Nəciblik zirvəsi
Ümumdünya Səhiyyə Təşkilatının Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanı “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatına layiq görməsi bunu bir daha təsdiq edir
Dövlət müstəqilliyimizin bərqərar olması, möhkəmləndirilməsi, iqtisadi tərəqqisi, milli mədəniyyətimizin qorunub inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin yaradılması, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilən siyasət Azərbaycanın bugünkü və gələcək inkişafının alternativsiz təminatıdır.
2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondunda ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması uğurla həyata keçirilir.
Əhalinin sağlamlığının təmin olunması üçün səhiyyədəki problemləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu sahədə ilk tədbirlərdən biri kimi 2004-cü il dekabrın 4-də “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin icrasına başladı. Layihənin əsas məqsədi ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltmək, onların həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu sahədə iştirakını fəallaşdırmaqdır.
Xatırladaq ki, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 uşağın insulinlə təminatında əvvəllər böyük çətinlik mövcud idi. Lakin sözugedən layihə çərçivəsində həmin uşaqlara yarımillik insulin preparatları və şpris-qələmlər paylanılır və bu iş indi də müntəzəm davam edir. Bu yaxınlarda respublikamızda qeydiyyatda olan 2-ci qrup şəkərli diabet xəstəliyinə tutulmuş 100 pasiyentin hər birinə birillik müalicə üçün nəzərdə tutulmuş 1200 qutu diabeton preparatı verilmişdir. Dərman preparatlarının kəşfi, tədqiqi, istehsalı sahəsində dünyada ikinci ən böyük, tanınmış müəssisə olan Fransanın “Servye” şirkətində hazırlanmış preparatların diabetli xəstələrə, onların ailələrinə çatdırılması Heydər Əliyev Fondunun əvəzsiz hədiyyəsi olmuşdur.
Səhiyyə sahəsində Fondun həyata keçirdiyi digər layihə isə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir.
Fondun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları ilə bağlı müvafiq informasiya toplandıqdan sonra, 2005-ci ilin fevral ayında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzi yaradılmişdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən il Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir.
Belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu nəzərə alınaraq, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlanmışdır. Artıq bu kateqoriyadan olan 23 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmış, onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsilə uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur. Layihənin həyata keçirilməsi nəticəisndə Bakı şəhərinin Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, 1 nömrəli uşaq evi, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi, Şamaxı internat məktəbi, Nizami rayonundakı 1 nömrəli uşaq evi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi yenidən qurulmuş, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələrində isə əsaslı təmir işləri uğurla başa çatdırılmışdır. Bu müəssisələrdə sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmışdır.
Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Bu məqsədlə “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə hazırlanmışdır. Layihənin birinci mərhələsində məqsədi kor və görmə qabiliyyəti zəif olanların ehtiyaclarını müəyyənləşdirmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə milli strategiya hazırlamaq. İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəblərdə model İKT sinfinin yaradılması istiqamətində iş aparılacaqdır. Xüsusi kompyuter avadanlığının quraşdırılması, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması bu mərhələdə başlıca işdir.
Kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün kitabxana və təlim mərkəzinin yaradılması isə layihənin üçüncü mərhələsini əhatə edir. Bu müddətdə audio-kitabxana və bütün növ ədəbiyyatı audio formata çevirmək üçün səsyazma studiyasının yaradılması, bu studiyanın və nəşriyyatın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audio kitabların bərpası, internetə çıxış, İT-əsaslı təlim kursları, xidmətləri təmin edən kompyuter mərkəzinin yaradılması və təlimatçıların hazırlanması həyata keçiriləcək.
Fond tərəfindən Almaniyanın “Frezerius” şirkətinin istehsalı olan 7 hemodializ aparatı da Bakıdakı M.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasına hədiyyə edilib. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 42 xəstənin vəziyyətini yüngülləşdirəcək. Hazırda Azərbaycanda hemodializə ehtiyacı olan təxminən 600 xəstə qeydiyyatdadır ki, bunların da 450 nəfərindən çoxu pulsuz müalicə olunur.
Ötən il Bakı Baş Səhiyyə İdarəsinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir olunmuş, aktiv terapiya, masaj, müayinə avadanlığı və lazımi trenajorlarla təchiz edilmişdir. 100 çarpayılıq uşaq evində ötən il 87 uşaq müalicə olunmuşdur. Uşaq evinin həyəti abadlaşdırılmış, yaşıllıq salınmış, uşaqların əylənməsi üçün şərait yaradılmışdır. 18 nömrəli təcili yardım stansiyasının Türkan qəsəbəsindəki bölməsinin yenidən qurulması işi də Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.
Səhiyyədə əməkdaşlığa xüsusi önəm verən Fond Gürcüstanın Hematologiya və Transfuziologiya İnstitutunun müraciəti ilə bağlı ötən il bu instituta 50 flakon “Desferal” preparatı hədiyyə etmişdir. İsmayıllı rayonunun İvanovka kəndində yeni səhiyyə ocağının yaradılması istiqamətində də bir sıra işlər görülmüşdür.
Müqəddəs Qurani-Kərimin Zilzəl surəsində deyilir: “Vaxt gələr, insanlar öz işlərinin əvəzini görərlər. Zərrə qədər olsa belə yaxşılıq eləmiş kəs öz əməlinin savabını görər. Bu baxımdan Mehriban xanım Əliyevanın dağlar qədər savab sahibi olduğu gün kimi aydındır. Xoşməramlı fəaliyyət göstərən, Azərbaycan xanımına yeni nüfuz və imic gətirən Mehriban Əliyeva xalqımızın ifrixarıdır.
Çingiz Qasımov
İki sahil.- 2007.- 3 fevral.- № 20.- S. 4.