəni hüquqlarının pozulması hallarının artmasından öz narahatlığını bildirmiş, beynəlxalq birliyin mədəni hüquqların müdafiəsi sahəsində daha təsirli addımlar atmasının zəruriliyini vurğulamışdır [19, 282-284]. Bu məqsədlə YUNESKO tərəfındən bir neçə prosedur və institusional mexanizmlər hazırlanmışdır.
YUNESKO-nun “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiyası və tövsiyələri [8, 49-54, 116-120] azlıqları və ayrı-ayrı şəxslərin təhsil hüququnun müdafiəsini nəzərdə tutur. Bu aktların həyata keçirilməsi həm təhsil sahəsində ayrı-seçkilik hallarının aradan qaldırılmasına, həm də digər mədəni hüquqların təmin edilməsinə şərait yaradır. Konvensiyanın həyata keçirilməsinə YUNESKO-nun İcraiyyə Şurasının təhsil sahəsində konvensiyalar və tövsiyələr üzrə Komitəsi nəzarət edir.
Bu gün beynəlxalq birlik qarşısında mədəni hüquqların daha möhkəm təminatı vəzifəsi durur. Bunun üçün müvafıq beynəlxalq hüquq normalarının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi, mədəni hüquqların pozulmasına, xüsusən etnik təmizləmələr nəticəsində ayrı-ayrı xalqların hüquqların kütləvi pozulmasına görə cəzanın labüdliyini təmin edən normaların yerinə yetirilməsi üçün beynəlxalq proseduralara yenidən baxılması zəruriliyini xüsusi qeyd etmək lazımdır. Bu Ermənistanın təcavüzü nəticəsində torpaqlarının 20%-ni işğal edildiyi, əhalisinin etnik təmizləməyə məruz qaldığı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir. Dünyanın ayrı-ayrı regionlarında baş vermiş münaqişələr nəticəsində ayrı-ayrı xalqların insanların mədəni hüquqlarının kobud şəkildə pozulması ilə bağlı beynəlxalq səviyyədə bir neçə dəfə sənəd qəbul etməyə cəhdlər göstərilsə, о cümlədən Avropa mədəniyyət xartiyasının qəbul edilməsi ideyası ortaya atılsa da, hələlik beynəlxalq birlik bu sahədə əməli nəticələrə nail ola bilməmişdir.
YUNESKO-nun uğurlu fəaliyyətinin əsas amillərindən biri onun fəaliyyətində üzv ölkələrin milli maraqlarının nəzərə alınması, dövlətlərin siyasi maraqlarının fövqündə durması əyaniliyin və aşkarlığın təmin olunmasıdır. Əlbəttə, YUNESKO hamının qəbul edə biləcəyi universal mexanizmlərə və vasitələrə malik deyildir və belə bir mövqedən çıxış edir ki, hər bir ölkə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün öz imkanlarından çıxış edərək və mədəni-tarixi ənənələrinə söykənərək müvafiq strategiyasını işləyib hazırlamalı və həyata keçirməlidir. YUNESKO öz metodoloji, təşkilatı və təşviqedici rolunu onda görür ki, plüralist dünya düzəninə nail olmaq üçün milli hökumətlərə öz tövsiyələrini və mexanizmlərini təklif edir.
1982-ci ildə qəbul edilmiş Mədəniyyət sahəsində siyasətə dair Meksika bəyannaməsi yeni şəraitdə mədəniyyət siyasətini müəyyənləşdirən bir sıra prinsipləri özündə əks etdirdi. Bəyannamədə xüsusi olaraq qeyd olunurdu ki, “hər bir mədəniyyət təkrarolunmaz və əvəzolunmaz dəyərlər məcmusudur” və “bütün mədəniyyətlər bəşəriyyətin ümumi irsinin hissələrini təşkil edirlər” [14; 22, maddə 1-4].
1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş Konfransının 30-сu sessiyasında təşkilatın qloballaşma şəraitində mədəni müxtəlifliyin inkişaf etdirilməsi üçün məqsədyönlü fəaliyyətini nəzərdə tutan qətnamə qəbul edildi [23]. YUNESKO-nun Baş Konfransının 31-ci sessiyasında (2001) yekdilliklə qəbul olunmuş “Mədəni müxtəliflik” haqqında Bəyannamədə [13] qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı sayəsində qloballaşma mədəni müxtəlifliyə təhlükə yaratsa da, mədəniyyətlər və sivilizasiyalar arasında yeni dialoq üçün şərait yaradır. Mədəni müxtəliflik yenilik və yaradıcılıq mənbəyi olmaqla bəşəriyyətin ümumi sərvətidir və indiki və gələcək nəsillərin maraqları üçün qəbul edilməli və möhkəmləndiriməlidir. Bunu nəzərə alaraq YUNESKO bütün bəşəriyyəti mədəni plüralizmə keçməyə çağırır və göstərirdi ki, “demokratiya ilə qırılmaz əlaqədə olan mədəni plüralizm cəmiyyətin həyat mənbəyi olan yaradıcı qabiliyyətlərin çiçəklənməsi, mədəni mübadilələr üçün əlverişli mühit yaradır.” Вəуаnnаmə dünya birliyinin ilk dəfə olaraq qloballaşmanın planetin mədəni müxtəlifliyinə yaratdığı çağırışlara qarşı səylərini birləşdirmək üçün cəmiyyətin ortaya qoyduğu, əhəmiyyətinə görə unikal hesab edilə biləcək beynəlxalq sənəddir. Вəyannamə qəbul edildikdən sonra BMT 2001-ci ili mədəniyyətlər və sivilizasiyalar arasında dialoq ili elan etmişdir. Bəyannamənin prinsipləri YUNESKO-nun 2005-ci ildə Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyasının əsasını təşkil etmişdir. Konvensiyanın əsas məqsədi “mədəni özünümüdafıə müxtəlifliyini qorumaq və təşviq etmək”, “mədəniyyətlərin qarşılıqlı səmərəli tərzdə çiçəklənməsi və sərbəst fəaliyyəti üçün şərait yaratmaq”, “mədəniyyətlərarası hörmət və sülh mədəniyyətinin rifahı naminə bütün dünyada geniş və tarazlı mədəni mübadiləni təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq etmək”, “xalqlar arasında mənəvi körpülərin qurulması ruhunda mədəni əlaqələri inkişaf etdirmək məqsədilə mədəniyyətlərarası qarşılıqlı fəaliyyəti dəstəkləmək”, “mədəni özünüifadə müxtəlifliyinə hörməti təşviq etmək və yerli və beynəlxalq səviyyədə onun dəyəri haqqında məlumatlılığı artırmaq” və s. ibarətdir [4]. Konvensiyada qeyd olunduğu kimi, mədəni müxtəliflik ancaq insan hüquq və azadlıqlarına hörmət, dövlətlərin suveren hüquqlarının tanınması, bütün mədəniyyətlərin ləyaqətə malik olması, beynəlxalq həmrəylik və əməkdaşlıq, inkişafın iqtisadi və mədəni aspektlərinin tamlığı, dayanıqlı inkişaf, bərabər imkan, azadlıq və tarazlıq prinsiplərinə əməl olunduğu təqdirdə qoruna və təşviq oluna bilər [4, 33]. 2002-ci il dekabrın 20-də BMT-nin Baş Məclisinin qəbul etdiyi A/57/249 saylı qətnamə ilə 21 may-Dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü elan edilmiş, mədəni müxtəlifliyin qorunub saxlanılması üçün beynəlxalq və milli səylərin birləşdirilməsi naminə Bəyannamənin müddəalarının bütün beynəlxalq birlik üçün prioritet olduğunu təsdiq etmişdir [2]. Mədəni müxtəliflik haqqında Bəyannamənin həyata keçirilməsi üzrə YUNESKO-nun fəaliyyət Planı Birləşmiş Millətlərin proqramı kimi qəbul edilmiş, mədəni müxtəlifliyin möhkəmləndirilməsi üzrə onun əlaqələndirilməsi də məhz bu təşkilata tapşırılmışdır [5].
Mədəni müxtəliflik haqqında Ümumi Bəyannamənin qəbul edilməsi dünya birliyinin iki ümumbəşəri məsələnin həllinə nail olmaq niyyətini ifadə edir. Birinci, qloballaşma prosesinə münasibətdə müxtəlif mövqelərin yaxınlaşdırılması və ikinci, milli mədəniyyətlərə qloballaşmanın təsirini azaltmaq, bu prosesi idarə etmək üçün vahid strategiyanın hazırlanması da nəzərdə tutulmuşdur. YUNESKO mədəni müxtəlifliyə dair sənədlərdən irəli gələn vəzifələrin uğurlu həlli üçün milli, regional və beynəlxalq səviyyədə fəal iş aparmağa başlamış, bir sıra beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır. Məhz bu əlaqələrin sayəsində təşkilat bir neçə perspektivli regional təşəbbüslər hazırlayaraq həyata keçirməyə başlamışdır. Bu baxımdan Avropa Şurası, Avropa Birliyi tərəfındən mədəni müxtəlifliyin, mədəni irsin qorunması ilə bağlı həyata keçirilən və YUNESKO-nun fəal dəstəklədiyi layihələr diqqəti cəlb edir.
Göstərilən istiqamətlər arasında ümumdünya mədəni irsinin qorunması ilə bağlı proqramlar xüsusi yer tutur. Ümumdünya mədəni irsinin qorunması ilə bağlı məsələlər, görüləcək işlər təşkilatın 2002-ci il noyabrında Venesiyada keçirilmiş Ümumdünya irsə dair Beynəlxalq Konqresində geniş müzakirə edilmişdir. Konqresdə qloballaşmanın milli mədəniyyətlə eyniləşdirici təsiri şəraitində ilk növbədə dünya mədəniyyətlərinin özünəməxsusluğunun müdafiəsinə yönəlmiş normativ bazanın möhkəmləşdirilməsi məsələsinə diqqət yetirilmişdir. Göstərilmişdir ki, idarəedilməyən qloballaşmanın dünya mədəni irsinə təhlükə törətdiyi şəraitdə onun müdafıəsi bəşəriyyətin təkcə zəruri inkişaf şərtinə deyil, həm də yaşayış amilinə çevrilir, çünki bir-birini tamamlayan özünəməxsus mədəniyyətlər olmadan çoxçalarlı bəşər sivilizasiyasının vəhdətini təsəvvür etmək mümkün deyildir [18].
İndiyə qədər YUNESKO tərəfindən mədəni irsin qorunmasına dair unikal beynəlxalq hüquqi normalar kompleksi hazırlanmışdır ki, buraya üç beynəlxalq konvensiya və onlara əlavə olaraq iki protokol və on bir tövsiyə daxildir. Onlar arasında əsas sənəd 1972-ci ildə qəbul edilmiş Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya sayılır. Konvensiyanın müddəalarının həyata keçirilməsi işi çoxplanlı səciyyə daşıyır. Bu istiqamətdə ən mühüm işlərdən biri Ümumdünya mədəni və təbii irsinin Siyahısının tərtib olunması, onların mühafızəsi və bərpasıdır. Siyahıya daxil edilmiş qiymətsiz mədəniyyət və təbiət abidələri sırasında Azərbaycanın mədəni tarixi abidələri- İçəri Şəhər və Qobustan xüsusi yer tutur. İçəri Şəhər bu siyahıya 2000-ci ildə Ümumdünya İrs Komitəsinin 24-cü sessiyasında daxil edilmiş, Qobustan isə 2007-ci ildə siyahıya daxil edilmişdir. Hazırda Azərbaycan ərazisində yerləşən 10 obyekt bu siyahıya daxil olunmağa namizəddir [25]. Siyahının tərtibatı, abidələrin monitorinqi ilə YUNESKO-nun Ümumdünya irs Mərkəzi (1992-ci ildə yaradılmışdır) məşğul olur. YUNESKO-nun tərkibində bu məsələlərlə məşğul olan daha iki hökumətlərarası orqan-Beynəlxalq Muzeylər Komitəsi (İKOM) və Beynəlxalq Abidələrin və tarixi yerlərin qorunması Komitəsi (İKOMOS) fəaliyyət göstərir. Dünyanın mədəni və təbii müxtəlifliyinin coğrafı cəhətdən ədalətli və balanslı şəkildə siyahıda əks olunmasına nail olmaq üçün hələ 1994-cü ildə Qlobal Strategiya qəbul olunmuşdur [16]. 2007-ci ildə mərkəzin apardığı araşdırmalara görə dünya mədəniyyətinin 31 obyekti məhvolma təhlükəsi altındadır və təcili köməyə ehtiyacı var idi. Bu siyahıda Bakı şəhərinin tarixi hissəsi - İçəri Şəhər də var idi [12]. İçəri Şəhər bu siyahıya 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələnin təsiri və burada intensiv tikintilərin aparılması ilə əlaqədar 2003-2009-cu illərdə daxil edilmişdir. Lakin tarixi- memarlıq abidəsinin qorunub saxlanılması, bərpası sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər İçəri Şəhəri məhv olmaq təhlükəsindən xilas etmiş, buna görə də о YUNESKO-nun bu siyahısından çıxarılmışdır.
Dünya mədəni irsinin qorunması sahəsində işin mühüm istiqamətini qeyri- maddi mədəni irsin qorunmasına dair normativ aktların hazırlanaraq qəbul edilməsi təşkil edir. YUNESKO-nun sənədlərində mədəni irsin bu hissəsinə milli dillər, şifahi ənənələr, incəsənətin ifaçılıq növləri və s. aiddir. Qeyri-maddi irsin qorunması haqqında Konvensiya YUNESKO tərəfındən 2003-cü ildə qəbul edilmiş, 2006-cı ildə 30 dövlət tərəfındən ratifıkasiya edildikdən sonra qüvvəyə minmişdir. Hazırda konvensiyaya yüzə yaxın dövlət qoşulmuşdur. 2001-ci ildə YUNESKO özünün qeyri-maddi irs siyahısını açmışdır. Buraya hazırda 150-dən çox qeyri-maddi irs nümunəsi daxil edilmişdir [24]. Siyahıda Azərbaycanın mədəniyyətinin inciləri xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin şedevrləri-muğam 2008-ci ildə, aşıq sənəti-2009-cu ildə, xalçaçılıq sənəti-2010-cu ildə, Novruz bayramı isə 2009-cu ildə bu siyahıya daxil edilmişdir [25]. Mədəni müxtəlifliyə hörmətin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün YUNESKO fəal tədbirlər həyata keçirir, bu müxtəlifliyə son nəticə deyil, dəstəklənməli və inkişaf etdirilməli proses kimi baxır. 2008-2010-сu illər üçün Ortamüddətli strategiyasında YUNESKO mədəniyyətlərarası qarşılıqlı əlaqələrə mühüm yer ayırmışdır. Sənəddə qeyd edildiyi kimi, mədəni müxtəlifliyin və onun labüd nəticəsi olan dialoqun təşviq edilməsi müasir dövrün ən aktual məsələlərindən biri təşkilatın prioritetlərinin mərkəzi elementidir. Bununla da qloballaşma dövründə mədəni müxtəliflik dünya inkişafının birləşdirici, konstruktiv amili kimi bir daha təsdiq olunurdu.
Azərbaycan YUNESKO-nun bir sıra rəhbər və köməkçi strukturlarında da təmsil olunur. Burada birinci növbədə qeyri-maddi mədəni irsə dair Hökumətlərarası Komitəni qeyd etmək lazımdır ki, ölkəmiz orada 2010-2014-cü illər üçün daxil olmuşdur. Azərbaycan 2011-ci ildə İndoneziyada keçirilən 6-cı sessiyada Komitənin vitse-prezidenti seçilmişdir. Ölkəmiz həmçinin Beynəlxalq Hidrologiya Proqramının Hökumətlərarası şurasına, kommunikasiyaların inkişafının Beynəlxalq proqramının Hökumətlərarası şurasına, Bədən tərbiyəsi və idman üzrə Hökumətlərarası Komitəyə də daxildir. Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin mühafızəsinə dair Hökumətlərarası Komitəyə (2011-2015-ci illər) Azərbaycan 25 oktyabr-10 noyabr 2011-ci ildə keçirilən YUNESKO-nun Baş Konfransının 96-cı sessiyası çərçivəsində daxil olmuş, Baş Konfransın vitse-prezidenti, bu konfrans çərçivəsində yaradılmış Akkreditasiya üzrə Komitənin sədrinin müavini. Nominasiyalar üzrə Komitəyə məruzəçi və administrativ komissiya sədrinin müavini seçilmişdir. Azərbaycan Respublikası öz milli müstəqilliyinə qovuşduqdan sonra YUNESKO ilə sıx əlaqələr yaratmış və bu təşkilatla müxtəlif sahələrdə çoxsaylı əməkdaşlıq proqramları və layihələrini həyata keçirmişdir.
Ölkəmiz bu təşkilata 1992-ci ildə daxil olduqdan sona qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan YUNESKO-nun səlahiyyətlərinə aid olan sahələrdə həyata keçirilən müxtəlif layihə və proqramlarda fəal iştirak edir. Mədəniyyət sahəsində əsas prioritet-maddi və qeyri-maddi mədəni irsin mühafızəsi təşkil edir. 2010-cu ildə Azərbaycanın 4 illik dövr üçün qeyri- maddi mədəni irsin mühafızəsi üzrə hökumətlərarası Komitəyə seçilməsi, komitənin 2011-ci ildə İndoneziyada keçirilmiş 6-cı sessiyasında onun vitse-prezidenti seçilməsi qeyri-maddi irsin qorunması işində Azərbaycanın nüfuzunu və çəkisini təsdiq edir. Azərbaycanın həmin komitədə fəaliyyəti ölkəmizin zəngin qeyri-maddi irsinin dünya birliyinə nümayişinə xidmət edir və bu istiqamətdə konkret tədbirlər həyata keçirməkdədirlər. Azərbaycanın dörd mədəni irsi-muğam, aşıq sənəti, Novruz bayramı və xalçaçılığı YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinə dair Reprezentativ siyahısına daxil edilmişdir. Maddi irsin mühafızəsi sahəsində də müəyyən uğurlar əldə edilmişdir. Maddi mədəniyyət abidələrindən-İçəri şəhər və Qobustan YUNESKO-nun Ümumdünya maddi-mədəni irs siyahısına daxildir.
Azərbaycan YUNESKO çərçivəsində mədəni müxtəlifliyin və mədəniyyətlrarası dialoqun inkişafı məqsədlərinə xüsusi önəm verir. YUNESKO-nun dəstəyi ilə ölkəmizdə mədəniyyətlərarası forumların keçirilməsi buna sübutdur. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə əlaqədar ölkəmiz hərbi münaqişələr zamanı mədəniyyət abidələrinin və mülkiyyətin mühafızəsi, qeyri-qanuni olaraq mənimsənilmiş mədəni mülkiyyətin restimussiyası və mədəni sərvətlərin onların sahibi olan ölkələrə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu kontekstdə 2011-ci ildə ölkəmizin YUNESKO-nun mədəni sərvətlərinin onların mənsub olduqları ölkələrə qaytarılması və ya qeyri-qanuni mənimsənilməsin zamanı onların restitumsiyana dəstək üzrə Hökumətlərarası Komitəyə üzv seçilməsi xüsusi qeyd edilməlidir. Azərbaycanın bu komitələrə üzvlüyü işğal olunmuş ərazilərdə mədəni abidələrin dağıdılması, oğurlanması və ələ keçirilməsi ilə bağlı məsələləri müzakirəyə çıxarmaq imkanı verir.
Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında YUNESKO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. YUNESKO-nun eqidası altında Azərbaycanın birinci xanımı ölkəmizdə maddi və qeyri-maddi mədəni irsin qorunması, təhsil, elm, mədəniyyət, bioetika və digər sahələrdə tədbirlərin əsas təşəbbüskarı kimi çıxış edir. Onun rəhbərliyi altında dünyanın digər regionlarında, xüsusən inkişaf etməkdə olan, təbii fəlakətlərdən ziyan çəkmiş ölkələrdə humanitar və xeyriyyə tədbirləri də həyata keçirir.
YUNESKO ekspertlərinin proqnozlarına görə XXI əsrin sonlarına qədər hazırda planetimizdə mövcud olan dillərin ən azı yarısının, bəlkə də çoxunun itib getməsi təhlükəsi vardır [15]. Bu gün müasir Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən “Azərbaycançılıq” məfkurəsinin mühüm istiqamətlərindən birini də ölkəmizdə yaşayan bütün milli-etnik qrup və azlıqların hüquqlarını, о cümlədən onların dillərinin qorunub saxlanılması təşkil edir Bu gün müxtəlif dil ailələrinə mənsub olan və dünyanın etnik xəritəsində adlarına yalnız ölkəmizdə rast gəlinən buduq, qrız, xınalıq, inqiloy, udin kimi etnik birliklərin dillərinin və mədəniyyətlərinin mühafizəçisi də Azərbaycan dövlətidir. Bununla da dövlət bəşəriyyətin etnik-mədəni, dini müxtəlifliyinin saxlanılmasına öz layiqli töhfəsini verməkdədir.
YUNESKO-nun “Beynəlxalq mədəni əməkdaşlıq prinsipləri haqqında Bəyannaməsində hər bir mədəniyyətin hörmət edilməli və qoruyub saxlanılmalı olan ləyaqət və dəyərə malik olması, öz mədəniyyətini inkişaf etdirməyin hər bir xalqın hüququ və borcu olması, bütün mədəniyyətlər rəngarəngliyi, müxtəlifliyi və qarşılıqlı təsiri ilə bəşəriyyətin ümumi sərvəti olmasını təsbit edərək xalqları bəşəriyyətin texniki və mənəvi-intellektual tərəqqisi arasında ahəngdar müvazinəti təmin etmək üçün mədəniyyətin bütün sahələrini paralel və mümkün qədər eyni vaxtda inkişafını davam etdirməyə çağırır [9]. Mədəni əməkdaşlığın genişlənməsi və möhkəmlənməsi milli mədəniyyətlərin bütün sahələrində qazanılmış nailiyyətlərlə digər xalqların daha tam qarşılıqlı tanışlığını təmin etməklə, müxtəlif mədəniyyətlərin, onların hər birinin özünəməxsusluğuna, həmçinin, başqa xalqların mədəniyyətlərinin bütün bəşəriyyətin maddi irsini təşkil edən dəyərlərinə hörmət əsasında zənginləşməsinə şərait yaradır. Deklarasiyada göstərildiyi kimi, hər bir mədəniyyət təkrarolunmaz və əvəzedilməz dəyərlər məcmusudur və hər bir xalq məhz öz ənənələri və ifadə formaları vasitəsilə bütün dünyaya özünü təsdiq etdirir. Bəyannamədə mədəni özünəməxsusluğun və mədəni müxtəlifliyin bir-biri ilə qırılmaz qarşılıqlı əlaqəsi vurğulanır və qeyd olunur ki, müxtəlif ənənələrin birgə mövcud olduğu yerdə müxtəliflik mədəni özünəməxsusluğun əsasını təşkil edir [9].
YUNESKO-nun sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi siyasi strategiya bu gün dünya dövlətlərinin daha geniş dəstəyini qazanmaqdadır. Azərbaycan Respublikası dialoq siyasətinin tərəfdarı kimi YUNESKO-nun həyata keçirdiyi bütün proqram və layihələrin fəal dəstəkçisi və iştirakçısı olmaqla bərabər, təşkilatın dünyada mədəni müxtəlifliyi qorumaq və dialoqu inkişaf etdirmək yolu ilə sülh mədəniyyətinin daha da möhkəmlənməsi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinin səmərəliliyinin artırılması üçün konkret təkliflərlə çıxış etmişdir.
Açar sözlər: mədəniyyət, mədəni müxtəliflik, qarşılıqlı əlaqə, mədəni qloballaşma
QAYNAQLAR
1. Azərbaycan Respublikasının Konstitusiyası. Əsas Qanun. Bakı, 2009.
2. BMT BM 57-ci sessiyası. АУ57/249 saylı qətnamə. 20 dekabr 2002-ci il.
3. Əliyev Ə. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Bakı, 2007.
4. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair YUNESKO-nun Konvensiyası. Paris, 2005-ci il.
5. Mədəni müxtəliflik haqqında YUNESKO-nun Ümumdünya Bəyannaməsinin həyata keçiriİməsinə dair Fəaliyyət Planı.
6. Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1998.
7. Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi // “YUNESKO-nun beynəlxalq normativ aktları”. B., 1998.
8. YUNESKO-nun beynəlxalq normativ aktları. Bakı, 1998.
9. YUNESKO-nun beynəlxalq mədəni əməkdaşlıq prinsipləri Bəyannaməsi: 4 noyabr 1966-cı il //YUNESKO-nun Beynəlxalq normativ aktları, s.408-410.
10. Mexico City Declaration on Cultural Policies. 1982.
11. The Yearbook of the International Organizations. 2009-2010.
12. UNESCO World Heritage Center report-World Heritage in Danger list. (intenıet version). www.unesco.org.
13. Всеобщая декларация ЮНЕСКО о культурном разнообразии. Париж, 2001.
14. Декларация Мехико по политике в области культуры, принятая на Всемирной конференции по политике в области культуры, 6 августа 1982г. ЮНЕСКО, 1982.
15. Доклад целевой группы о роли ЮНЕСКО в XXI веке от 19 мая 2000. 25. Доклад 159 Ех/39.
16. Итоговый документ заседания Комитета всемирного наследия ЮНЕСКО. Париж, ноябрь, 1994.
17. Конвенции и рекомендации ЮНЕСКО, Касающиеся охраны культурного наследия, ЮНЕСКО, 1985.
18. Культурные права и проблемы связанные с их признанием. Сборник очерков, посвященный празднованию 50-ой годовщиной принятия Всеобщей декларации прав человека. Издательство ЮНЕСКО, 1997. Издательский дом Магистр, ЮНЕСКО, 2003.
19. Материалы Всемирной Конференции по политике в области культуры (Г.Мехико, 1982 г.) Декларация Мехико по политике в области культуры // Культуры: диалог народов мира. ЮНЕСКО, 1987. №3.
20. Материалы Международного Конгресса ЮНЕСКО по Всемирному наследию. Ноябрь 2002 г., Венеция, Итоговый документ. ЮНЕСКО пресс. Париж, ноябрь, 2002.
21. Международные правовые документы по вопросам культуры. СПб., 1996.
22. Межуев В.М. Глобальное и локальное в современном мире. // Взаимоотношения культур в условиях глобализации. Материалы международный научной конференции, посвященной памяти общенационального лидера азербайджанского народа Гейдара Алиева. М., 2010.
23. Наше творческое разнообразие-доклад Всемирной Комиссии по культуре и развитию. ЮНЕСКО, 1995, с. 282-284.
24. Обобщающий доклад об анализе культурных прав. Совет по культурному сотрудничеству. (СКС), 63-ое сессия. Дос. СДСС (85) 11 rey., Strasburq, 30 Yanvar, 1995.
25. План действий по политике в области культуры в интересах развития, принятый Межправительственной конференцией по политике в области культуры в интересах развития, Стокгольм, 2 апреля 1998, СЕТ- 98 /CONF. 210/4. Rev. 2, UNESCO, Paris.
26. Резолюция №13. 30-ой сессии Генконференции ЮНЕСКО. Париж, ноябрь 1999.
27. Шедевры нематериального культурного наследия. Официальный Интернет-сайт. ЮНЕСКО, май, 2007. www.unesco.org
28. ru.wikipedia.org
Ирада Гусейнова, Севда Алиева
Взаимосвязи Азербайджан-ЮНЕСКО в контексте сохранения национально-культурного разнообразия в мире
Резюме
В представленной статье анализируется политика, связанная с сохранением и развитием культурного разнообразия в мире, которая составляет важное направление деятельности ЮНЕСКО. Широко освещается развитие отношений Азербайджанской Республики с этой международной организацией в этой области. Отмечается, что Азербайджан как сторонник политики диалога активно участвует во всех программах и проектах ЮНЕСКО, выступает с конкретными предложениями по повышению эффективности деятельности организации по дальнейшему укреплению культуры мира через сохранения культурного многообразия и развития диалога во всем мире.
Ключевые слова: культура, культурные разнообразие, взаимосвязь, культурные глобализация
Irada Huseynova, Sevda Alieva
Relationship Azerbaijan-UNESCO in the context of preserving the national and cultural diversity in the world
Summary
In the present article analysis the policy related with the preservation and development of cultural diversity in the world, vvhich is an important area of UNESCO. Widely covered the development of relations of Azerbaijan Republic with the international organization in the fıeld. It is noted that Azerbaijan a; a supporter of the policy in dialogue is actively involved in all programs and project ofUNESCO, stands with the concrete proposals on how to improve the organization, the further strengthen of the culture of peace through the preservation of cultural-diversity and dialogue in the world.
Key words: Culture, cullural variety, mutual connection, cultural qlobalization
İradə Hüseynova,
Sevda Əliyeva
Sivilizasiya.- 2014.- № 1.- S. 40-53.
