Çap etmək   ⁞     ⁞   UNESCO

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramı təqdim olunmuşdur


AzərTAc xəbər verir ki, mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura və qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konsertdə olmuşlar.

Konsert proqramından əvvəl YUNESKO-nun mənzil-qərargahında azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgi açıldı. Sərgidə 5-15 yaşlı uşaqların müxtəlif mövzularda rəsmləri nümayiş etdirilirdi. Simurq quşu rəsmi daha çox maraq doğurdu və məhz həmin rəsm tədbirin bir növ rəmzi seçilmişdi.

Sərgi ilə yanaşı, Azərbaycan mətbəxi də nümayiş etdirildi. Qonaqlar Azərbaycan mətbəxinin dünyanın ən qədim, ən zəngin və dadlı mətbəxlərindən biri olduğunu əyani şəkildə gördülər. Bir daha sübut olundu ki, 2 minədək yemək növünü əhatə edən Azərbaycan mətbəxi, təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin mühüm hissəsidir.

“Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramından əvvəl YUNESKO-nun baş direktoru çıxış etdi.


YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın çıxışı


-Azərbaycan Respublikasının birinci xanımı hörmətli Mehriban Əliyeva!

Hörmətli xoşməramlı səfirlər!

Zati-aliləri!

Xanımlar və cənablar!

Mən sizin hamınızı YUNESKO-da salamlamaq istəyirəm. Burada Azərbaycanın gənc musiqi istedadlarının konserti təşkil edilir. Bu konsert xoşməramlı səfirlərin illik konfransı münasibətilə Mehriban xanım tərəfindən təşkil olunmuşdur.

Biz bilirik ki, burada 30-a yaxın xoşməramlı səfirimiz var və onların hamısı YUNESKO-nun fəaliyyətinin bir çox sahələrində fəal çalışırlar. Onlar YUNESKO-nun bir çox iclaslarında iştirak edirlər və eyni zamanda, müxtəlif vacib sahələrdə YUNESKO-nun təşəbbüslərinə mühüm töhfələr verirlər.

Bu gün bizim xoşməramlı səfirlərin illik konfransı keçirildi. Konfrans çərçivəsində ideyalar və fikirlər səsləndi, xoşməramlı səfirlər öz fəaliyyətləri haqqında hesabat verdilər. Çox şadam ki, olduqca canlı müzakirələr aparıldı və belə görüşlərin böyük əhəmiyyəti var.

Mən çox şadam ki, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini burada təşviq edən, nümayiş etdirən bir tədbir təşkil etmişdir. Bu yaxınlarda mən böyük məmnuniyyətlə Azərbaycana səfər etmişdim. Ötən həftə ərzində Bakıda YUNESKO-nun savadlılıq mövzusunda regional konfransı keçirildi. Bu konfrans savadlılığın təşviqi baxımından mühüm bir tədbir oldu və öz töhfəsini verdi. Biz hamımız Mehriban xanım Əliyevanın qonaqpərvərliyindən məmnun qaldıq və mən fürsətdən istifadə edərək, buna görə xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

Eyni zamanda, mən təşkilatımızla münasibətlərin inkişaf etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən Azərbaycanın öz zəngin mədəniyyətini, adət-ənənələrini yüksək dəyərləndirdiyini bir daha bəyan edirəm. Biz bilirik ki, Azərbaycan muğamı qeyri-maddi mədəni irs siyahısına, Bakının tarixi hissəsi olan İçərişəhər isə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olunmuşdur. Biz bilirik ki, Qobustanın namizədliyi də gündəlikdə durur. Hesab edirik ki, bu işlər vacibdir. Biz yeni tikilən Beynəlxalq Muğam Mərkəzində olduq və demək olar ki, onun tikintisi başa çatmaq üzrədir. Çox gözəl üslubda tikilən Muğam Mərkəzinin binası Azərbaycan musiqi alətinin formasını xatırladır. Bu, muğamın, mühüm mədəni irsin qorunması işinə verilən böyük töhfədir. Biz Azərbaycanın adət-ənənələrinin bu səviyyədə təşviq olunması və qorunmasından çox məmnunuq. Bütün bu işlərə, təşəbbüslərə görə mən birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı

-Hörmətli baş direktor!

Əlahəzrətlər!

Zati-aliləri!

Xanımlar və cənablar!

Mən bu Azərbaycan gecəsinə gəlmiş bütün qonaqları salamlamaq istəyirəm. Burada Azərbaycanın mədəniyyəti nümayiş etdiriləcəkdir. Mən bu fürsəti yaratdığına görə YUNESKO-ya xüsusi minnətdarlığımı bildirirəm. Zati-aliləri cənab Koişiro Matsuuraya təşəkkürümü bildirirəm ki, bu tədbirin keçirilməsi mümkün olmuşdur və bütün hazırlıq işləri görülmüşdür.

Cənab Matsuuranın ölkəmizə səfəri hamımızın yadındadır. O, yeni xalça muzeyinin təməlqoyma mərasimində iştirak etmiş, eyni zamanda, tikintisi gedən Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur. Cənab Matsuura, bütün təşəbbüslərimizə verdiyiniz dəstəyə görə biz Sizə minnətdarıq.

Hörmətli dostlar, mən Azərbaycanı YUNESKO-da yenidən təqdim etməyimə çox şadam. İki il öncə burada Azərbaycan gününün keçirilməsindən sonra ölkəmizdə bir çox dəyişikliklər baş vermişdir. Son illər ərzində Azərbaycanın iqtisadi artımı dünyada ən yüksək səviyyədədir. Dörd ildə ümumi daxili məhsulun artımı 96 faiz olmuşdur. Bizim dövlət büdcəmiz təqribən 10 dəfə artmışdır. Bu müddət ərzində ölkə daxilində 600 mindən çox iş yeri açılmışdır və biz çox şadıq ki, işsizlik azalmışdır, yoxsulluğun səviyyəsi 49 faizdən 2008-ci ildə 16 faizə düşmüşdür. Bütün bunlar ölkəmizdə iqtisadi və sosial islahatların həyata keçirilməsinin nəticəsidir. Bu uğurlar sosial həyatımızla bağlı müxtəlif proqramların həyata keçirilməsinə imkan yaratmışdır. Yeni yollar çəkilir, tikinti işləri aparılır, ölkəmizdə bir çox sosial infrastruktur yaradılır. 1300 yeni məktəb tikilmiş, bundan əlavə kitabxanalar, yeni tibb ocaqları, xəstəxanalar açılmışdır.

Biz gənclərin məsələlərinə də xüsusi diqqət yetiririk. Milli təhsil sistemimizi inkişaf etdiririk ki, Azərbaycanda ən müasir standartlar tətbiq olunsun. Hər il biz gənclərimizin dünyanın nüfuzlu təhsil ocaqlarında təhsil almaları üçün təqaüdlər proqramını həyata keçiririk. Eyni zamanda, inanırıq ki, informasiya texnologiyalarına çıxışın təmin edilməsi vacibdir. Ona görə də bizim məqsədimiz hər bir məktəbdə uşaqlarımız üçün kompyuterlərdən istifadəni və internetə çıxışı təmin etməkdir. Hesab edirəm ki, ən yaxşı sərmayə gələcək nəsillərimizin təhsilinə yönəldilən sərmayədir.

Bu gün Azərbaycanda elm sahəsində də islahatlar aparılır və çalışırıq ki, bizim elmi ictimaiyyətimiz bütün beynəlxalq elmi ictimaiyyətə inteqrasiya etsin. Bununla bağlı aprel ayında xüsusi dövlət komissiyası yaradılmışdır. Son illər ərzində biz öz mədəni və tarixi irsimizin qorunması üçün bir çox işlər görmüşük. Azərbaycan qədim ölkədir, onun zəngin mədəni irsi var. Əsrlər boyu ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu oynamışdır. Hazırda tarixi abidələr, bütün teatrlar və muzeylər bərpa olunur və digər işlərin də həyata keçirilməsi nəzərdə tutulur. Biz tarixi abidələrimizin qorunmasına diqqət yetiririk. Azərbaycan çoxmillətli ölkədir və burada bir çox millətlərə və dinlərə mənsub olan insanlar yaxşı, dinc şəraitdə yaşayırlar. Biz dini dözümlülüyü və digər mədəniyyətlərə dözümlü yanaşmanı təmin edirik. Bir çox sahələrdə biz tərəqqiyə nail olmuşuq və əminəm ki, Azərbaycan düzgün yoldadır.

Buna baxmayaraq, biz bəzi çətinliklərlə də üzləşirik. Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Hökumətimiz həmin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmağa çalışır. Planlarımız ondan ibarətdir ki, onların həyat şəraitini daha da yaxşılaşdıraq və indiyədək müvəqqəti məskunlaşdıqları yerlərin tam ləğvinə nail olaq və bunu edirik. Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik və qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar.

YUNESKO ilə Azərbaycan arasındakı münasibətlər bizim müstəqilliyimizin bərpa edilməsindən sonra başlanmışdır. Həmin əlaqələr inkişaf etmiş və bunlara əsaslanaraq bir çox layihələr həyata keçirilmişdir. YUNESKO ölkəmizdə görülən işlərə dəstək verir, bir sıra qeyri-maddi və maddi mədəni irs nümunələrimiz YUNESKO-nun siyahılarına daxil edilmişdir. Hazırda biz YUNESKO ilə birgə mühüm təhsil proqramlarını həyata keçiririk. Bu münasibətlərin daha da inkişafını təmin etmək üçün gələcəkdə də əlimizdən gələni edəcəyik.

Yekun olaraq, hörmətli dostlar, mən sizin hamınızı bu gənc ifaçıların, Azərbaycan musiqiçilərinin konsertini dinləməyə dəvət edirəm. Onlar bizim gələcəyimizdir. Hesab edirəm ki, onlar özlüyündə ən gözəl xoşməramlı səfirlərdir və bu gün bizim ənənəvi musiqimizi, tanınmış musiqi əsərlərini ifa edəcəklər.

Çox sağ olun, mən təşkilatçılara bir daha təşəkkür edirəm və sizin ailənizə, özünüzə xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Konsertdə Azərbaycanın uşaq simfonik orkestrinin və uşaq xorunun ifasında Azərbaycan musiqisi və dünya bəstəkarlarının əsərləri səsləndi. Balaca istedadların çıxışları sürəkli alqışlarla qarşılandı.

Konsert Azərbaycanın təbiət mənzərələrini, turizm guşələrini, qədim xalq sənətlərini, əfsanəvi Neft daşlarını, gündən-günə gözəlləşən Bakının görməli yerlərini əks etdirən filmlə müşayiət olunurdu.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Mehriban xanım Əliyeva, İordaniya şahzadəsi xanım Ferial konsertdən sonra səhnəyə çıxaraq, uşaqları gözəl ifalarına görə təbrik etdilər və onlarla xatirə şəkli çəkdirdilər.

Konsertdən sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından təşkilatın baş direktoru Koişiro Matsuuranun və xoşməramlı səfirlərin şərəfinə ziyafət verildi.

Ziyafət zamanı xoşməramlı səfirlər Mehriban Əliyevaya yaxınlaşaraq, “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramının təşkilinə, Azərbaycan mədəniyyəti və mətbəxi ilə tanış olmaq imkanı yaratdığına görə təşəkkür etdilər.


Xalq qəzeti.- 2008.- 22 may. - № 110. - S. 4.