Azərbaycan həqiqətlərinin yorulmaz carçısı
Bir müddət öncə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fransa prezidenti Nikola Sarkozinin sərəncamı ilə bu ölkənin ən yüksək dövlət mükafatı - “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif olunub. 1802-ci ildə imperator Napoleon Banopartın təsis etdiyi bu ali dövlət mükafatı nüfuzlu sərkərdələrə, siyasi və dövlət xadimlərinə təqdim olunur.
Böyük alman şairi və mütəfəkkiri İohann Volfqanq Hötenin gözəl bir sözü var: “Böyük sevinci yalnız zəhmətlə qazanmaq olar”. Əlbəttə, qəlbi yurduna məhəbbətlə döyünən hər bir azərbaycanlı övladının zəhmət və sədaqətlə qazandığı nailiyyətin sevinci xalqımız üçün daha ülvi, daha munisdir.
Mehriban xanım Əliyeva özünün genişsahəli missiyasında istər “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun rəhbəri, istər Heydər Əliyev Fondunun prezidenti, istər YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, istərsə də Milli Məclisin deputatı kimi Azərbaycanın və azərbaycançılığın inkişafı yolunda Ümummilli liderimiz Heydər Əliyevin yadigar qoyduğu zəngin irsə öz misilsiz töhfələrini bəxş etməkdədir. Ölkəmizin birinci xanımı bu humanist xidmətdən irəli gələn bütün ümumbəşəri dəyərlərin həyata keçməsi üçün böyük zəhmətlə çalışmaqda davam edir.
Azərbaycan haqqında həqiqətlərin, ölkəmizin düçar olduğu bəlaların bəşəriyyətə çatdırılması, həmçinin, zəngin milli varlığımızın dünya mədəniyyətinə inteqrasiya etməsi istiqamətində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyeva nüfuzlu beynəlxalq təşkilatlardan olan YUNESKO-nun bütün tədbir və mərasimlərində dərin məzmunlu çıxışlar edir, dünya ictimaiyyətinin diqqətini Vətənimizin taleyüklü məsələlərinə yönəldir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramında çıxış edən Mehriban xanım Əliyeva bildirib ki, “mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Hökumətimiz həmin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmağa çalışır. Planlarımız ondan ibarətdir ki, onların həyat şəraitini daha da yaxşılaşdıraq və indiyədək müvəqqəti məskunlaşdıqları yerlərin tam ləğvinə nail olaq və bunu edirik. Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik, qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar”.
Mehriban xanım Əliyevanın BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılış mərasimindəki çıxışında qeyd etdiyi aşağıdakı məqamları da yada salmamaq mümkün deyil: “Biz qoşunların ərazimizdən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yüksək dəyərləndiririk. Təəssüf ki, həmin qətnamələr hələ də yerinə yetirilməmişdir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır. Lakin bu günə qədər aparılan danışıqlar prosesi heç bir nəticə verməmişdir. Bu çətinliklərə baxmayaraq, həmin illər ərzində biz məsələnin beynəlxalq hüququn normaları və prinsipləri, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həllinin tərəfdarı olmuşuq və bu gün də tərəfdarıq. Ümid edirəm ki, bu münaqişə tezliklə öz ədalətli həllini tapacaq və bizim həmvətənlərimiz öz yurdlarına qayıdacaqlar”.
Mehriban xanım Əliyeva daha sonra bildirib ki, Birləşmiş Millətlər Təşkilatının qlobal məramı məhz bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaqdan ibarətdir. Bu gün biz sülh və təhlükəsizliklə bağlı bir çox problemlər və çağırışlarla üzləşən dünyada yaşayırıq. Münaqişələr, beynəlxalq terrorçuluq, yoxsulluq, xəstəliklər insanların həyatına və daha yaxşı gələcəyə bəslənən ümidlərinə təhlükə olaraq qalır. Biz həmin çağırışlara birgə cavab verməliyik və gələn nəsillər üçün daha yaxşı gələcəyi birgə qurmalıyıq.
Mehriban xanım Əliyeva Parisdə YUNESKO-nun təşəbbüsü ilə keçirilmiş “Qeyri-maddi, mədəni irsin qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının iclasında diqqəti mövcud aktual məsələlərdən birinə cəlb edib: “Bu gün dünyada münaqişələr mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni dəyərlər məhv edilir. Bir çox şeylər birdəfəlik itirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində xalqımızın yüzlərlə qədim memarlıq və mədəniyyət abidələri dağılıbdır. Ənənəvi olaraq, ən yaxşı muğam ustalarının doğulub boya-başa çatdığı şəhərlər bu gün tamamilə yerlə-yeksan edilibdir. Bununla bağlı, icazə verin, münaqişələr zonalarında yerləşən mədəni və tarixi abidələrin taleyinə beynəlxalq təşkilatlar və bütövlükdə, dünya ictimaiyyətinin daha böyük diqqətinin vacibliyini bir daha vurğulayım. Mədəni irsə qarşı təcavüz qəbuledilməzdir. Öz mədəniyyətinə hörmət edərək və onu qoruyaraq, eyni zamanda, ümumbəşər və dünya mədəniyyətinə də hörmətlə yanaşmaq və onu qorumaq vacibdir...”
Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən Beynəlxalq Forumda Mehriban xanım Əliyeva müharibələrin fəlakət və əzablarına düçar olmuş dünya analarının dərdinə şərik olaraq ürək ağrısı ilə söyləyib: “Mən sizin diqqətinizə bir neçə statistik məlumatı çatdırmaq istərdim. Yalnız keçən il ərzində İraqda gedən hərbi əməliyyatlar nəticəsində 25 min dinc əhali həlak olmuşdur. Fələstin-İsrail qarşıdurması neçə-neçə qadın və uşağın həyatına son qoyur. Ölkəmizdə baş vermiş Xocalı faciəsi zamanı bir gecə ərzində qadın, uşaq və qocalar daxil olmaqla 600-dən çox mülki şəxs qətlə yetirilmiş, 1200 nəfərdən artıq insan isə yaralanmışdır. Ekspertlərin rəyinə görə, zəruri tədbirlər görülməsə, XXI əsrdə müxtəlif konfliktlər nəticəsində 150 milyondan artıq qadın və uşağın həlak olacağı gözlənilir. Bu, quru statistik rəqəmlərdir və zənnimcə, ən dəhşətlisi odur ki, biz artıq bu faktları dinləməyə, eşitməyə, görməyə alışmışıq. Biz bunları haradasa, kiminsə başına gələn hadisə kimi qəbul edirik. İndi isə konkret bir misal çəkmək istərdim.
Təsəvvür edin ki, hansısa bir qadın öz uşağını qucaqlayıb öpərək onu dostları ilə oynamaq üçün həyətə yola salır. Beş dəqiqə sonra onun mina ilə parçalanmış cansız bədəni üzərində göz yaşlarını axıdır. İnanmıram ki, yer üzündə bu faciəyə laqeyd qalan bir insan tapılar...”
Həmin tədbirdə Azərbaycan xalqının və dövlətinin bütün millətlərin dini etiqadlarına hörmət və ehtiramla yanaşdığını qeyd edən və bu barədə mühüm açıqlamalar verən ölkəmizin birinci xanımı bildirib ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaşatmışdır: “Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsə və sinaqoq, pravoslov məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Bu il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin bərpası ilə yanaşı, yenilərini də tikirik.
Kiçik bir faktı sizin diqqətinizə yetirmək istərdim. Bakıda məşhur pravoslav kafedral kilsəsi bir zamanlar Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin ianələri hesabına inşa edilmişdir. Bir neçə il bundan öncə isə həmin kilsə başqa bir azərbaycanlı iş adamının vəsaiti hesabına bərpa olunmuşdur. Bakını Roma Papası II İoann Pavel, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi də ziyarət ediblər. Burada İslam Konfransı Təşkilatına üzv olan ölkələrin bir çox müxtəlif tədbirləri keçirilir. Bu, bir daha sadə bir həqiqəti təsdiq edir”.
YUNESKO-nun 60 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmək üçün növbəti dəfə Parisə gedən Mehriban xanım Əliyeva budəfəki çıxışında da əhəmiyyətli məsələlərdən bəhs edib. Ölkəmizin birinci xanımı deyib ki, Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın tarixi müstəqilliyimiz dövründən başlayır. Ötən illər ərzində təhsil, elm və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirilib. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya irsi siyahısındadır. Məsələn, YUNESKO tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə qeyri-maddi mədəni irs siyahısına salınıb.
Cənab Koişiro Matsuura 2005-ci ildə Azərbaycana etdiyi səfəri zamanı YUNESKO-nun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib. Həmin vaxt biz, eyni zamanda, “YUNESKO-Azərbaycan: gələcəyə körpü” adlı beynəlxalq konfrans keçirdik, təhsil məsələlərini müzakirə etdik. İndi isə Azərbaycanı regionda ən yaxşı təhsil sistemi nümunəsinə çevirmək arzusundayıq...
Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın gərgin və məhsuldar əməyi sayəsində Azərbaycanın Qobustan dövlət tarixi-bədii qoruğu da YUNESKO-nun Dünya Mədəni İrs siyahısına salınıb. Həmin məsələyə toxunan Mehriban xanım Əliyeva qeyd edib ki, bu qərar YUNESKO-nun Ümumdünya İrs Komissiyasının Yeni Zellandiyada keçirilən 31-ci sessiyasında qəbul olunub və hesab edirəm ki, bu da bizim çox böyük qələbəmizdir. Çünki bu, o deməkdir ki, Qobustan təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün çox əhəmiyyətli, çox dəyərli tarixi və mədəni abidədir. Çox namizədlər arasında məhz bizim tarixi abidəmiz seçilib...
Mehriban xanım Əliyevanın səmərəli və məhsuldar əməyinin bariz nümunəsidir ki, bu gün YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri yaranıb və bu əlaqələr getdikcə daha da inkişaf etməkdədir. Bu sırada Azərbaycan və dünya elminin tərəqqisində mühüm rol oynayan şəxsiyyətlərin, alimlərin, mütərəqqi mədəniyyət xadimlərinin yubiley günlərinə həssaslıqla yanaşan və bu mərasimləri beynəlxalq aləmdə tarixləşdirən YUNESKO-nun iki tədbirini misal göstərmək istəyirəm.
Parisdə, YUNESKO-nun iqamətgahında görkəmli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Mərasimə dəvət olunan Mehriban xanım Əliyeva çıxışında bildirib ki, Yusif Məmmədəliyev çox sülhsevər insan idi. Lakin onun yaratdığı maddələr inanılmaz gücə malik idi. O, çox təmkinli adam idi. Lakin onun ixtiraları maşınların, təyyarələrin sürətinin artmasına imkan vermişdir. O, olduqca açıqqəlbli bir insan idi. Lakin kifayət qədər bağlı cəmiyyətdə yaşayıb-yaradırdı.
Bu gün Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-da keçirilməsinin çox böyük rəmzi mənası var. Bu insan bütün ömrünü elmə, təhsilə və mədəniyyətə həsr etmişdir. YUNESKO, əslində, bu gün öz sadiq əsgərlərindən birinin yubileyini qeyd edir. Məhz bu mənada mən deyərdim ki, Yusif Məmmədəliyev xoşbəxt insan idi...
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün Parisə gedən Mehriban xanım Əliyevanın dediklərindən: “Mir Cəlal öz kitablarında həyatı təsvir və tədqiq edərdi. O, hər zaman həyatın mənasını tədqiq etməyə çalışardı. Altı romandan başqa, o, Azərbaycanın XX əsr ədəbiyyatının parlaq nümunələri sayılan 300-ə yaxın hekayə yazmışdır...
Füzulişünaslıq adlanan elmi sahə ilk dəfə Mir Cəlalın elmi işlərində əksini tapmışdır. Keşməkeşli 1930-40-cı illərdə, kommunist ideologiyasının möhkəmləndirilməsinə yönəlmiş tədqiqatların dəbdə olduğu bir vaxtda, Mir Cəlal çox sevilən həmin romantik şairin əsərlərini araşdırırdı”...
Həmin tədbirdə çıxışı zamanı Mehriban xanım Əliyeva, eyni zamanda aşağıdakı sözləri əlavə edib: “Onu da qeyd etmək istəyirəm ki, təqribən yarım əsr bundan əvvəl, 1960-cı ildə Mir Cəlal Azərbaycanın intellektual dairələrindən ibarət ilk nümayəndə heyəti tərkibində Fransaya səfər etmiş və təəssüratlarını “Fransaya aparan yollarda” adlı yazısında təsvir etmişdir. O, Parisin tarixi və memarlıq abidələri, Fransanın böyük mədəni irsi barədə yazmışdır. Mir Cəlal YUNESKO-nun yenicə tikilmiş binasını xüsusi qeyd etmişdir. Binanı şəhərə yeni üslub gətirən bir abidə kimi qələmə almışdır. Məhz bu gün biz elə həmin binada onun yubileyini qeyd edirik...”
Bəli, Mehriban xanım Əliyevanın “Fransaya aparan yollar” bax beləcə, Paşayevlər ocağından başlamışdı. Babası Mir Cəlal Paşayevin ailədə sanki bu yolda yaratdığı ənənə indi Mehriban xanım Əliyevanın “Fransaya aparan yollar”ına müqəddəs bir nur çiləməkdə, baba xeyir-duası verməkdə davam edir. İnanırıq ki, xalqına sədaqət və ləyaqətlə xidmət edən Mehriban xanım Əliyevanın bütün yolları bu xeyir-duadan ömürlük bir səadət nuru alacaq, bir-birini əvəz edən uğurlar və mükafatlar bundan sonra da davam edəcək.
Reyhan Mirzəzadə
Yeni Azərbaycan.- 2010.- 3 mart.- № 39.- S. 3.